AZ

“İkinci əl” bazarında gizli təhlükə - Ekspertdən vacib xəbərdarlıq

Son günlər müşahidə olunan intensiv yağışlar bir sıra ərazilərdə subasmalara səbəb olub. Nəticədə çoxsaylı avtomobillər su altında qalıb. Mütəxəssislər bildirirlər ki, belə hallardan sonra bazarda “ikinci əl” adı ilə satışa çıxarılan problemli nəqliyyat vasitələrinin sayı artır.

Bəs su basmış avtomobili necə tanımaq mümkündür?

Məsələ ilə bağlı News365.az-a danışan avtomobil eksperti Pərviz Əliyevin sözlərinə görə, ilk növbədə avtomobilin salon hissəsi diqqətlə yoxlanılmalıdır:

“Xüsusilə ayaqaltı örtükləri və yük yerinin alt hissəsi qaldırılıb baxılmalıdır. Həmin sahələrdə paslanma, nəmişlik və ya su izi varsa, bu, avtomobilin subasmaya məruz qaldığını göstərə bilər. Belə maşınlarda sonradan çürümə və elektrik problemləri yaranma ehtimalı daha yüksək olur”.

Ekspert qeyd edib ki, hər subasma avtomobil üçün kritik nəticə yaratmır:

“Əgər nəqliyyat vasitəsi vaxtında sudan çıxarılıb tam şəkildə qurudularsa, bəzi problemlərin qarşısını almaq mümkündür. Əsas məsələ peşəkar müdaxilədir. Daha çox zərər görən hissə avtomobilin kuzov və salon bölməsi olur. Mühərrik və sürətlər qutusu isə nadir hallarda ciddi zədələnir”.

Onun sözlərinə görə, texniki nasazlıqları müəyyən etmək nisbətən asan olsa da, salonun və yük yerinin suya məruz qaldığını anlamaq bəzən çətin olur. Buna görə də ikinci əl avtomobil alarkən detallı texniki baxış vacib sayılır.

Seçilən
27
news365.az

1Mənbələr