“Bu gün şəhərlər iqlim dəyişikliyi ilə mübarizənin ön cəbhəsində yer alır”. 1news.az-ın müxbiri xəbər verir ki, bunu Azərbaycanın ekologiya və təbii sərvətlər nazirinin birinci müavini Ağakərim Səmədzadə Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun (WUF13) dördüncü günü çərçivəsində təşkil olunan “Mənzil iqlim dəyişikliyi ilə mübarizənin ön xətti kimi” adlı panel sessiyada çıxışı zamanı deyib. Onun sözlərinə görə, hazırda dünya əhalisinin təxminən 58 faizi şəhər ərazilərində yaşayır və bu ərazilər getdikcə daha çox istilik dalğaları, daşqınlar, su çatışmazlığı və iqlimlə bağlı digər risklərin təsirinə məruz qalır. “Eyni zamanda, təbiətin özü də artan təzyiqlə üzləşir. Məhz buna görə də təbiətyönümlü həllər mənzil siyasətinin və şəhərsalma layihələrinin ayrılmaz hissəsinə çevrilməlidir. Biz şəhərlərin böyüməsi ilə təbiətin qorunması arasında aydın balans saxlamalıyıq”, - deyə A.Səmədzadə bildirib. Onun fikrincə, təbiətyönümlü həllər şəhərsalmanın bütün mərhələlərində - baş planların hazırlanmasından və zonalaşdırmadan tutmuş tikinti və uzunmüddətli istismar prosesinədək tətbiq edilməlidir. “Azərbaycan artıq bu yanaşmanı mənzil siyasəti və şəhərsalma strategiyalarında tətbiq edir. 2022–2026-cı illəri əhatə edən sosial-iqtisadi inkişaf strategiyası, eləcə də onun 2030-cu ilədək genişləndirilmiş hədəfləri təmiz enerji və yaşıl inkişafı milli prioritetlər kimi müəyyənləşdirir”, - deyə nazir müavini əlavə edib.