AZ

Ermənistanda ölüm-dirim savaşı gedir - Elçin Mirzəbəyli

"Ermənistanda parlament seçkilərinə cəmi 19 gün qalmasına baxmayaraq, siyasi ritorikanın bu qədər sərtləşməsi təsadüfi deyil. Bu, əslində, Ermənistan daxilində illərdir yığılıb qalan siyasi və ideolojiböhranın açıq fazaya keçdiyini göstərir. Baş nazir Nikol Paşinyanın “revanşist qüvvələri məhv edəcəyəm” bəyanatı isə sadəcə emosional çıxış deyil, hakimiyyət uğrunda gedən ölüm-dirim savaşının açıq şəkildə dilə gətirilməsidir. 44 günlük müharibədən sonra Ermənistan cəmiyyətində iki paralel xətt formalaşıb. Birinci xətt reallığı qəbul etməyə çalışan, Azərbaycanın yaratdığı yeni geosiyasi düzənin dəyişməz olduğunu anlayan və Ermənistanın regional təcriddən çıxması üçün müəyyən kompromislərin qaçılmazlığını qəbul edən seqmentdir. Bu xəttin siyasi təmsilçisi Paşinyandır. İkinci xətt isəqondarma “itirilmiş Ermənistan”, “Qarabağ məsələsinin bağlanmadığı”, “tarixi torpaqlar” ritorikası və revanş ideologiyası üzərində qurulan köhnə siyasi-oliqarxik sistemdir. Robert Köçəryan, Samvel Karapetyan və Qaqik Sarukyan fərqli fiqurlar olsalar da, onları birləşdirən əsas məqam da məhz postmüharibə reallığını qəbul etməmək və Ermənistanı yenidən Rusiya orbitində revanşist platformaya qaytarmaqdır.
Paşinyanın Van, Muş, Qarabağ və Naxçıvanla bağlı səsləndirdiyi fikirlər də məhz bu kontekstdə xüsusi diqqət çəkir. Ermənistan rəhbəri ilk dəfədir ki, bu qədər açıq şəkildə erməni cəmiyyətinə tarixi mifologiya ilə yaşamağın sonunun çatdığını deyir".

Bu fikirləri AzNews.az-a açıqlamasında Milli Məclisin deputatı Elçin Mirzəbəyli deyib.

Qeyd edək ki, Ermənistanda parlament seçkilərinə 19 gün qalır. İyunun 7-də keçiriləcək seçkilərdə Baş nazir Nikol Paşinyan əsas rəqibləri – sabiq prezident Robert Köçəryan, rusiyalı milyarder Samvel Karapetyan və biznesmen Qaqik Sarukyan ilə gərgin siyasi mübarizə aparır. Hakimiyyət və müxalifət arasında qarşıdurma getdikcə daha sərt xarakter alır. Tərəflər bir-birini ittiham edir, siyasi ritorikada isə təhdid və kəskin bəyanatlar üstünlük təşkil edir. Ötən gün İrəvanda sakinlərlə görüş zamanı Paşinyanla bir qadın arasında yaşanan mübahisə də ölkədəki gərgin atmosferi bir daha nümayiş etdirib. Qadının ittihamlarına cavab verən Baş nazir revanşist qüvvələrə qarşı sərt mübarizə aparacağını bildirib. Paşinyan çıxışında erməni cəmiyyətini Van, Muş, Qarabağ və Naxçıvanla bağlı iddialardan imtina etməyə çağıraraq, “vətən axtarışı” mərhələsinin artıq başa çatdığını deyib. Bu açıqlama Ermənistan daxilində geniş müzakirələrə səbəb olub. Digər tərəfdən, sosial şəbəkələrdə yayılan videolardan birində maskalı şəxslərin Paşinyanı ölümlə hədələməsi ölkədə siyasi gərginliyi daha da artırıb. Ermənistan parlamentinin sədri Alen Simonyan isə “Qarabağ klanı”nı Baş nazirə qarşı sui-qəsd hazırlığında ittiham edib.

Deputat qeyd edib ki, bu, Ermənistan siyasəti üçün son dərəcə təhlükəli və riskli tezisdir.

