AZ

Azərbaycanda səssiz faciə:

Azərbaycanda son aylarda tələbələrin ölümü ilə bağlı yayılan xəbərlər cəmiyyətdə narahatlıq doğurur. Demək olar ki, hər həftə hansısa universitet və ya kollecin tələbəsinin vəfat etdiyi barədə məlumat yayılır. Bəzən xəstəlik, bəzən qəfil ürəktutması, bəzən isə psixoloji problemlər gənc həyatların yarımçıq qalmasına səbəb olur. Dünən isə Azərbaycan Texniki Universitetinin (AzTU) iki tələbəsi - Elnur İslamlı və Məmməd Məmmədli vəfat edib.Metbuat.az xəbər verir ki, son bir neçə ildə Azərbaycanda onlarla tələbə həyatını itirib. Rəsmi statistikaya görə, son iki ildə Azərbaycanda 76 tələbə vəfat edib. Onlardan 54-ü bakalavriat, 5-i magistratura, 17-si isə orta ixtisas və tam orta ixtisas təhsili alan şəxslər olub. Psixoloq Vüsalə Rüstəm saytımıza açıqlamasında tələbə ölümlərinin müxtəlif səbəblərlə bağlı olduğunu deyib. Onun sözlərinə görə, bunlardan biri psixoloji gərginlikdir. Xüsusilə böyük şəhərlərdə təhsil alan tələbələr həm maddi sıxıntı, həm ailə təzyiqi, həm də gələcək narahatlığı ilə üz-üzə qalırlar. Kirayə qiymətlərinin artması, təhsil haqları, iş tapmaq çətinliyi və sosial təzyiq gənclərin psixoloji durumuna ciddi təsir göstərir.Fotoda: psixoloq Vüsalə Rüstəm“Sosial şəbəkələr də bu prosesdə mühüm rol oynayır. İnsanların özlərini başqaları ilə müqayisə etməsi, uğur təzyiqi və virtual həyatın yaratdığı stress depressiya hallarını artırır. Reddit və digər platformalarda azərbaycanlı gənclərin paylaşdığı fikirlər də bunu göstərir. Bir çox tələbə özünü dəyərsiz hiss etdiyini, psixoloqa ehtiyac duyduğunu və ciddi psixoloji yorğunluq yaşadığını açıq şəkildə yazır”, - Vüsalə Rüstəm belə deyib. Psixoloq bildirib ki, intihar və ölüm xəbərlərinin ard-arda tirajlanması çox təhlükəlidir. Onun fikrincə, xüsusilə həssas yaş dövründə olan gənclər bu xəbərlərdən mənfi təsirlənə bilər. Vüsalə Rüstəmin fikrincə, sosial medianın inkişafı və xəbərlərin sürətlə yayılması nəticəsində əvvəllər diqqətdən kənarda qalan hadisələr indi geniş müzakirə olunur: “Bununla belə, ortada dəyişməyən bir həqiqət var: Azərbaycan cəmiyyəti gənclərin psixoloji sağlamlığı məsələsinə əvvəlkindən daha ciddi yanaşmalıdır. Universitetlərdə psixoloji dəstək mərkəzlərinin gücləndirilməsi, tələbələrin sosial problemlərinin həlli, təhsil mühitində təzyiqin azaldılması və gənclərlə daha açıq ünsiyyətin qurulması artıq vacib məsələyə çevrilib. Bu problemlərin həllini sabaha saxlamaq olmaz”.

Səbinə Hüseynzadə / Metbuat.az

Seçilən
21
metbuat.az

1Mənbələr