AZ

QARDAŞLIĞIN RƏNGİ – Rənglərin qardaşlığında…

Azərbaycan Milli Xalça Muzeyində “Sənət körpüsü… Azərbaycan–Türkiyə” sərgisi açılıb. Bu sərgi, iki dövlətin ortaq yaddaşının, Turan ruhunun, tarixi sədaqətin və mədəni təfəkkürün kətan üzərində dil açması idi… Qələmə and olsun! – belə bir deyim var; sərginin açılış günü bu andın yanında “Fırçaya and olsun!” yəmininin də doğduğunu deyə bilərik.

 

Əslində, sənətin də geopolitikası var.

Bəzən dövlətlərin imzalaya bilmədiyi mənəvi anlaşmaları rəssamlar çəkir.

Bəzən diplomatiyanın nələrisə ertələdiyi günlər rənglər danışır.

Və Azərbaycan Milli Xalça Muzeyindəki sərgidə danışan – təkcə qrafit, karandaş, rəng olmadı;

danışan tarixin özüydü… yaddaşıydı danışan… danışan “Bir millət, iki dövlət” fəlsəfəsinin sənət dilinə çevrilmiş halı idi…

 

Eldəniz Babayevin “Sənət körpüsü”, əslində, çağdaş türk mədəniyyət atlasının vizual manifesti, yeni rənglə çağırışı kimi gəldi mənə. Burada Atatürk, Heydər Əliyev həm tarixi şəxsiyyət, həm dövlət ağlı, iradə təcəssümü idi. 

Ənvər, Nuru, Kazım Qarabəkir, Səməd bəy Mehmandarov kimi paşaların obrazı isə kətan, qalın kağız üzərindən incə-incə canlanıb, bir millətin yaddaş nöqtələri kimi yenidən dirçəlir... 

 

Bu sərgidə ən çox diqqət çəkən məqamlardan biri də,

rəssamın sanki portret çəkməkdən daha çox xarakterin tarixini çəkməsidir.

 

Atatürkün baxışlarında bir imperiyanın küllərindən doğan iradə,

Heydər Əliyevin düşüncəli çöhrəsində dövlət quruculuğunun təmkinli fəlsəfəsi,

Əhməd Cavadın üzündə istiqlal nisgili,

Yunus Əmrədə isə türk ruhi gücünün mənəvi sonsuzluğu görünür… 

 

“Sənət körpüsü” adı, əlbəttə, təsadüfi sayıla bilməz; burada körpü coğrafiyalar arasından daha üstün –

ruhlar arasındadır...

 

Bakı ilə Ankara arasında,

Qarabağla Sakarya arasında,

Yunus Əmrə ilə Hüseyn Cavid arasında,

Aşıq Veysəllə Xəlil Rza arasında görünməz bir estetik yol uzanır, uzanır, uzanır… “Uzun, incə bir yol”dayıq zatən; zatən bizimçün yollar yolu “Ortaq türk keçmişindən ortaq türk gələcəyinə” gedən ulu Yoldur.

 

Bu sərgidə Türk dünyası “siyasi xəritə” olmaqdan çıxaraq, “mədəni taleyüklülük” kimi görünür. Bax, bu, çox önəmlidir.

Çünki XXI yüzildə millətləri sınırlardan daha irəli – ortaq yaddaş qoruyacaq.

Ortaq yaddaşı isə ən çox sənət yaşadır, sənət!..

 

Eldəniz Babayevin əsərlərində diqqət çəkən başqa bir özəllik də milli romantizmlə realist dəqiqliyin harmoniyasıdır.

Onun qrafik işlərində kölgə yalnız texniki element kimi görünmür – belə deyək, psixoloji qata çevrilir.

Bəs işıq? Hə, bax, işıq isə fiziki parametrləri ötən mənəvi işarədir. – Rəssamın adı Eldəniz, soyadı Baba, ürəyi Türk dünyalı olunca belə olacaqdı təbii.

 

Budur, “Atatürk İş Bankçıları salamlayır – 1927”! – Əsərdəki salamlaşma səhnəsi, bütövlükdə çağdaş türk tarixinin metaforuna çevrilmirmi? – Dəniz var, gəmi var,

hərəkət var, irəliləyiş var… ən əsası – gələcəyə inam var!

 

Sərginin 19 May – Atatürkü Anma, Gənclik və İdman Bayramı günündə açılması da xüsusi simvolik anlam daşıyırdı. Çünki bu sərgi gəncliyə belə bir ismarıc verir: millətlər yalnız iqtisadiyyatla böyümür, millətlər yaddaşla böyüyür. Yaddaşını itirən toplumun gələcəyi də kövrəkləşər.

 

Sərgiyə ev yiyəliyini məhz Azərbaycan Milli Xalça Muzeyinin etməsi də ayrıca kulturoloji anlam daşıyır. Xalça özü də bir yaddaşdır. Əməkdar rəssam, sənətşünas-alim Məmmədhüseyn Hüseynovun ünlü kitabının adı ilə desək, türkün sənət yaddaşında hər XƏTTİN ŞİFRƏSİ var!

İlmə-ilmə toxunan tarixdir xalça.

Və Eldəniz Babayevin tabloları ilə Azərbaycan xalça estetikası arasında görünməz bir ruh yaxınlığı hiss olunur.

 

İştirakçısı olduğum açılış bir daha göstərdi ki, Türk dünyasının inteqrasiyası yalnız siyasi platformalarda baş vermir.

Bu inteqrasiya bəzən bir rəssamın yaradıcılıq odasında (emalatxanasında) başlayır…

bir şairin misrasında davam edir…

bir saz havasında yaşayır…

və bir sərgidə xalqın ruhuna çevrilir…

 

“Sənət körpüsü” sərgisi… duyulan sərgidir.

Bu sərgidən çıxarkən ağlımda bir fikir qaldı – Türk dünyasının ən böyük sərvəti ortaq ruhdur!

 

TURANA QILINCDAN DAHA KƏSKİN, ULU QÜVVƏT,

YALNIZ MƏDƏNİYYƏT, MƏDƏNİYYƏT, MƏDƏNİYYƏT! (H.Cavid)

 

Ortaq türk bayrağımız və yaradıcılıq bayrağımız daim uca olsun!

 

Əkbər QOŞALI

 



Seçilən
45
2
herbiand.az

3Mənbələr