ain.az bildirir, Milli.az saytına əsaslanaraq.
Gecə saat ikidir, səhər isə erkəndən işə getməlisiniz... Amma beyninizdəki qarışıq suallar və problemlər ucbatından gözünüzə yuxu getmir. Eyni hadisələr gözünüzün önündə xarab olmuş lent kimi təkrar-təkrar fırlanır. Zamanı geriyə çəkib "görəsən fərqli davransaydım nə olardı" deyə düşünmək zehninizə həddindən artıq stress yükləyir.
Milli.Az xəbər verir ki, keçmiş problemlərlə üzləşmək və onlardan dərs çıxarmaq faydalı olsa da, keçmişə ilişib qalmaq bu gününüzü və gələcəyinizi oğurlayır. Bəs, fərqinə varmadan düşdüyünüz bu döngüdən necə çıxmaq olar? Bunun üçün nəzarəti əzə almağın bəzi strateji yolları var.
Çəhrayı eynəkləri çıxarın
Bitən bir münasibətin və ya köhnə işinizin ardınca yalnız yaxşı xatirələri düşünmək reallıqdan uzaqdır. Zehniniz özünü qorumaq üçün keçmişi xəyalınızda bəzəyir və əslində var olmayan bir illyuziya (fantaziya) yaradır.
Döngünü qırmaq üçün nostalgiya duyğusuna qapıldığınız anlarda, həmin günlərdə yaşadığınız çətinlikləri və mənfi tərəfləri də özünüzə xatırladın. Hətta köhnə sevgilinizin və ya işinizin pis xüsusiyyətlərini bir kağıza yazaraq bu fikirləri beyninizdə sabitləyə bilərsiniz.
Qurban rolundan çıxın
Keçmişdə haqsızlığa uğradığınızı düşünmək sizi incidir və hər dəfə o anlara qayıdanda verməli olduğunuz cavabları xəyalən verirsiniz. Lakin bu, özünüzü hələ də gücsüz hiss etdiyinizi göstərir və sizi "qurban" roluna salır.
Həll yolu sadə bir baxış bucağı dəyişikliyidir: başınıza gələnləri qəbul edin. Keçmişdə nə qədər haqsızlıq görmüş olsanız da, bu gün həmin günkü zəif insan olmadığınızı və artıq daha güclü olduğunuzu özünüzə xatırladın.
Özünüzü bağışlamağı öyrənin
Bəzən sizi narahat edən xatirə qarşı tərəfin deyil, məhz sizin etdiyiniz bir səhv olur. Kiməsə qarşı səhv etdiyiniz üçün özünüzü pis hiss etməyiniz normaldır, amma bu mənəvi cəzanı ömür boyu çəkmək məcburiyyətində deyilsiniz. Həyatda hər kəsin səhv edə biləcəyini qəbul edin.
İtiraf edə bilmədiyiniz peşmanlıqlarınızı etibarlı bir dosta danışın və ya bir gündəliyə yazın. Sözlərin zehninizdən çıxaraq kağıza köçməsi üzərinizdəki emosional təzyiqi inanılmaz dərəcədə yüngülləşdirəcək.
Çıxardığınız dərslərə köklənin
Keçmişdəki hər bir problem öz daxilində mühüm bir dərs barındırır. Diqqətinizi problemin özünə yox, ondan aldığınız dərslərə yönəltsəniz, baxış bucağınız tamamilə dəyişəcək.
Başınıza gələn xoşagəlməz hadisədən sonra "Niyə məhz mən?" demək əvəzinə, "Bu vəziyyət mənə nə öyrətdi?" deyə soruşun. Bu sual dağıdıcı bir xatirəni sizə güc verən bir təcrübəyə çevirəcək.
Yeni bir səhifə açmağa hazırlaşın
Keçmiş düşüncələrdən xilas olmağın ən asan yolu gələcəyə fokuslanmaqdır. Çünki diqqətinizi gələcək planlarınıza yönəltdiyiniz zaman zehninizdə keçmişi düşünmək üçün yer və vaxt qalmayacaq.
Artıq üzərində heç bir təsiriniz olmayan keçmiş anları buraxın və idarə edə biləcəyiniz gələcəyə baxın. Enerjinizi gecələr köhnə xatirələri vərəqləməyə sərf etməkdənsə, səhər erkən durub yoqa etməyə və ya idmana yönəldərək bədəninizə və ruhunuza sərmayə qoyun.Lalə Qüdrətova
Milli.Az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.