Artan şəhər əhalisini yerləşdirmək üçün lazım olan infrastrukturun 70 faizi hələ tikilməyib.
APA xəbər verir ki, bunu Bakıda keçirilən Dünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində təşkil edilən “Şəhər–sənaye–iqlim əlaqəsində mənzil və binalarda karbon emissiyalarının azaldılması” adlı tədbirdə BMT-nin Sənaye İnkişafı Təşkilatının (UNIDO) Enerji Sistemləri və Sənayenin Karbonsuzlaşdırılması Bölməsinin rəhbəri Rikardo Savilyano deyib.
UNIDO nümayəndəsi insanların ən çox istifadə etdiyi resursun sudan sonra beton olduğunu bildirib: “Cəmiyyətlərin inkişafını beton istifadəsindən ayırmaq mümkün deyil. Hazırda dünyada hər ay Nyu-York ölçüsündə bir şəhər tikilir və bu tendensiya 2050-ci ilə qədər davam edəcək”.
UNIDO rəsmisinin sözlərinə görə, artan şəhər əhalisini yerləşdirmək üçün lazım olan infrastrukturun 70 faizi hələ tikilməyib. Bu infrastruktur yalnız mənzilləri deyil, həmçinin nəqliyyat, su təchizatı, tullantı sularının emalı və digər xidmət sahələrini əhatə edir.
O qeyd edib ki, sement sənayesi ayrıca ölkə olsaydı, dünyada CO2 emissiyalarına görə üçüncü ən böyük mənbə hesab edilərdi.
Çıxış zamanı bina, sənaye və iqlim arasında birbaşa əlaqənin mövcud olduğu diqqətə çatdırılıb. Bildirilib ki, mənzil və tikinti sektoru sənaye, sosial inkişaf və infrastrukturun kəsişməsində yerləşir və bu sahənin karbonsuzlaşdırılması artıq zərurətə çevrilib.
UNIDO nümayəndəsi şəhərlərin tələb tərəfini, sənayenin isə təklif tərəfini formalaşdırdığını deyərək, bu iki istiqamət arasında koordinasiyanın gücləndirilməsinin vacibliyini vurğulayıb.
O həmçinin əlavə edib ki, siyasət, texnologiya və investisiya qərarları şəhər inkişafı, sənaye ehtiyacları və iqlim çağırışları nəzərə alınaraq birgə qiymətləndirilməlidir.
Çıxışda binaların su idarəçiliyindəki roluna da toxunulub. Qeyd olunub ki, məsələ yalnız içməli və sanitariya suyunun təminatı deyil, eyni zamanda istifadə olunmuş suyun emalını da əhatə edir.