AZ

"SpaceX" rekord IPO-ya hazırlaşır: Şirkətin dəyəri 1,5 trilyon dolları keçə bilər

Müəllif:Mehin Qasımova,Banco.az

"SpaceX" IPO prosesinə rəsmi start verib.

Banco.az xəbər verir ki, “The Wall Street Journal” qəzetinin məlumatına görə, İlon Maskın kosmik şirkəti ilkin kütləvi təklif üçün S-1 sənədini tamamlayıb və 12 iyunda birjaya çıxmağı planlaşdırır.

Məlumata əsasən, şirkət IPO vasitəsilə 80 milyard dollar və ya daha çox vəsait cəlb etməyi hədəfləyir. Proqnozlara görə, SpaceX-in bazar dəyəri 1,5 trilyon dolları ötə bilər.

IPO sənədində şirkətin maliyyə vəziyyəti, mülkiyyət strukturu və gələcək böyümə strategiyası ilə bağlı yeni detallara yer verilib. "SpaceX" ümumi müraciət edilə bilən bazarının həcmini 28,5 trilyon dollar olaraq qiymətləndirib. Şirkətə görə, bunun 370 milyard dolları kosmik həllərdən, 1,6 trilyon dolları bağlantı xidmətlərindən, 26,5 trilyon dolları isə süni intellekt sahəsindən formalaşır.

Sənəddə diqqət çəkən məqamlardan biri də İlon Maskın risk faktoru kimi göstərilməsi olub. Bildirilir ki, şirkət Maskın rəhbərliyindən ciddi şəkildə asılıdır və onun "Tesla", "Neuralink" və "The Boring Company" kimi digər layihələrə vaxt ayırması əməliyyat riskləri yarada bilər.

Analitiklər hesab edirlər ki, investorların əsas marağı yalnız raket buraxılışları deyil, həm də şirkətin "Starlink" peyk internet şəbəkəsi və süni intellekt sahəsindəki uzunmüddətli böyümə potensialıdır.

Məlumata görə, IPO uğurlu olarsa, İlon Maskın şirkətdəki payı 40 faizi keçə bilər və bu, onun sərvətini rekord səviyyəyə çatdıraraq dünya tarixində ilk trilyoner olmasına yol aça bilər.

Seçilən
32
banco.az

1Mənbələr