AZ

Bu gün Sabir Rüstəmxanlının 80 yaşı tamam olur

Bu gün Azərbaycan ədəbiyyatının və ictimai fikir tarixinin tanınmış simalarından olan Xalq şairi Sabir Rüstəmxanlı 80 yaşını qeyd edir.

Musavat.com xəbər verir ki, Sabir Rüstəmxanlı 1946-cı il mayın 20-də Yardımlı rayonunun Hamarkənd kəndində dünyaya gəlib. Orta təhsilini Yardımlıda başa vurduqdan sonra ali təhsil almaq üçün Bakı Dövlət Universitetinin filologiya fakültəsinə daxil olub və 1968-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirib.

6.PNG

Onun əmək fəaliyyəti tələbəlik illərinə təsadüf edir. Gənc yaşlarından mətbuat və ədəbiyyat mühitinə qoşulan Sabir Rüstəmxanlı 1967-ci ildən “Ədəbiyyat və incəsənət” qəzetində çalışıb. Daha sonra hərbi xidmət keçib, paralel şəkildə elmi fəaliyyətini davam etdirərək Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunda aspirantura təhsili alıb. 1976-cı ildə “Cəlil Məmmədquluzadə və folklor” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.

3.jpg

Sabir Rüstəmxanlının ilk kitabı 1970-ci ildə nəşr olunub. Sonrakı illərdə onun şeir, publisistika və nəsr janrında yazdığı çoxsaylı əsərlər Azərbaycandan kənarda da yayımlanıb. Müəllifin “Tanımaq istəsən”, “Sağ ol, ana dilim!”, “Qan yaddaşı”, “Zaman məndən keçir” kimi şeir kitabları, “Bütövlük”, “Didərginlər”, “Cavad xan” poemaları, eləcə də “Göy Tanrı”, “Xətai yurdu”, “Sunami” və digər romanları oxucular tərəfindən maraqla qarşılanıb.

Onun “Ömür kitabı” əsəri isə Azərbaycan ictimai düşüncəsində xüsusi yer tutur. Bu kitab milli özünüdərk və azadlıq ideyalarının yayılmasına təsir göstərən əsərlərdən biri hesab olunur və 1980-ci illərin sonundakı milli hərəkat dövründə geniş oxunub.

4.jpg

Ədəbi fəaliyyətlə yanaşı, Sabir Rüstəmxanlı dövlət və ictimai işlərdə də fəal iştirak edib. O, uzun illər “Yazıçı” nəşriyyatında rəhbər vəzifələrdə çalışıb, 1989-cu ildə isə müstəqil mətbuat nümunələrindən biri sayılan “Azərbaycan” qəzetini yaradıb.

8.PNG

O, “Demokratik blok” adlanan parlament fraksiyasının fəal üzvlərindən biri, xalq hərəkatının liderlərindən idi. Buna görə bir ara fiziki təzyiqə də məruz qalmışdı. 1991-ci ildə isə S.Rüstəmxanlı Azərbaycan Respublikası Dövlət Mətbuat Komitəsinin sədri təyin olunub. Sonradan komitə nazirliyə çevrilsə də, rəhbəri dəyişmədi və Sabir Rüstəmxanlı prezident vəzifəsini icra edən Ayaz Mütəllibovla, Yaqub Məmmədovla, İsa Qəmbərlə, Əbülfəz Elçibəylə, Heydər Əliyevlə bir komanda da çalışıb.

7.PNG

Siyasi fəaliyyətini davam etdirən Sabir Rüstəmxanlı Vətəndaş Həmrəyliyi Partiyasının sədridir. O, müxtəlif çağırışlarda Milli Məclisin deputatı seçilərək parlamentdə təmsil olunub.

Onun nüfuzu və ölkə siyasətində tutduğu mötədil, barışdırıcı mövqe imkan verib ki, mərkəzdə dayansın, vətəndaş həmrəyliyinə, siyasi qüvvələr arasında konsensusa çalışsın. Sabir Rüstəmxanlının rəhbərlik etdiyi partiyanın - Vətəndaş Həmrəyliyi Partiyasının adı da əbəs yerə seçilməyib. 

Ədəbi və ictimai xidmətlərinə görə Sabir Rüstəmxanlı bir sıra mükafat və fəxri adlarla təltif edilib. O, 2005-ci ildə “Xalq şairi” adına layiq görülüb, sonrakı illərdə “Şöhrət” və “Şərəf” ordenləri ilə mükafatlandırılıb.

19 may 2026-cı il tarixində Xalq şairi Sabir Xudu oğlu Rüstəmxanlı "Şərəf" ordeni ilə təltif edilib.

Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncama əsasən, S.Rüstəmxanlı Azərbaycan ədəbiyyatının inkişafında böyük xidmətlərinə görə təltif olunub. 

2.jpg

“Yeni Müsavat” Media Qrupuna daxil olan yaradıcı kollektivlər ictimai-siyasi xadim, şair-publisist Sabir Rüstəmxanlının doğum gününü təbrik edir, 80 illik yubileyini qeyd edən ziyalımıza uzun ömür, cansağlığı və uğurlar arzu edir.



Musavat.com

Seçilən
20
2
musavat.com

3Mənbələr