AZ

Türk dünyasının rəqəmsal gələcəyi

Bu, TDT-nin Türküstan Zirvə görüşündə aydın görünən hədəf idi

Türk xalqlarını ortaq mədəniyyət, adət-ənənələr, milli-mənəvi  və dini dəyərlər, tarixi köklər, etnik əlaqələr birləşdirir və bu amillər dövlətlərin qarşılıqlı səmərəli fəaliyyəti üçün əsas təməldir. Minillərin dərinliyindən boylanan ortaq yaddaş, dillərimizdə səslənən eyni kəlmələr, oxşar ruhun tarixdə qoyduğu izlər bu gün Türk Dövlətləri Təşkilatının  (TDT) tarixinə yeni səhifələr yazır.

TDT bir kökdən boy verən çinar kimi beynəlxalq arenada  eyni  mövqe sərgiləyərək, türk dünyasının qəti və kəskin söz deməsinə zəmin yaradır. Təşkilatın beynəlxalq nüfuzu  gündən-günə artır, qlobal proseslərdə rolu və mövqeyi güclənir. Hazırda TDT-yə üzv ölkələr arasındakı çoxşaxəli əməkdaşlıq ticarət dövriyyəsinin artırılması, investisiya axınlarının asanlaşdırılması və regional bazarların birləşdirilməsi üçün yeni imkanlar sərgiləyir. 

Bu baxımdan, bir neçə gün əvvəl Qazaxıstanın Türküstan şəhərində keçirilən TDT dövlət başçılarının rəsmiyyətdənkənar Zirvə görüşü mühüm əhəmiyyət kəsb edirdi. Zirvə görüşünün türk dünyasının mənəvi paytaxtı Türküstanda keçirilməsi bu xalqların ortaq tarixi irsi ilə dinamik və rəqəmsal gələcəyi arasında körpü rolunu oynayırdı. "Süni intellekt və rəqəmsal inkişaf" mövzusuna həsr olunan  Zirvə türk dövlətləri arasında strateji dialoqun inkişafına, yeni texnologiyaların iqtisadi artım və dövlət xidmətlərinə töhfəsinin artırılmasına, eləcə də regional əlaqələrin gücləndirilməsinə xidməti ilə yadda qaldı. 

Qeyd edək ki, TDT çərçivəsində son illər süni intellekt, rəqəmsallaşma və texnoloji inteqrasiya istiqamətində mühüm və ardıcıl addımlar atılır. Xüsusilə 2024-2026-cı illəri əhatə edən dövrdə bu proses daha çox  intensivləşərək strateji prioritetə çevrilib. 2024-cü ildə Bişkekdə ilk dəfə "Türk Dövlətlərinin Süni İntellekt Sammiti"nin keçirilməsi bu istiqamətdə atılan ən mühüm təşəbbüslərdən biri kimi qiymətləndirilir. Sammit çərçivəsində süni intellekt strategiyalarının formalaşdırılması, ortaq rəqəmsal platformaların yaradılması, dövlət idarəçiliyində süni intellekt texnologiyalarının tətbiqi, eləcə də kibertəhlükəsizlik və rəqəmsal iqtisadiyyat məsələləri geniş müzakirə olunub. Bu kimi təşəbbüslər türk dövlətləri arasında texnoloji əməkdaşlığın yeni mərhələyə keçdiyini nümayiş etdirir. 

