AZ

Azərbaycanın enerji diplomatiyası: Uğurdan qlobal strateji modelə doğru

ain.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

“Azərbaycanın enerji diplomatiyasının uğurları biri-birini əvəzləməkdədir. Zəngin enerji resurslarına malik olan ölkəmiz 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması ilə iqtisadi və siyasi mövqeyini möhkəmləndirmək imkanı qazandı.

Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının əsas tərkib hissəsi olan Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz layihlələrinin uğurlu icrası ilə regional inkişafın aparıcı qüvvəsinə çevrilən Azərbaycan 2014-cü ildə çoxtərəfli əməkdaşlığın başlanğıcı olan Cənub Qaz Dəhlizinin təməlinin qoyulması ilə etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmləndiyini bir daha nümayiş etdirdi. 2018-ci ilin may ayında Cənub Qaz Dəhlizinin rəsmi açılışı oldu, həmin ilin iyununda bu layihənin əsas tərkib hissələrindən olan TANAP, 2020-ci ilin dekabrında isə TAP istifadəyə verildi. 2017-ci ildə “Yeni əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın enerji sektorunun aydın gələcəyinin təqdimatı oldu. Cənub Qaz Dəhlizi Avropaya qaz nəqlini təmin edən mühüm enerji layihəsidir. Bu gün Cənub Qaz Dəhlizi təkcə Azərbaycanın deyil, eyni zamanda, Avropanın enerji təhlükəsizliyinin əsas dayaqlarından birinə çevrilib. Azərbaycan hər zaman yeni əməkdaşlıq formatlarının yaradılmasının təşəbbüskarı olmaqla yanaşı, hazırda icra edilən, yaxud icrasını başa çatdıran layihələrin coğrafiyasının genişləndirilməsinin də vacibliyini bildirir”.

Bu barədə Bizimyol.info xəbər portalına açıqlamasında Milli Məclisin deputatı Vüqar Rəhimzadə danışıb.

Prezident İlham Əliyev mayın 18-də “Euronews” televiziyasına müsahibəsində qeyd etdi ki, biz Avropa ilə enerji sahəsində əməkdaşlığa müəyyən müddət əvvəl başlamışıq. Xüsusilə 2020-ci ildən sonra - Cənub Qaz Dəhlizinin istifadəyə verilməsi ilə bu proses daha da sürətlənib. Hazırda həmin dəhliz vasitəsilə 16 ölkəyə təbii qaz ixrac olunur. Boru kəmərləri vasitəsilə qaz tədarük etdiyimiz ölkələrin sayına görə biz dünyada birinci yerdəyik.

Deputat vurğulayıb ki, bu rəqəm artmaqdadır. Avropa İttifaqının 10 üzv dövləti bizim müştərimizdir. Ümumilikdə isə 12 Avropa ölkəsi Azərbaycandan qaz alır. Ölkələrin sayı artır. Bizimlə əməkdaşlığa başlamaq istəyən ölkələrin müraciətlərinin sayı da artmaqdadır.

