Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumu WUF13 çərçivəsində fəal təmsil olunan ölkələrdən biri də Özbəkistan olub. Respublikanın nümayəndə heyəti şəhərlərin dayanıqlı inkişafı və müasir urbanistika mövzularına həsr olunmuş ixtisaslaşmış sessiyalarda, beynəlxalq dialoqlarda və təqdimatlarda iştirak edir.
Özbəkistanın Urbanizasiya və Mənzil Bazarı üzrə Dayanıqlı İnkişaf Milli Komitəsinin nümayəndəsi Əziz Erkaboyev Trend-ə müsahibəsində bildirib ki, forumda iştirak özbək tərəfi üçün xüsusilə məhsuldar olub.
Onun sözlərinə görə, Özbəkistan nümayəndə heyəti təxminən 50 mütəxəssisdən ibarət olub və onların hər biri forumun müxtəlif istiqamətləri üzrə - tematik müzakirələrdən təqdimat tədbirlərinə və ekspert görüşlərinə qədər - fəaliyyət göstərib.
"Biz forumu çox məhsuldar qiymətləndiririk. Nümayəndə heyətinin hər bir üzvünün öz funksiyası var idi, onlar dialoqlarda, tədbirlərdə və sessiyalarda iştirak edirdilər. Nümayəndə heyətinin bir hissəsi artıq işini başa vuraraq Özbəkistana qayıdıb, digərləri isə forum proqramında iştiraklarını davam etdirirlər", - deyə o vurğulayıb.
Əziz Erkaboyev Bakıda keçirilən WUF13-ün təşkilat səviyyəsini də yüksək qiymətləndirərək forumun ən yüksək səviyyədə keçirildiyini bildirib.
Özbəkistan nümayəndəsi gələcək şəhər inkişafı məsələlərinə xüsusi diqqət ayırıb. Onun sözlərinə görə, ölkə tədricən xaotik və nöqtəvi tikintidən uzaqlaşaraq ərazilərin kompleks planlaşdırılması modelinə keçir.
"Bu gün Özbəkistan artıq xaotik tikinti prinsipi ilə inkişaf etmir. Biz su ehtiyatları, baş planlar və master-planlar, kommunal infrastruktur, məktəblərin, uşaq bağçalarının və yaşayış binalarının tikintisi nəzərə alınmaqla ərazilərin kompleks inkişafı üzərində işləyirik", - deyə o qeyd edib.
Forumda təqdim olunan əsas layihələrdən biri təxminən 2000 hektar ərazidə həyata keçirilən genişmiqyaslı urbanistik layihə "Yeni Daşkənd" maketi olub.
Erkaboyevin sözlərinə görə, ərazinin əhəmiyyətli hissəsi artıq tikilib. Layihəyə biznes mərkəzləri, stadionlar, muzeylər, universitetlər, parklar və müasir yaşayış məhəllələri daxildir.
Qeyd edək ki, bu gün Bakıda BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin birgə təşkilatçılığı ilə keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) beşinci günü keçirilir.
Forumun bugünkü proqramı mənzil siyasəti, şəhərlərin böhranlardan sonrakı bərpası, maliyyələşdirmə mexanizmləri, urbanizasiya, gənclərin şəhər inkişafında iştirakı, dayanıqlı turizm və vətəndaş cəmiyyətinin rolu kimi mövzulara həsr olunub.
Beşinci gün çərçivəsində "Böhranların bərpası və yenidənqurulmasının mərkəzində mənzil", "Mənzil maliyyələşdirilməsi üçün yeni razılaşma", "Akademiya", "Uşaqlar və gənclər", "Kiçik ada inkişaf etməkdə olan dövlətlərdə inklüziv şəhər dayanıqlılığı, mavi iqtisadiyyat və dayanıqlı turizm", "Afrika Əlçatan Mənzil Kompaktı - İnvestorlar üçün xüsusi sessiya", "Peşəkarlar", "Vətəndaş cəmiyyəti" və yekun sessiya üzrə dialoqlar, dəyirmi masalar və xüsusi sessiyalar keçiriləcək.
Sessiyalarda mənzilə çıxış imkanlarının genişləndirilməsi, şəhərlərin böhran və münaqişələrdən sonra bərpası, dayanıqlı maliyyə alətlərinin tətbiqi, gənclərin qərarqəbuletmə proseslərinə cəlb olunması, həmçinin iqlim dəyişikliyi şəraitində şəhərlərin dayanıqlığının artırılması məsələləri müzakirə ediləcək.
WUF13-ün dördüncü günü urbanizasiya, iqlim dəyişiklikləri, inklüziv şəhər inkişafı, mənzil siyasəti və dayanıqlı idarəetmə mövzularına həsr olunmuş geniş tədbirlər proqramı ilə yadda qalıb. Həmin gün "Qeyri-rəsmi yaşayış məntəqələrinin və gecəqonduların transformasiyası", "İqlim və mənzil əlaqəsi", "Şəhərlərdən səslər: SPECA Şəhərlər Forumu", "Azərbaycanın mənzil təcrübəsi", "Şəhərlər oyun meydanı kimi", "Mədəni irsin yenidən düşünülməsi və inklüziv şəhər regenerasiyası", "Təmiz hava", "Əlilliyi olan şəxslər", "Parlamentarilər", "Tullantıların idarə olunmasının dairəvi iqtisadiyyata uyğun inkişafı" və "Şəhər iqlim irsinin inkişafı" mövzularında sessiyalar təşkil olunub.
Dördüncü gün çərçivəsində keçirilən BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı (SPECA) Şəhərlər Forumunda mühüm hadisələrdən biri də Almatı şəhərinin "SPECA İqlimə Dayanıqlı Ağıllı Şəhərlər Forumunun yaradılması ilə bağlı Niyyət Bəyannaməsi"nə rəsmi şəkildə qoşulmasının elan edilməsi olub. Bu addım SPECA regionunda iqlimə davamlı və innovativ şəhər inkişafı sahəsində əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətli hadisə kimi qiymətləndirilib.
Forumun üçüncü günü qlobal mənzil böhranı, təhlükəsiz və inklüziv şəhərlərin formalaşdırılması, iqlim dayanıqlılığı, süni intellekt və şəhər idarəçiliyi, "yaşıl" urbanizasiya, sosial bərabərlik və dayanıqlı nəqliyyat mövzularında müzakirələrlə yadda qalıb. Həmin gün Azərbaycanın Şuşa şəhəri ilə Türkiyənin Trabzon şəhəri arasında qardaşlaşma haqqında memorandum imzalanıb. Sənədi Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov və Trabzon Böyükşəhər Bələdiyyəsinin sədri Ahmet Metin Genç imzalayıblar.
Forumun ilk iki günündə isə Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər toplantısı, Liderlər Sammiti, qadınlar və vətəndaş cəmiyyəti assambleyaları, biznes sessiyaları, şəhər rifahı və qlobal mənzil böhranı ilə bağlı yüksək səviyyəli müzakirələr keçirilib. Eyni zamanda, WUF13 çərçivəsində Mexiko şəhərinin pavilyonunun açılışı baş tutub və bu platforma Latın Amerikası regionu ilə əməkdaşlığın genişləndirilməsi və növbəti forumlara hazırlıq baxımından mühüm addım kimi dəyərləndirilib.
182 ölkədən 40 mindən artıq iştirakçının qeydiyyatdan keçdiyi WUF13 mayın 22-dək davam edəcək. "Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri" mövzusuna həsr olunmuş forum hökumətləri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirərək dayanıqlı şəhər inkişafı sahəsində qlobal əməkdaşlığın gücləndirilməsinə xidmət edir.