Prezident İlham Əliyev TDT dövlət başçılarının Türküstan görüşündəkı çıxışında Azərbaycanın bu sahə üzrə strateji hədəflərinə xüsusi diqqət çəkərək bildirib ki, rəqəmsal suverenliyin möhkəmləndirilməsi və innovasiyaya əsaslanan iqtisadi modelə keçidin sürətləndirilməsi ölkənin əsas prioritetlərindəndir: "Ötən il ölkəmizdə Süni İntellekt Strategiyası qəbul edilmişdir. Strategiyanın əsas məqsədləri sırasında süni intellekt sənayesinin inkişafı, ixtisaslı kadrların hazırlanması və süni intellektin dövlət idarəçiliyində geniş tətbiqi yer alır. Ölkəmizdə sabit genişzolaqlı internetin əhatəsi 100 faizə çatdırılmışdır. Bütün dövlət xidmətlərinin vahid rəqəmsal platforma üzərindən həyata keçirilməsi istiqamətində işlər davam edir. Bununla yanaşı, süni intellektdən məsuliyyətli istifadənin təmin edilməsi, onun qanunazidd məqsədlər üçün istifadəsinin qarşısının alınması istiqamətində tədbirlər həyata keçirilir. Rəqəmsal inkişaf sahəsində türk dövlətləri ilə əməkdaşlıq uğurla davam edir. Avropa ilə Asiya arasında "Rəqəmsal İpək Yolu" layihəsi icra olunur. Bu layihənin tərkib hissəsi olan, Azərbaycan ilə Qazaxıstan arasında Trans-Xəzər Fiber-Optik Kabel xəttinin yaxın aylarda istifadəyə verilməsi planlaşdırılır". 

Bu istiqamətdə həyata keçirilən rəqəmsal transformasiya və texnoloji infrastruktur layihələri informasiya-kommunikasiya sahəsinin inkişafında, eləcə də nəqliyyat-logistika şəbəkələrinin modernləşdirilməsində gərəkli rol oynayır. Türk dövlətləri ilə nəqliyyat sahəsində əməkdaşlığımızın genişlənməsi regional inteqrasiyanın daha  çox dərinləşdiyini göstərir.  Bu çərçivədə reallaşmaqda olan TRIPP layihəsi Orta dəhlizin mühüm seqmentlərindən biri kimi çıxış edərək regionlararası bağlantıların ikişafına xidmət edəcək. Orta dəhliz boyunca gömrük prosedurlarının sadələşdirilməsi və rəqəmsallaşdırılması ticarət axınlarının daha çevik və səmərəli idarə olunmasına şərait yaradır. TDT çərçivəsində hazırlanmış "e-Permit" sistemi isə elektron icazələrin operativ şəkildə verilməsini təmin etməklə beynəlxalq yükdaşımalarında şəffaflığı və sürəti artırır. 

Bu addımlar Azərbaycanın TDT məkanında rəqəmsal transformasiya prosesinə sanballı töhfə verdiyini, ortaq texnoloji və iqtisadi gələcəyin formalaşmasında mühüm rol oynadığını bir daha ortaya qoyur. Nəqliyyat əlaqələri Azərbaycanla Mərkəzi Asiya arasında çoxşaxəli münasibətlərin uzunmüddətli inkişafının əsas prioritetlərindən biri olduğunu deməyə əsas verir.  Zəngəzur dəhlizinin (TRIPP) açılması isə inkişaf perspektivlərini, qarşılıqlı münasibətləri daha da gücləndirəcək.  Dəhliz daşımaların həcm və intensivliyini artırmaqla iqtisadi münasibətləri inkişaf etdirəcək, üstəlik, TDT üzvləri arasında birbaşa bağlantını təmin etməklə mədəni-siyasi-strateji bağlantıları daha da möhkəmləndirəcək.

Zirvə görüşündə Prezident İlham Əliyev cari reallıqların, mövcud geosiyasi vəziyyəti və TRIPP-ın  əhəmiyyətini  xeyli artırdığını vurğulayıb. Başqa sözlə desək, Orta dəhliz, eləcə də bu dəhlizin aparıcı bir komponentinə çevrilən Zəngəzur dəhlizi (TRIPP)  TDT üzvləri arasında nəqliyyat əlaqələrinin inkişafını  gücləndirəcək ki, bu da  qarşılıqlı münasibətlərin və inteqrasiyanın xeyli dərəcədə  genişlənməsinə yol açacaq.

Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"

Seçilən
60
azerbaijan-news.az

1Mənbələr