AZ

Mai Abdel Hamid:10-12 il ərzində Misirdə 800 mindən çox ailəyə mənzil təmin edə bilmişik

BAKI, 21 may. TELEQRAF

Son 10–12 il ərzində Misirdə 800 mindən çox ailəyə mənzil təmin edə bilmişik. Mən subsidiyalar üçün Dünya Bankından əlavə maliyyə cəlb etdim. Ümumilikdə Dünya Bankından subsidiya üçün 1,2 milyard dollar maliyyə əldə etdik.

Teleqraf xəbər verir ki, bu barədə Misirin Sosial Mənzil və İpoteka Maliyyələşdirmə Fondunun Baş İcraçı Direktor Mai Abdel Hamid WUF13 çərçivəsində keçirilən “Mənzil Maliyyələşdirməsi üçün Yeni Razılaşma” adlı tədbirdə çıxışında deyib.

“Bu subsidiya sistemi elə quruldu ki, vəsait həqiqətən ehtiyacı olanlara çatsın. Müxtəlif gəlir qrupları üçün fərqli subsidiya məbləğləri müəyyən edildi. Hər il gəlir limitləri təyin olunur. Öz evi olan şəxslərin bu proqramdan yararlanmasına icazə verilmir. Biz eyni zamanda bütün zəruri xidmətlərlə təmin olunmuş yeni şəhərlər yaratmalı olduq – böyük şəhərlərlə əlaqə və nəqliyyat bağlantıları quruldu, bunun üçün ciddi investisiyalar tələb olundu. Amma subsidiya vəsaiti bizə özəl banklardan daha çox maliyyə cəlb etməyə imkan verdi.

Biz sıfır ipoteka bazarından başladıq və bu gün yalnız aşağı gəlirli benefisiarlara verilmiş ipoteka kreditlərinin həcmi 2,5 milyard dollardan çoxdur. Bundan əlavə, bu sistem digər gəlir qruplarına da yayıldı, çünki biz bütöv bir mənzil maliyyələşdirmə sistemi yaratdıq. Başlanğıcda yalnız üç dövlət bankı subsidiyalı hökumət proqramlarına müraciət edən benefisiarları maliyyələşdirməyə məcbur edilmişdi. Lakin sistemi düzgün qurduqdan və kredit verənlər üçün uyğun stimullar yaratdıqdan sonra, indi artıq 32-dən çox kreditorumuz var. Bu da bank sektorunun 60 faizindən çoxunu əhatə edir, o cümlədən xarici banklar, regional banklar və digərləri.

Bunun səbəbi odur ki, biz bazar şərtlərinə uyğun bir məhsul formalaşdıra bildik. Hər ay kreditorlara faiz subsidiyası ödəyirik. Benefisiarlara isə ilkin ödənişdən çıxılan nağd subsidiya veririk. Beləliklə, mənzil əslində yaxşı şəkildə subsidiyalaşdırılmış olur. Bu da benefisiarların ödəniş intizamını yaxşılaşdırır. Nəticədə problemli kreditlərin nisbəti də bu günə qədər yaxşı səviyyədə qalır”.

Seçilən
32
50
teleqraf.com

10Mənbələr