"Çünki Ermənistan dövlətçiliyi onilliklər boyu məhz mifləşdirilmiş “böyük Ermənistan” narrativi üzərində qurulub. Paşinyan isə indi həmin ideoloji dayaqları dağıtmağa çalışır. O anlayır ki, Ermənistan ya regional əməkdaşlıq modelinə keçəcək, ya da sonsuz geosiyasi manipulyasiya obyektinə çevriləcək. Məhz buna görə də seçkiqabağı ritorika adi siyasi rəqabət çərçivəsini çoxdan aşıb. Burada artıq məsələ parlament mandatları deyil. Söhbət Ermənistanın gələcək siyasi kimliyindən gedir. Paşinyan üçün bu seçkilər hakimiyyətdə qalmaqdan daha çox, öz siyasi xəttini legitimləşdirmək cəhdidir. Müxalifət üçün isə bu, postmüharibə məğlubiyyətinin revanşını almaq və Ermənistanı yenidən keçmiş idarəetmə modelinə qaytarmaq fürsətidir. Maskalı şəxslərin Paşinyanı ölümlə hədələməsi və Alen Simonyanın “Qarabağ klanı”nı sui-qəsd hazırlığında ittiham etməsi də təsadüfi sayıla bilməz. Ermənistan siyasətində zorakılıq elementi yeni deyil. 1999-cu il parlament terroru, siyasi qətllər, küçə qarşıdurmaları və kriminal-siyasi əlaqələr Ermənistan dövlət sisteminin dərin deformasiya yaşadığını uzun illər əvvəl də göstərmişdi. İndi isə həmin ənənə yenidən aktivləşir. Çünki revanşist düşərgə anlayır ki, Paşinyan cəmiyyətə “Qarabağ məsələsi bitib” mesajını qəbul etdirə bilsə, onların bütün siyasi- ideoloji bazası həmişəlik çökəcək. Burada diqqət çəkən digər mühüm məqam Rusiyanın rolu ilə bağlıdır. Köçəryan və Karapetyan kimi fiqurların aktivləşməsi Kremlin Ermənistanda itirdiyi təsiri bərpa etmək cəhdi kimi də qiymətləndirilə bilər. Xüsusilə də Samvel Karapetyanın ortaya çıxması iqtisadi-siyasi resursların seçkiyə yönləndirildiyini göstərir. Moskva Paşinyana tam etibar etmir. Çünki Paşinyan bütün ziddiyyətlərə baxmayaraq, Ermənistanın tamamilə Rusiya asılılığında qalmasının təhlükəli olduğunu anlayır və Qərblə balans yaratmağa çalışır. Lakin paradoks ondadır ki, Paşinyan Qərbə inteqrasiya etməyə çalışsa da, Ermənistan daxilindəki revanşist ideoloji mühit buna imkan vermir.
Baş nazirin “revanşistləri məhv edəcəyəm” deməsi isə ölkədə siyasi qarşıdurmanın ən kritik həddə qədər dərinləşdiyinigöstərir. Bu ifadə demokratik siyasi polemika dili deyil. Bu, daxili siyasi düşmənçiliyin göstəricisidir. Yəni Paşinyan müxalifəti alternativ siyasi qüvvə kimi yox, Ermənistan dövlətçiliyini təhlükəyə atan destruktiv şəbəkə kimi təqdim edir və etiraf edək ki, bu yanaşma reallığı ifadə edir. Müxalifət də onu “xəyanətkar”, “torpaq satan” kimi ənənəvi təhqir ritorikası ilə gözdən salmağa çalışır. Belə vəziyyətdə seçkilərin nəticəsindən asılı olmayaraq, seçkidən dərhal sonra Ermənistanda daxili siyasi sabitliyin təmin olunacağı bir o qədər də inandırıcı görünmür.
Əslində Ermənistan hazırda tarixi seçim qarşısındadır. Ya regionda yaranmış yeni reallığı qəbul edib rasional dövlət modelinə keçəcək, ya da mifoloji revanşizm, xarici asılılıq və daxili qarşıdurmalar arasında parçalanmağa davam edəcək. Paşinyanın ritorikasının sərtləşməsi də məhz bu tarixi qorxudan qaynaqlanır. O anlayır ki, əgər revanşist düşərgə yenidən güclənərsə, Ermənistan təkcə siyasi böhrana yox, həm də bərpası mümkün olmayan fəlakətlərə sürüklənə bilər".

Seçilən
42
aznews.az

1Mənbələr