Donald Tramp Respublikaçılar Partiyası daxilində özünə qarşı çıxan əsas fiqurları bir-bir siyasi səhnədən silərək “qisas kampaniyası”nı faktiki olaraq başa çatdırıb.
Musavat.com xəbər verir ki, bu barədə “Politico” saytının təhlilində qeyd olunub.
Məqalədə qeyd olunur ki, əvvəlcə İndianadakı senatorlar, daha sonra Luizianadan senator Bill Kassidi hədəfə çevrilib, indi isə Kentukkidə Tomas Massi və Corciyada Bred Raffensperger ilkin seçkilərdə məğlub olublar.
Bu nəticələr Trampın Respublikaçılar Partiyasının elektoratı üzərində hələ də tam dominant fiqur olaraq qaldığını göstərir. Donald Trampa qarşı çıxan istənilən respublikaçı siyasətçi artıq ciddi siyasi risklə üzləşir.
“Tramp Respublikaçılar Partiyasındakı gücünü yenidən sübut etdi”, - deyə Kentukkinin keçmiş dövlət katibi Trey Qreyson vəziyyəti bu cür təsvir edib.
Məqalədə Tomas Massinin məğlubiyyətinə xüsusi diqqət ayrılır. Massi Trampın əsas daxili qanun layihəsinə qarşı çıxmış, ABŞ-nin İrana müdaxiləsini tənqid etmiş və Ceffri Epşteyn dosyelərinin açıqlanması üçün səsvermə tələb etmişdi. Bu mövqelər Trampın qəzəbinə səbəb olub və prezident keçmiş Navy SEAL hərbçisi Ed Qalraynı onun qarşısına çıxarıb.
Üstəlik, Massini məğlub etmək üçün Trampın müttəfiqləri və bir sıra israilyönlü təşkilatlar 16 milyon dollar xərcləyiblər. Nəticədə bu yarış ABŞ tarixinin ən bahalı Konqres praymerizlərindən birinə çevrilib.
Corciyada isə 2020-ci il seçkiləri zamanı Trampın təzyiqlərinə boyun əyməyən Bred Raffensperger qubernator seçkilərində üçüncü yeri tutaraq yarışdan kənarda qalıb. Trampın dəstəklədiyi vitse-qubernator Burt Cons və MAGA düşərgəsinə yaxın milyarder Rik Cekson Raffenspergeri faktiki olaraq siyasi səhnədən sıxışdırıblar.
Ağ Evin kommunikasiya direktoru Stiven Çonq nəticələrdən sonra sosial şəbəkədə sərt mesaj paylaşıb:
“Prezident Trampın siyasi gücünə heç vaxt şübhə etməyin”.
“Politico” ekspertlərinin müşahidələrinə görə, Tramp yalnız rəqiblərini sıradan çıxarmayıb, həm də öz adamlarını önə çəkə bilib. Məsələn, uzun illər Trampla problemli münasibətləri olan senator Mitç Makkonellin yerinə prezidentin dəstəklədiyi Endi Barr praymerizdə rahat qələbə qazanıb.
Məqalənin ən diqqət çəkən hissələrindən biri isə Respublikaçılar Partiyası daxilində İsrail mövzusunun necə ciddi siyasi silaha çevrilməsi ilə bağlıdır. Amerika İsrail İctimai Əlaqələr Komitəsinə yaxın United Democracy Project təşkilatının nümayəndəsi Patrick Dorton açıq şəkildə bildirib:
“Massinin məğlubiyyəti bir mesaj verir: Respublikaçılar Partiyasında anti-İsrail mövqeyi siyasi baxımdan təhlükəlidir”.
Buna baxmayaraq, Tomas Massi geri çəkilmək niyyətində olmadığını göstərib. O, çıxışı zamanı Vaşinqtondakı lobbi qruplarını sərt şəkildə tənqid edib:
“14 il ərzində onlar səsimi almağa çalışdılar. Bacarmayanda isə kreslonun özünü satın almağa qərar verdilər”.
Libertarian baxışları ilə tanınan məşhur podkaster Deyv Smit isə Tomas Massinin siyasi səhnədən çəkilməməli olduğunu bildirib. Bir vaxtlar Trampı dəstəkləyən, sonradan isə ondan uzaqlaşan Smitin fikrincə, Massi Respublikaçılar Partiyası daxilində fərqli xətti təmsil edən azsaylı fiqurlardan biridir:
“Əgər Massi bu gecə uduzsa, prezidentliyə namizəd olmalıdır”.
Musavat.com