AZ

Sümük travmalarında yaş faktorunun rolu - Səhiyyə Nazirliyinin mütəxəssisi izah edir

“Yaş artdıqca sümüklərin bərpa qabiliyyəti zəifləyir. Uşaqlarda sümük toxuması daha aktiv olur - qan dövranı güclü, hüceyrə yenilənməsi sürətli və böyümə prosesi davam etdiyi üçün sınıqlar daha tez və daha yaxşı sağalır”.

Musavat.com xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun baş direktorunun müavini, baş həkim Nizami Məmmədov səsləndirib.

Onun sözlərinə görə, yetkin yaşlarda, xüsusilə 40–50 yaşdan sonra sümük toxumasının bərpa prosesi yavaşlayır: “Uşaq və böyüklərin travmaları arasındakı əsas fərq uşaqların sümüklərinin daha elastik olmasıdır. Buna görə də onlarda tam sınıqlardan çox, natamam sınıqlar və ya sümüyün əyilməsi halları müşahidə edilir. Uşaqlara xas olan “yaşıl budaq” tipli sınıqlarda ağac budağının tam qırılmadan çatlamasına bənzər vəziyyət yaranır. Böyüklərdə isə sümüklər daha sərt və kövrək olduğundan tam sınıqlar üstünlük təşkil edir. Uşaqlarda sümüklər çox sürətlə bitişir, bəzən bir neçə həftə ərzində ciddi sağalma müşahidə olunur. Kiçik əyriliklər zamanla öz-özünə düzələ bilir. Böyüklərdə isə sağalma daha uzun çəkir, daha çox immobilizasiya, fizioterapiya və bəzi hallarda cərrahi müdaxilə tələb olunur. Həmçinin yanlış bitişmə riski daha yüksək olur”.

Baş həkim qeyd edib ki, uşaqlarda sümüklərin uclarında yerləşən “böyümə qığırdaqları” travma zamanı zədələnərsə, gələcəkdə sümüyün qısa qalması, əyrilik və inkişaf pozğunluğu yarana bilər: “Bu səbəbdən uşaqlarda bəzi sınıqlar xüsusi nəzarətdə saxlanılır. 40–50 yaşdan sonra, xüsusilə qadınlarda menopauza dövründə sümük sıxlığı azalır, osteoporoz riski artır. Nəticədə sınıqlar daha asan yaranır və gec sağalır. Uşaqların orqanizmi toxumaları daha sürətli yeniləyir, əzələ və bağları daha tez uyğunlaşdırır, reabilitasiyaya daha yaxşı cavab verir. Lakin bu, böyüklərdə sağalmanın mümkün olmadığı anlamına gəlmir. Düzgün qidalanma, kalsium və D vitamini qəbulu, siqaretdən uzaq durmaq, fiziki aktivlik və həkim nəzarəti sümük sağalmasını əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər”.

Seçilən
7
24
musavat.com

10Mənbələr