Anar Kərimov qeyd edib ki, son 20 il ərzində Azərbaycan sosial inklüzivlik və maliyyə sistemini birləşdirən mənzil maliyyələşdirmə mexanizmi formalaşdırıb. İpoteka Fondu bu sistemin əsas institusional dayağına çevrilib. Fond 58 mindən artıq mənzil kreditini maliyyələşdirib və bu, 58 min ailənin bu sistemdən faydalanması deməkdir. Eyni zamanda 9 min kirayədən mülkiyyətə keçid müqaviləsi həyata keçirilib ki, bu da ailələrə əvvəl kirayədə yaşayıb sonradan ev sahibi olmaq imkanı verir.
“Digər mühüm dəyişiklik rəqəmsallaşmadır. Çünki maliyyələşmə ilə yanaşı idarəetmə də böyük əhəmiyyət daşıyır. Azərbaycanda mənzil maliyyələşməsi prosesi tam rəqəmsallaşdırılıb və müraciətlər, yoxlamalar, təsdiqlər dövlət elektron sistemi vasitəsilə həyata keçirilir. Bununla yanaşı, açıq şəkildə qeyd etmək lazımdır ki, mənzilə tələbat hələ də yüksəkdir. Buna görə də islahatların davam etdirilməsi vacibdir”, - deyə Anar Kərimov bildirib.
Aynur Abdınova / Metbuat.az