Fotoda: psixoloq Vüsalə Rüstəm“Sosial şəbəkələr də bu prosesdə mühüm rol oynayır. İnsanların özlərini başqaları ilə müqayisə etməsi, uğur təzyiqi və virtual həyatın yaratdığı stress depressiya hallarını artırır. Reddit və digər platformalarda azərbaycanlı gənclərin paylaşdığı fikirlər də bunu göstərir. Bir çox tələbə özünü dəyərsiz hiss etdiyini, psixoloqa ehtiyac duyduğunu və ciddi psixoloji yorğunluq yaşadığını açıq şəkildə yazır”, - Vüsalə Rüstəm belə deyib. Psixoloq bildirib ki, intihar və ölüm xəbərlərinin ard-arda tirajlanması çox təhlükəlidir. Onun fikrincə, xüsusilə həssas yaş dövründə olan gənclər bu xəbərlərdən mənfi təsirlənə bilər. Vüsalə Rüstəmin fikrincə, sosial medianın inkişafı və xəbərlərin sürətlə yayılması nəticəsində əvvəllər diqqətdən kənarda qalan hadisələr indi geniş müzakirə olunur: “Bununla belə, ortada dəyişməyən bir həqiqət var: Azərbaycan cəmiyyəti gənclərin psixoloji sağlamlığı məsələsinə əvvəlkindən daha ciddi yanaşmalıdır. Universitetlərdə psixoloji dəstək mərkəzlərinin gücləndirilməsi, tələbələrin sosial problemlərinin həlli, təhsil mühitində təzyiqin azaldılması və gənclərlə daha açıq ünsiyyətin qurulması artıq vacib məsələyə çevrilib. Bu problemlərin həllini sabaha saxlamaq olmaz”.Səbinə Hüseynzadə / Metbuat.az