AZ

Kastro ailəsinin sonu: Kubalılar ABŞ-ın hakimiyyəti devrəcəyinə ümid edir

ABŞ-ın Kubanın sabiq prezidenti Raul Kastronu qətldə ittiham etməsi adada ciddi rezonans doğurub...

Poliqon The New York Times-a istinadən xəbər verir ki, bəzi kubalılar bunu ölkədəki hakimiyyət sisteminin sona çatmasının başlanğıcı kimi qiymətləndirirlər.

ABŞ Raul Kastronu nədə ittiham edir?

Vaşinqton Raul Kastronu 1996-cı ildə iki təyyarənin vurulması ilə bağlı qətl və sui-qəsd ittihamları ilə üzləşdirib. Həmin hadisə nəticəsində dörd nəfər, o cümlədən üç ABŞ vətəndaşı həlak olmuşdu.

Nəşrin məlumatına görə, xəbərin yayılması Kubada elektrik kəsintiləri və zəif rabitə səbəbindən ləng baş verib. Buna baxmayaraq, xəbəri eşidən kubalılar hadisəyə fərqli yanaşıblar.

"Bu artıq dəyişməlidir"

24 yaşlı Havana sakini Yoandi Benites Ramirez bildirib ki, ölkədə mövcud vəziyyət davam edə bilməz: "Bu artıq dəyişməlidir".

Kubada uzun müddətdir davam edən iqtisadi böhran, elektrik kəsintiləri, ərzaq çatışmazlığı və səhiyyə problemləri əhalinin narazılığını artırıb. ABŞ Prezidenti Donald Tramp administrasiyasının yanvar ayında Kubaya neft tədarükünü demək olar tam dayandırması vəziyyəti daha da ağırlaşdırıb.

Bəzi kubalılar hesab edir ki, ABŞ-ın addımları gələcəkdə daha sərt müdaxiləyə səbəb ola bilər.

27 yaşlı kuryer Yasiel Luqones deyib: "Mən hərbi müdaxilənin ideal çıxış yolu olduğunu düşünmürəm. Amma əgər bunun üçün lazım olan budursa, qoy olsun. Bu hər şey birdəfəlik bitməlidir".

O əlavə edib ki, kubalılar artıq 60 ildən çoxdur eyni hakim ailə ilə yaşayırlar: "Bütün rəhbərlik, bütün Kastro ailəsi getməlidir. Biz onları istəmirik".

Kuba hökuməti ittihamları rədd edir

Kuba Prezidenti Migel Dias-Kanel ABŞ Ədliyyə Nazirliyinin ittihamlarını "heç bir hüquqi əsası olmayan siyasi addım" adlandırıb.

Rəsmi Havana hesab edir ki, Vaşinqton bu ittihamlarla gələcək hərbi təzyiq və ya mümkün müdaxilə üçün zəmin hazırlayır.

Bəzi kubalılar isə ABŞ-ın ittihamlarını haqsız sayır. Onların fikrincə, 1996-cı ildə vurulan təyyarələr Kubanın hava məkanını dəfələrlə pozmuşdu.

Havana sakini Frank Alejandro Font bildirib: "Kuba həmin təyyarələri vurmaqla düzgün qərar vermişdi".

Bununla yanaşı, o, xarici hərbi müdaxilənin ağır nəticələr verə biləcəyini də vurğulayıb.

ABŞ müdaxiləsinə dəstək artır?

Məqalədə qeyd olunur ki, Kubada həyat şəraitinin pisləşməsi etirazların sayını artırsa da, ekspertlər bunun yaxın zamanda ümumxalq üsyanına çevriləcəyinə tam əmin deyillər.

Kubanın "El Toque" xəbər platformasının keçirdiyi sorğuya əsasən, adada yaşayan respondentlərin təxminən 56 faizi, xaricdə yaşayan kubalıların isə 70 faizə yaxını ABŞ-ın hərbi müdaxiləsini dəstəkləyib.

Mayami Universitetinin professoru Maykl Bustamante bildirib ki, bu nəticələr kubalıların ümidsizlik səviyyəsini göstərir: "İnsanlar o həddə çatıb ki, haradan gəlirsə gəlsin, istənilən köməyi qəbul etməyə hazırdırlar".

70 yaşlı təqaüdçü Raul Kardoso isə ABŞ-ın qərarını tez verməsinin vacib olduğunu deyib.

ABŞ-ın regiondakı digər planları

Daha əvvəl mediada Donald Tramp administrasiyasının Kuba ilə bağlı daha sərt addımlar hazırladığı barədə məlumatlar yayılmışdı. Bildirilirdi ki, Vaşinqton Havana hakimiyyətini iqtisadi və siyasi islahatlara məcbur etmək istəyir.

Bundan başqa, Trampın Venesuela ilə bağlı da sərt açıqlamalar verdiyi iddia olunur. ABŞ mediasına görə, o, Venesuelanın nəhəng neft ehtiyatlarına diqqət çəkərək ölkə barədə müxtəlif planlar səsləndirib.

Poliqon.info

Seçilən
65
poliqon.info

1Mənbələr