AZ

ABŞ və Çin qarşıdurmadan “idarə olunan rəqabət” mərhələsinə keçirlər

Donald Trampın Pekinə səfəri Vaşinqton və Pekinin münasibətləri daha nəzarətli çərçivəyə salmağa çalışdığını göstərib...

Poliqon xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın Çinə səfəri Vaşinqton və Pekin arasında münasibətlərdə yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Polşanın aparıcı analitik mərkəzi olan PISM-in təhlilinə görə, tərəflər böyük razılaşmalar əldə etməsələr də, qarşıdurmanı idarə olunan rəqabət modelinə keçirmək niyyətini nümayiş etdiriblər.

Məlumata əsasən, ABŞ və Çin tariflər, texnologiyalar, Tayvan məsələsi və strateji resursların tədarükü kimi əsas mövzularda danışıqları davam etdirməyə və gərginliyi azaltmağa hazır olduqlarını göstəriblər.

PISM qeyd edir ki, səfərin əsas nəticəsi Vaşinqton və Pekinin artıq açıq qarşıdurmaya can atmamasıdır. Hər iki tərəf qarşılıqlı iqtisadi asılılığın miqyasını nəzərə alaraq münasibətləri daha ehtiyatlı şəkildə idarə etməyə çalışır.

Bununla yanaşı, həm ABŞ, həm də Çin gələcək qlobal rəqabət mərhələsinə hazırlaşmaq üçün texnoloji və sənaye imkanlarını sürətlə gücləndirirlər. Bu çərçivədə iqtisadi və texnoloji məsələlərin münasibətlərdə həlledici rol oynadığı vurğulanır.

Diqqət çəkən məqamlardan biri də Trampın Çin səfərində onu Tesla, Apple, Nvidia və Visa kimi iri Amerika şirkətlərinin nümayəndələrinin müşayiət etməsi olub. Bu addım iqtisadiyyat və yüksək texnologiyaların ABŞ-Çin münasibətlərinin mərkəzində dayandığını nümayiş etdirib.

Tərəflər arasında konkret sənədlər imzalanmasa da, ticarət və investisiya məsələləri üzrə xüsusi şuraların yaradılması barədə razılıq əldə olunub. PISM hesab edir ki, bu qərar hər iki ölkənin gələcək liderlər görüşünə qədər vaxt qazanaraq mövqelərini gücləndirmək istəyindən xəbər verir.

Tayvan məsələsi isə münasibətlərdə ən həssas mövzu olaraq qalır. Çin açıq şəkildə bildirib ki, Tayvan ABŞ ilə münasibətlərdə əsas risk faktorudur.

Si Tsinpinin “Tayvan məsələsinin düzgün idarə olunmaması münaqişə və toqquşmalara səbəb ola bilər” fikri Pekinin bu məsələyə nə dərəcədə həssas yanaşdığını göstərən əsas mesajlardan biri kimi qiymətləndirilib.

Səfərin mühüm elementlərindən biri də siyasi simvolizm olub. Si Cinpin hazırkı dövrü “konstruktiv strateji sabitlik” mərhələsi kimi təqdim edib və eyni zamanda Çinin özünü “yüksələn güc”, ABŞ-ni isə təsiri tədricən zəifləyən dövlət kimi gördüyünə eyham vurub.

PISM-in təhlilində Avropa üçün nəticələrin də strateji əhəmiyyət daşıdığı vurğulanır. Analitiklər hesab edirlər ki, ABŞ-Çin münasibətlərində gərginliyin azalması Pekinin Avropa İttifaqına münasibətinin yumşalmasına səbəb olmayacaq.

Əksinə, Çin ixracının bir hissəsini Avropa bazarına yönəltməyə davam edəcək və bu, Avropa sənayesi üzərində təzyiqi artıra bilər. Bu vəziyyətin Avropa İttifaqını ticarət müdafiə tədbirlərini sərtləşdirməyə, həmçinin kritik xammal və texnologiyalar sahəsində ABŞ ilə əməkdaşlığı genişləndirməyə sövq edəcəyi bildirilir.

Ekspertlərin fikrincə, Trampın Çin səfərindən sonra əsas perspektiv rəqabətin sona çatması deyil, qlobal liderlik uğrunda mübarizənin daha praqmatik və ehtiyatlı mərhələyə keçməsidir.

Vaşinqton və Pekin birbaşa qarşıdurmadan yayınmağa çalışsalar da, hər iki tərəf yaxın illərdə dünya siyasətini müəyyənləşdirəcək uzunmüddətli strateji rəqabətə hazırlaşır.

Poliqon.info

Seçilən
61
poliqon.info

1Mənbələr