AZ

ABŞ və Rusiyanın diqqəti niyə məhz Çinə yönəlib? -TƏHLİL

Xəbər verdiyimiz kimi, Rusiya Prezidenti Vladimir Putin Çinə səfər edib. Xatırladaq ki, bundan öncə Çinə ABŞ Prezidenti Donald Tramp səfər etmişdi.

Maraqlıdır, nəhəng ölkələrin liderlərinin Çinə ardıcıl səfərlərinin səbəbi nədir?

Redaktor.az-a danışan politoloq Asif Nərimanlı bildirdi ki, Trampdan sonra Putinin məhz Çinə səfər etməsi əslində geosiyasi mübarizənin və qarşıdurmanın yeni mərhələyə keçdiyini, yaxud mövcud vəziyyətdə tərəflərin baş verənlərə aydınlıq gətirməyə çalışdığını göstərən bir kontekst kimi qiymətləndirilə bilər:

"Çünki Trampın Çinə səfərinin əsas məqsədi Çinlə müəyyən anlaşmalar əldə etmək idi. Hesab edirəm ki, bu anlaşmalar təkcə iqtisadi və ticarət əlaqələri ilə bağlı deyildi. Bunlar daha çox prosesin görünən tərəfidir. Yəni ABŞ Prezidenti Çinə gedirsə, bu səfərin müxtəlif istiqamətlərdə və sektorlarda nəticələri olmalıdır. Ticarət, iqtisadi və biznes əlaqələri ilə bağlı əldə olunan razılaşmalar da bunun nəticələrindən biridir. Amma geosiyasi baxımdan yanaşdıqda Trampın, yəni Amerikanın əsas məqsədi Çinlə məhz geosiyasi müstəvidə anlaşma əldə etmək idi. Hazırkı mərhələdə bu anlaşmaların əsasən İranla bağlı olduğu görünür. ABŞ tərəfi Çinin İrana dəstək verməsini istəmir. Eyni zamanda Hörmüz boğazının açılması məsələsində Çinin İrana təzyiq göstərərək dəstək verməsini istəyir".

Müsahibimizin fikrincə, Çin İrana dəstəyini kəsməyə tələsməyəcək:

"Çünki İran məsələsi ABŞ və Çin arasındakı geosiyasi mübarizənin əsas nöqtələrindən biridir. Digər tərəfdən isə Trampın Çində əldə etmək istədiyi əsas məqsəd yalnız İranla bağlı deyildi. Burada Amerikanın Qərb yarımkürəsində liderliyinin qəbul etdirilməsi məsələsi də ön planda idi. Çünki Qərb yarımkürəsində, xüsusilə Amerika qitəsində və Arktika bölgəsində Çinin ciddi investisiyalar yatırdığını görürük. Yəni Çin Amerikanın öz “arxa baxçası” hesab etdiyi coğrafiyada genişlənməyə başlayıb. Venesuelada həyata keçirilən əməliyyatlar da bununla əlaqəli idi. Tramp bir növ Çinlə bu məsələni də razılaşdırmaq niyyətində idi. Belə demək mümkünsə, Tramp çalışırdı ki, Qərb yarımkürəsində Amerikanın əsas lider olduğu Çin tərəfindən də qəbul edilsin və Çinin oradakı investisiyalarında Amerikanın da müəyyən payı və nəzarəti olsun. Düşünürəm ki, əsas razılaşma istiqamətlərindən biri də məhz bunun üzərində qurulmuşdu".

Politoloq əlavə etdi ki, Trampdan sonra Putinin də Çinə getməsi isə geosiyasi təsir dairələrinin bölüşdürülməsi ilə bağlı tərəflərin anlaşmaq istəyindən qaynaqlanır.

"Çünki Tramp hakimiyyətə gəldikdən sonra ilk növbədə Rusiya ilə anlaşmağa və geosiyasi müstəvidə Çinə qarşı mübarizədə Rusiyanı öz tərəfinə çəkməyə çalışdı. Xüsusilə Ukrayna məsələsində razılaşma əldə olunması istiqamətində atılan addımlar da buna hesablanmışdı. Yəni Tramp administrasiyası geosiyasi təsir dairələrini Çinlə deyil, daha çox Rusiya ilə bölüşmək istəyirmiş kimi görünürdü. Təbii ki, Çin faktorunu tamamilə sıradan çıxarmağın mümkün olmadığını Amerikada da anlayırlar. Buna görə də Çinin genişlənməsinə qarşı Rusiya ilə anlaşma əldə etmək istiqamətində addımlar atıldı. Lakin İran müharibəsi vəziyyəti müəyyən qədər dəyişdi və görünür ki, Tramp administrasiyası indi Çinlə də müəyyən razılaşmalar əldə etmək niyyətindədir. Bu isə Rusiyanın geosiyasi maraqlarına tam uyğun deyil. Ona görə də Rusiya tərəfi Putinin Çinə səfəri vasitəsilə həm ABŞ və Çin arasında mümkün anlaşmaların mahiyyətini anlamağa, həm də perspektivdə Rusiyanın geosiyasi mövqeyinin tanınmasını təmin etməyə çalışır. Düşünürəm ki, bu səfərlər məhz buna hesablanıb. Təbii ki, həm Rusiyanın, həm də Amerikanın xüsusilə Çinə diqqət yetirməsi də təsadüfi deyil. Çünki Çin böyüyən gücdür və görünən odur ki, yeni geosiyasi nizamda Çinin mövqeyinin qəbul edilməsi reallığını hər iki tərəf anlayır", - deyə siyasətçi yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Seçilən
56
1
redaktor.az

2Mənbələr