Müəllif: Gülnar Əhmədli, Banco.az
"Hazırda Azərbaycanda avtomobil bazarında çox maraqlı və bir qədər də qeyri-stabil dövr yaşanır. Bir tərəfdən bazarda seçim sayı artıb, xüsusilə Çin istehsalı olan yeni modellər sürətlə yayılıb, digər tərəfdən isə qiymətlər əvvəlki illərlə müqayisədə hələ də yüksək səviyyədə qalır".
Bunu Banco.az-a açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Adil Nəbiyev Azərbaycanın avtomobil bazarındakı vəziyyəti şərh edərkən bildirib.
Ekspertin sözlərinə görə, ən əsas səbəblər idxal xərclərinin artması, gömrük və vergi dəyişiklikləri, dollar bazarındakı təsirlər və avtomobilə olan yüksək tələbatdır:
"Son statistikalar göstərir ki, Azərbaycana avtomobil idxalı son illərdə rekord səviyyəyə çatıb. 2025-ci ildə ölkəyə 113 mindən çox minik avtomobili gətirilib və bu, əvvəlki illərlə müqayisədə ciddi artım hesab olunur. Bu artımın əsas hissəsini hibrid və elektrik avtomobilləri təşkil edib. İnsanlar artıq yanacaq sərfiyyatına daha çox diqqət edir və xüsusilə şəhər içində iqtisadi avtomobillərə maraq güclənib.
Amma 2026-cı ildən sonra bazarda müəyyən soyuma hiss olunur. Bunun əsas səbəbi yeni vergi və ƏDV dəyişiklikləridir. Əvvəllər bəzi hibrid və elektrik avtomobillərinə tətbiq olunan güzəştlər bazarı canlandırırdı, indi isə həmin güzəştlərin bir hissəsinin ləğvi nəticəsində qiymətlər yüksəlməyə başlayıb. Məsələn, əvvəllər 40 min manatlıq elektromobil üçün əlavə ƏDV ödənilmirdisə, indi təxminən 7-8 min manat əlavə xərc yaranır. Bu isə avtomatik olaraq son satış qiymətinə təsir edir".

A. Nəbilyev bildirib ki, hazırda bazarda qiymətlər təxminən belə formalaşıb: "2005-2012 arası köhnə benzin avtomobilləri əsasən 8-18 min manat aralığındadır, orta seqment 2014-2018 modellər 18-35 min manat civarında dəyişir, hibrid Toyota modelləri, xüsusilə Prius və Corolla Hybrid xətti 22-45 min manat arasıdır, yeni Çin markaları — BYD, Changan, Geely, Chery və digərləri 28 min manatdan başlayıb 70-80 min manata qədər yüksəlir.
Elektrik avtomobillərində isə vəziyyət daha fərqlidir: BYD Dolphin kimi modellər 32-40 min manat civarında olsa da, Tesla və premium elektromobillər 80-150 min manat aralığında dəyişir. Bazarda ən diqqətçəkən məqam isə Çin avtomobillərinin sürətli yüksəlişidir. Bir neçə il əvvəl insanlar bu markalara ehtiyatla yanaşırdısa, indi artıq həm texnologiya, həm dizayn, həm də zəngin komplektasiya səbəbilə ciddi maraq yaranıb. Xüsusilə kreditlə satış imkanları bu maşınların bazar payını artırır. Ənənəvi Yapon markaları isə etibarlılığı qorusa da, qiymət baxımından daha əlçatmaz olmağa başlayıb".
Ekspert vurğulayıb ki, ikinci əl bazarında isə fərqli vəziyyət müşahidə olunur: "Satıcılar hələ də qiymətləri yüksək saxlamağa çalışır, amma alıcı sayı əvvəlki qədər aktiv deyil. Bu səbəbdən bir çox elan aylarla satışda qalır. Ən tez satılan avtomobillər yenə də az yanacaq sərf edən və ehtiyat hissəsi ucuz olan modellərdir. Toyota Prius, Kia Rio, Hyundai Elantra və Corolla kimi maşınlar bazarda likvidliyini qoruyur. Digər vacib məqam isə kredit bazarıdır. Faizlərin yüksək olması insanların yeni avtomobil alma qərarını çətinləşdirir. Buna görə bir çox alıcı ya daha ucuz seqmentə keçir, ya da ikinci əl bazarına yönəlir.
Xüsusilə aylıq ödənişlərin artması orta gəlirli ailələrin seçimlərini dəyişib. Ümumilikdə isə bazarın istiqaməti belə görünür: yaxın aylarda qiymətlərin kəskin ucuzlaşması gözlənilmir. Əksinə, yeni vergi və idxal xərcləri səbəbilə bəzi seqmentlərdə əlavə bahalaşma mümkündür. Amma bazarda təklif çoxaldığı üçün əvvəlki kimi “hər maşın dərhal satılır” dövrü də zəifləyib. Yəni indi alıcı daha seçicidir və bazar tədricən satıcı bazarından alıcı bazarına keçməyə başlayır".
Bizi sosial şəbəkələrdən izləyin!!