AZ

Meyvə bazarında təhlükə siqnalı: Qıtlıq ola bilərmi?

Bazarlar artıq qışı yola salıb, yazın son nəfəsini yaşayır. Havalar isinib, yay özünü addım-addım hiss etdirməyə başlayıb. Elə bazarın abu-havası da dəyişib. İndi piştaxtalarda qışın ağır meyvələri yox, yayın müjdəçiləri düzülüb.

Qıpqırmızı çiyələk, turşməzə alça, şirəli ərik… Hələ satışa yenicə çıxarılan şaftalı ilə gilası demirik. İçəriyə girən kimi adamı həm rənglər, həm də meyvələrin ətri qarşılayır.

Ancaq bu rəngarəngliyin bir də görünməyən tərəfi var: qiymətlər. Mövsümün ilk meyvələri bazarın bəzəyinə çevrilsə də, hər alıcının cibinə uyğun gəlmir. Gilasın kilosu bəzi yerlərdə 10 manatdan başlayır, adi piştaxtalarda belə 18 manata qədər yüksəlir. Çiyələk, ərik, alça da qiymət yarışından geri qalmır.

Bəs qiymətləri artıran nədir? Təbiətin sərt üzü, yağışlı hava, məhsulun azlığı, yoxsa mövsümün hələ tam açılmaması? Satıcılar deyir ki, bu il havaların qeyri-sabit keçməsi bağlara ciddi təsir edib. Kimisi məhsulun az olduğunu deyir, kimisi isə ümidlə danışır: “Yay girdikcə məhsul artacaq, qiymətlər də düşəcək...” deyə bildirir.

Bazarın əsl səsini alıcılar verir. Kimisi sadəcə dadına baxmaq üçün yarım kilo meyvə aldığını deyir, kimisi uşağın könlünü almaq üçün qiymətə baxmadan cibinə uyğun seçim etməyə çalışır. Söhbətləşdiyimiz insanların fikirləri fərqli olsa da, ortaq qənaət dəyişmir: Mövsümün meyvələri süfrəyə gəlsə də, hələ doyunca yemək hər ailənin imkanı daxilində deyil.

Hələlik qiymətlər çoxlarını piştaxtaya uzaqdan baxmağa məcbur etsə də, hər kəs ümidlidir. Həm alıcı, həm də satıcı inanır ki, yayın dadı təkcə piştaxtalarda yox, süfrələrdə də bol-bol hiss olunacaq.

 

Şahanə Rəhimli
Musavat.com

Seçilən
3
8
musavat.com

10Mənbələr