AZ

Almatı merinin müavini: Biz ictimai nəqliyyatı ekoloji cəhətdən təkmilləşdiririk

"Almatı ictimai nəqliyyatın ekoloji cəhətdən təkmilləşdirilməsi istiqamətində tədbirləri fəal şəkildə həyata keçirir".

APA xəbər verir ki, bunu Almatı şəhəri merinin müavini Nurlan Əbürrəhim WUF13 çərçivəsində keçirilən “Şəhərlərin xüsusi forumu: İnklüziv və davamlı şəhər gələcəyi üçün mənzil həlləri” adlı sessiyada bildirib.

“Şəhərdə avtobus parkı yenilənir, qaz və elektrik avtobuslarının payı artırılır, ictimai nəqliyyat üçün ayrılmış zolaqlar genişləndirilir, veloinfrastruktur yaradılır, yeni piyada məkanları inkişaf etdirilir. Əsas istiqamətlərdən biri də "low-emission zone"un inkişafıdır. Biz bu mexanizmi nəqliyyat emissiyalarının azaldılması və ekoloji baxımdan köhnəlmiş avtomobillərdən istifadənin mərhələli şəkildə məhdudlaşdırılması üçün mühüm alət hesab edirik”, - o bildirib.

Nurlan Əbürrəhim bildirib ki, bu gün Almatı artıq 64 kilometrlik BRT sistemi və 13 kilometrlik metro xətlərinə malikdir: “2030-cu ilə qədər nəqliyyat infrastrukturunun daha geniş miqyasda inkişafı planlaşdırılır. Bu çərçivədə 47 kilometr yeni BRT xətləri, 31 kilometr yeni metro xətləri, 31 kilometr LRT xətti və 42 kilometr SkyTrain xətti nəzərdə tutulur. Üç ən iri nəqliyyat-qovşaq mərkəzinin yaradılması, 46 yeni nəqliyyat əlaqəsinin və keçidlərinin tikintisi planlaşdırılır. Almatı aqlomerasiyasının nəqliyyat bağlılığının inkişafı, o cümlədən Böyük Almatı Dairəvi Avtomobil Yolunun istiqaməti ayrıca əhəmiyyət daşıyır. Bu, nəqliyyat axınının bölüşdürülməsinə, şəhər mərkəzinə düşən yükün azaldılmasına və ekoloji vəziyyətin yaxşılaşdırılmasına imkan verəcək. Biz sadəcə yeni yollar yaratmırıq, metro, BRT, LRT, SkyTrain və ictimai nəqliyyatın inteqrasiyasına əsaslanan tamhüquqlu multimodal nəqliyyat sistemi formalaşdırırıq. Atmosfer havasının keyfiyyətinin monitorinqi sisteminin inkişafına da xüsusi diqqət yetirilir. Almatıda monitorinq stansiyalarının şəbəkəsi genişləndirilir, məlumatların təhlili üçün rəqəmsal texnologiyalar tətbiq olunur və atmosfer havasının vəziyyətinə nəzarət gücləndirilir. Bizim üçün ekoloji siyasətin monitorinqin obyektiv məlumatlarına və müasir rəqəmsal idarəetmə alətlərinə əsaslanması son dərəcə vacibdir”.

Seçilən
19
1
apa.az

2Mənbələr