AZ

KİV: Rusiya tükənmiş uran raketlərindən istifadə edir

Ukraynanın Çerniqov vilayətində dron hücumundan sonra aşkar edilən R-60 tipli Rusiya raketinin qalıqlarında yüksək radiasiya fonu qeydə alınıb...

Poliqon xəbər verir ki, bu barədə hərbi şərhçi Vadim Kuşnikov Suspilne Studio efirində məlumat verib.

Ekspertin sözlərinə görə, zənginləşdirilmiş uranın döyüş elementlərində istifadəsi sovet hərbi sənayesində hələ keçmişdən tətbiq olunan praktikadır.

O qeyd edib ki, SSRİ 1969-cu ildə Çinlə baş vermiş münaqişədən sonra volfram tədarükündə çətinlik yaşayıb və alternativ material kimi digər ağır metallardan, o cümlədən uran əsaslı materiallardan istifadə etməyə başlayıb.

Kuşnikov bildirib ki, R-60 tipli raketlər artıq köhnəlmiş hesab olunur, lakin oxşar texnologiyalar daha yeni R-73 kimi raketlərdə də istifadə edilir.

Onun sözlərinə görə, Rusiya bu cür texnologiyaları müxtəlif silah sistemlərində hələ də tətbiq edir.

Ekspert vurğulayıb ki, ən böyük təhlükə raketlərin partlayışdan sonra qalıqlarının ətraf mühitə yayılması zamanı yaranır.

"Bu elementlər torpağa düşdükdə və ya insanlar tərəfindən tapılıb götürüldükdə ciddi sağlamlıq və ekoloji risk yaradır", deyə Kuşnikov bildirib.

Məlumata görə, belə qalıqların düzgün idarə olunmaması həm insanlar, həm də təbiət üçün təhlükəli nəticələr doğura bilər.

Poliqon.info

Seçilən
31
poliqon.info

1Mənbələr