AZ

“Qiymətlər əməliyyat xərclərinə uyğun formalaşacaq” İQTİSADÇI AÇIQLADI

Gununsesi saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının hərəkət cədvəli açıqlanıb. Məlumata görə, qatarlar hər gün Bakıdan saat 23:10-da yola düşəcək və Tbilisiyə növbəti gün saat 08:41-də çatacaq. Tbilisidən isə saat 21:00-da yola çıxan qatarlar Bakıya növbəti gün saat 06:24-də çatacaq.

Məlumata əsasən, biletlərin qiymətinin 80–100 manat aralığında olacağı bildirilir. 4 nəfərlik kupe yerlərinin 120–150 manat, 2 nəfərlik kupe yerlərinin isə 180–200 manat civarında olacağı ehtimal edilir. Bundan əlavə, Gürcüstan tərəfinin tələb etdiyi səyahət sığortası üçün təxminən 60 manatlıq əlavə xərcin yaranacağı qeyd olunur.

Mövzu ilə bağlı Gununsesi.info-ya danışan iqtisadçı Akif Nəsirli bildirib ki, Bakı-Tiflis-Bakı sərnişin qatarı üzrə qiymət məsələsi adətən bir neçə faktordan asılı olur və rəsmi təsdiq olmadan konkret rəqəmi dəqiq demək çətindir:

“Belə beynəlxalq marşrutlarda qiymət formalaşması təkcə məsafəyə görə yox, həm də xidmət səviyyəsi, vaqonların komfortu, sərnişinlərə təqdim olunan şərait və dövlətlərarası razılaşmalarla müəyyən olunur. Buna görə də 60-100 manat aralığında səslənən rəqəmlər real ehtimallar olsa da, hələlik rəsmi tarif kimi qəbul edilmir.

Əgər qiymət bu aralıqda təsdiqlənsə, bu, regionda dəmir yolu ilə səyahət üçün orta səviyyəli qiymət sayılacaq”.

İqtisadçı əlavə edib ki, avtobus və şəxsi avtomobil xərcləri ilə müqayisədə qatarın komfort və təhlükəsizlik üstünlükləri nəzərə alınarsa, bu qiymət bir çox sərnişin üçün məqbul ola bilər:

“Xüsusilə uzun yol və sərhəd keçidi rahatlığı baxımından qatar adətən alternativ nəqliyyat vasitələrindən daha stabil və rahat hesab olunur.

Qiymətin aşağı və ya yuxarı müəyyənləşməsi isə əsasən əməliyyat xərclərindən asılı olacaq. Buraya yanacaq əvəzinə elektrik və ya dizel sərfi, vaqonların saxlanması, işçi heyəti, sərhəd prosedurları və infrastruktur xərcləri daxildir. Əgər bu xərclər yüksək qiymətləndirilsə, bilet qiymətləri də yuxarı həddə yaxınlaşa bilər. Əks halda, sərnişin axınını artırmaq üçün daha aşağı tariflər tətbiq oluna bilər.

Digər mühüm faktor tələb və marşrutun kommersiya cəlbediciliyidir. İlk mərhələdə yeni açılan beynəlxalq xətlərdə qiymətlər bəzən daha balanslı saxlanılır ki, sərnişin marağı formalaşsın. Daha sonra isə tələbdən asılı olaraq tariflər optimallaşdırılır. Bu səbəbdən 60-80 manat aralığı ilkin mərhələ üçün daha real görünə bilər, 100 manata yaxın qiymət isə daha komfortlu və ya xüsusi sinif xidmətlər üçün tətbiq oluna bilər.

Ümumilikdə bu mərhələdə dəqiq qiymət barədə yalnız rəsmi açıqlama olduqda nəticə çıxarmaq mümkündür. Hazırda səslənən rəqəmlər daha çox ehtimallara və bazar gözləntilərinə əsaslanır”.

Şəbnəm Rəhimova

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
icma.az

1Mənbələr