“Şaxələndirmə siyasəti ilk növbədə enerji ixrac marşrutlarının genişləndirilməsində özünü göstərdi. Bu istiqamətdə həyata keçirilən ən mühüm layihələrdən biri Bakı-Tbilisi-Ceyhan neft kəməri olmuşdur. Həmin layihə Xəzər hövzəsinin enerji ehtiyatlarını dünya bazarına alternativ marşrut vasitəsilə çıxarmağa imkan verdi. Daha sonra reallaşdırılan Cənub Qaz Dəhlizi və TANAP layihələri isə ölkənin Avropanın enerji təhlükəsizliyində strateji tərəfdaşa çevrilməsinə səbəb oldu. Uğurlu enerji layihələri vasitəsilə Azərbaycan regional əməkdaşlıq platformalarında daha fəal iştirak edir, Avropa və Asiya arasında enerji körpüsü rolunu oynayır. Şaxələndirmə siyasətinin digər vacib istiqaməti enerji mənbələrinin müxtəlifləşdirilməsidir. Ənənəvi neft-qaz sektorundan əlavə, son illərdə bərpaolunan enerji sahəsinə maraq əhəmiyyətli dərəcədə artmışdır. Azərbaycan böyük bərpaolunan enerji potensialına malik olan ölkədir. Ölkəmiz tarixən neft ölkəsi kimi tanınmasına baxmayaraq bu gün qaz və elektrik enerjisi ixracatçısı kimi də mövqeyini möhkəmləndirir. Ölkəmiz regionda yaşıl enerjiyə keçidə hədəflənən qabaqcıl yanaşmaların tətbiqi üzrə liderdir və iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə böyük töhfə verir. Azərbaycanın enerji siyasətində şaxələndirmə strategiyası ölkənin iqtisadi təhlükəsizliyini qorumağa, beynəlxalq nüfuzunu artırmağa və dəyişən qlobal enerji sisteminə uyğunlaşmağa xidmət edir. Bu strategiya gələcəkdə də ölkənin regional və beynəlxalq mövqeyinin möhkəmlənməsində əsas amillərdən biri olacaq. Xüsusilə Avropanın enerji təhlükəsizliyi məsələsində Azərbaycanın strateji tərəfdaş kimi çıxış etməsi ölkənin qlobal əhəmiyyətini artırır”-deyə o bildirib.

Deputat qeyd edib ki, dünyada baş verən siyasi gərginliklər, geosiyasi çağırışlar qlobal enerji layihələrinə də təsir göstərir. Dövlət başçısı “Euronews” televiziyasına müsahibəsində qeyd etdi ki, öz enerji layihələrimiz baxımından biz təhlükəsiz mövqedəyik. Biz daim diplomatiyanın tərəfdarıyıq. Diplomatiya olmadan biz öz ehtiyatlarımızı bazarlara çıxara bilməzdik. Çünki bunun üçün digər ölkələrin ərazisindən keçmək, qonşularla və qonşuların qonşuları ilə yaxşı münasibətlər qurmaq, çoxtərəfli əməkdaşlıq formatı formalaşdırmaq, istehsalçılar, tranzit ölkələr və istehlakçılar arasında qarşılıqlı uduşlu vəziyyət yaratmaq lazım idi ki, hər kəs qaydalara əməl etsin və gəlir qazansın. Bu baxımdan düşünürəm ki, Azərbaycanın təcrübəsi faydalı ola bilər:

“Böhran həll olunduqdan sonra, - bu, tez və ya gec baş verəcək, - yəqin ki, yeni bir vəziyyət yaranacaq. Bir çox ölkələr enerji siyasətlərini və enerji ehtiyatlarının çatdırılması yollarını yenidən nəzərdən keçirəcəklər. Çox güman ki, Azərbaycanın coğrafiyası və mövcud resursları bu gün olduğundan daha çox tələb olunacaq.

Azərbaycanın coğrafi mövqeyi və zəngin təbii resursları gələcəkdə qlobal siyasi və iqtisadi proseslər fonunda daha böyük əhəmiyyət qazanacaq. Şərqlə Qərb, Şimalla Cənub arasında yerləşən ölkə strateji tranzit məkanı kimi beynəlxalq ticarət və enerji marşrutlarının mühüm hissəsinə çevrilib. Əlverişli coğrafi mövqe, enerji ehtiyatları və nəqliyyat infrastrukturu Azərbaycanı regionun əsas geosiyasi aktorlarından biri kimi nüfuzunu daha da artıracaq.

Beləliklə, həm coğrafi mövqeyi, həm enerji və nəqliyyat imkanları, həm də alternativ enerji potensialı baxımından Azərbaycan gələcəkdə daha çox tələb olunan strateji ölkələrdən birinə çevriləcək. Nəticə etibarilə, Azərbaycanın uğurlu enerji siyasəti nəticəsində qazandığı təcrübə regional sabitlik, enerji təhlükəsizliyi və dayanıqlı inkişaf baxımından qlobal səviyyədə faydalı model kimi qiymətləndirilə bilər.

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
25
bizimyol.info

1Mənbələr