"İqtisadiyyat naziri Mikayıl Cabbarov başqa cür danışa bilməzdi. Çünki rəsmi statistika, doğrudan da, belə göstərir ki, Azərbaycanda yoxsulluq səviyyəsi 49%-dən 5%-ə enib. Buna uyğun olaraq da Mikayıl Cabbarov o informasiyanı verib. Bu suala Dövlət Statistika Komitəsi cavab verməlidir. Mən çoxdan deyirəm ki, Azərbaycanda statistika ilə əlaqədar çox ciddi islahatlara ehtiyac var. Nəyə əsaslanıb bu rəqəmi verirlər? Açıqlanan rəqəmlər nəyə uyğundur? Bunu araşdırmaq lazımdır”.
Bu sözləri Pravda.az-a açıqlamasında sabiq deputat Vahid Əhmədov deyib.
O bildirib ki, dünyadakı iqtisadi vəziyyət kontekstində Azərbaycanda yaşanan problemlər, iqtisadi vəziyyət nəzərə alınmalıdır: “Ölkə iqtisadiyyatında müəyyən irəliləyişlər olsa da, problemlər də var. Azərbaycan neft, qaz ixrac edən ölkədir. Bu səbəbdən müəyyən qədər müsbət məqamları qeyd etmək lazımdır. Neftin qiyməti son vaxtlar kəskin yüksəlib. İndi neftin qiyməti, təxminən, 120 dollara yaxındır. Belə halda, əlbəttə, dövlət büdcəsinə kifayət qədər vəsait daxil olar. Hökumətin, dövlətin əsas diqqəti Azərbaycanda, xüsusilə, regionlarda qeyri-neft sektorunun inkişafına yönəldilməli, sənaye, kənd təsərrüfatı, emal müəssisələrinin inkişafına önəm verilməlidir. Hazır məhsul ixrac etmək lazımdır, nəinki xammal şəklində məhsul ixrac etmək. İxracın strukturunda elə məhsullar var ki, Azərbaycan onu istehsal edə bilər”.
V.Əhmədov 26 may tarixindən etibarən Bakı-Tbilisi-Bakı marşrutu üzrə gündəlik sərnişin qatarları xidmətlərinin bərpasını müsbət qiymətləndirib: “İnsanlarımız Gürcüstana sərbəst gedib-gələ biləcəklər. Yaxşı olar ki, digər dövlətlərlə də sərhədlərimiz açılsın. Sərhədlər Yaxın Şərqdə müharibə bitəndən, İran-Amerika-İsrail münasibətləri düzələndən sonra açılarsa, yaxşı olar. Çünki bunun Azərbaycan iqtisadiyyatına böyük təsiri ola bilər. İndi aldığım məlumata görə, Gürcüstanda da son vaxtlar qiymətlər yüksəlib. Çalışmaq lazımdır ki, Azərbaycandan Gürcüstana ərzaq məhsullarının axını baş verməsin. Müəyyən ərzaq tələbatının hamısını ödəyə bilmirik, xaricdən ərzaq idxal edirik. Kifayət qədər proqramlar var... Cənab Prezident bu məsələləri həmişə diqqətdə saxlayır. Daha çevik siyasət aparmaq lazımdır”.
Aytəkin Qardaşova