AZ

2021-ci il səviyyəsinə qədər: Pentaqon Avropadakı briqadaların sayının üçə endirildiyini açıqlayıb

ABŞ Avropadakı Amerika döyüş briqada qruplarının sayının dörddən üçə endirildiyini açıqlayıb...

Poliqon xəbər verir ki, Pentaqonun sözçüsü Şon Parnell X sosial şəbəkəsində bildirib ki, bununla hərbi mövcudluq 2021-ci il səviyyəsinə qaytarılır.

"Beləliklə, Avropadakı bu qrupların sayı 2021-ci il səviyyəsinə qayıdır. Qərar ABŞ-nin Avropadakı hərbi mövcudluğunun yenidən nəzərdən keçirilməsinə yönəlmiş çoxsəviyyəli və kompleks prosesin nəticəsi olub. Bununla əlaqədar olaraq ABŞ qüvvələrinin nümunəvi müttəfiq olan Polşada yerləşdirilməsi müvəqqəti gecikdirilir", deyə açıqlamada bildirilir.

Parnell vurğulayıb ki, ABŞ hərbi qüvvələrinin Avropada son yerləşdirilməsi əlavə strateji və operativ analizdən, həmçinin müttəfiqlərin qitənin müdafiəsi üçün daha çox məsuliyyət götürməyə hazırlığından sonra müəyyən ediləcək.

Pentaqon qeyd edib ki, ABŞ qüvvələrinin mövcudluğunun yenidən qiymətləndirilməsi Prezident Donald Trampın "Amerika hər şeydən öncə" siyasətinə uyğundur. Vaşinqton NATO üzvü olan ölkələrin öz təhlükəsizliklərinə və Avropanın müdafiəsinə daha fəal sərmayə yatıracağını gözləyir.

Məlumata görə, Pentaqon rəhbəri Pit Heqset və Polşanın baş nazirinin müavini Vladislav Kosinyak-Kamış arasında danışıqlar da keçirilib. Amerika tərəfi hərbi mövcudluğun gələcək təhlili zamanı Varşava ilə sıx təmas saxlayacağını bildirib.

Parnell Polşanı öz müdafiəsini müstəqil şəkildə gücləndirməyə hazır olan müttəfiq kimi ayrıca qeyd edib və Alyansın digər ölkələrini də bu nümunəni izləməyə çağırıb.

Bundan əvvəl məlum olmuşdu ki, Pentaqon Polşada zirehli briqadanın yerləşdirilməsini ləğv edib. Bu qərar Tramp administrasiyasının ABŞ-ın Avropadakı hərbi mövcudluğunu mərhələli şəkildə azaltmaq istiqamətində addımlarından biri kimi qiymətləndirilir.

KİV-in məlumatına görə, Amerika zirehli briqadasının Polşaya göndərilməsinin ləğvindən sonra ABŞ Konqresi ilə Pentaqon arasında fikir ayrılığı yaranıb. Qanunvericilər bildiriblər ki, belə addımlar NATO müttəfiqlərinin etimadını sarsıda və Rusiyanın maraqlarına xidmət edə bilər.

Reuters agentliyinin məlumatına əsasən, Tramp administrasiyası bu həftə NATO müttəfiqlərinə ABŞ-nin ciddi böhran halında Avropa ölkələrinə yardım üçün istifadə edə biləcəyi hərbi ehtiyat resurslarını azaldacağını bildirəcək.

Poliqon.info

Seçilən
15
poliqon.info

1Mənbələr