Dayanıqlı şəhər inkişafı, mənzil əlçatanlığı və iqlim dəyişiklikləri müasir medianın diqqət mərkəzində olan əsas mövzulardandır.
“APA-Economics” xəbər verir ki, bunu WUF13 çərçivəsində “Media as a Driver of Public Discourse on Housing and Urban Resilience” (“Medianın mənzil və şəhər dayanıqlılığı üzrə ictimai müzakirələrin formalaşmasında rolu”) mövzusunda keçirilən media brifinqində Media İnkişaf Mərkəzi İctimai Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar jurnalisti Qabil Abbasoğlu deyib.
O bildirib ki, medianın rolu yalnız məlumat verməklə məhdudlaşmır, həm də ictimai məsuliyyətin və vətəndaş iştirakının təşviqinə xidmət edir.
Qabil Abbasoğlu qeyd edib ki, rəqəmsal idarəetmə və dayanıqlı infrastruktur şəhərlərin gələcək inkişafının əsas istiqamətlərindəndir. Onun sözlərinə görə, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən “ağıllı şəhər” və “ağıllı kənd” layihələri, yaşıl enerji təşəbbüsləri və müasir şəhərsalma həlləri bu sahədə mühüm nümunələrdir.
O vurğulayıb ki, media inklüziv şəhərsalma, yaşıl infrastruktur və dayanıqlı inkişaf siyasətlərinin təşviqində mühüm rol oynayır.
Qabil Abbasoğlu əlavə edib ki, hökumətlər, özəl sektor, vətəndaş cəmiyyəti, beynəlxalq təşkilatlar və media qurumları arasında əməkdaşlığın gücləndirilməsi dayanıqlı icmaların formalaşmasına və BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasına töhfə verəcək.