AZ

Nuru Paşanın əsgəri, Cümhuriyyət fədaisi - Salman Həllac

Bizim məktəbli dövrümüz Sovetlər dönəminə düşdü. Boynumza qırmızı qalstuk asır, bizi xalqlar dostluğu ruhunda tərbiyə edir, “burjua mülkədarlara”, sinfi düşmənlərə nifrət ruhunda böyüdürdülər. 1980-ci illərin sonlarında Kreml başbilənləri “yenidənqurma” və “aşkarlıq” siyasəti ilə çürüməkdə imperiyanı yenidən format etməyə cəhd etdilər. Lakin bir şeyi düz hesablamadılar ki, qanla qurulan nəhəng dövlət, repressiyalarla bərkidilən imperiya zəncirləri xəfif bir azadlıq mehinə tab gətirə bilməyəcək.

Elə də oldu. 1986-cı ildə başlanmış yuxarıdan islahatla totalitarizmin sərt buxovları boşaldı, illərlə Sovet adamının illiyinə hopmuş qorxu və susqunluq buzları əriməyə başladı. Bəşəriyyətin ilk sosialist dövlətinin daşlaşmış divarlarında çatlar yarandı. “Xalqlar həbsxanası”nda milli oyanış prosesi sürətləndi. Sovet xalqlarının azadlıq və istiqlal arzuları boy göstərməyə başladı. Azadlıq küləyi Azərbaycana, paytaxt Bakıya çatdı. Milli düşüncəli ziyalılar ortaya çıxdı, onlar 70 il xalqdan gizlədilmiş tarixi həqiqətləri üzə çıxarmağa başladılar. Xalq öz milli qan yaddaşını çözələdi, əsrlərin dərinliyindən gələn tarixi köklərinə qayıtmağa başladı. O illərdə tarixi gerçəkləri öyrənmək sadəcə bir həvəskar fəaliyyət deyildi, milli oyanışın, azadlıq düşüncəsinin və özünüdərk prosesinin ayrılmaz hissəsi idi.

Aşkarlıq şəraitində çap olunan kitablar, qəzet və jurnallardan öyrəndik ki, 70 il xoşbəxtlik nağılları ilə yuxuya verilmiş xalqın əzəmətli keçmişi gizlədilib, tarixi həqiqətlər təhrif edilib. 27 aprel işğalı qurtuluş günü kimi təqdim olunub. O zaman Aydın Məmmədov, Xəlil Rza, Xudu Məmmədov, Bəxtiyar Vahabzadə, Əbülfəz Elçibəy, Məmməd Araz, Ziya Bunyadov, Nurəddin Rzayev, Xəlil Rza, Sabir Rüstəmxanlı, Əlisa Nicat, Şirməmməd Hüseynov, Eldar Baxış, Vurğun Əyyub, Nəsib Nəsibli, Yunus Oğuz, Nəsiman Yaqublu və digər milli düşüncəli aydınların çıxışlarından, yazılarından öyrəndik ki, Şərqin ilk müstəqil demokratik cümhuriyyəti böyük Məhəmməd Əmin Rəsulzadənin rəhbərliyi ilə 1918-ci ildə məhz Azərbaycanda qurulub. 

Üç rəngli istiqlal bayrağı o zamanlar tanınmağa başladıq. Öyrəndik ki, bu müqəddəs bayrağı “Vətən göylərinə çəkmək” heç də asan olmayıb. Bu yolda minlərlə türk övladı şəhid olub, sağlamlığını itirib.

O zamanlar öyrəndik ki, xalq cümhuriyyətinin qurulmasına, Bakının erməni-bolşevik ünsürlərindən təmizlənməsində Osmanlı generalı Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun böyük rolu olub. O zaman yenicə qurulan dövlətin sihahlı gücü yox dərəcəsində idi. Türkiyədən qardaş yardımına gələn ordunun köməyi ilə nizami hissələr yenicə qurulurdu. Ölkənin hər yerindən Nuru Paşanın yanına könüllülər gəlirdi. Qafqaz İslam Ordusunun zəfər yürüşünün iştirakçıları arasında Quzanlı kəndinin nümayəndələri də olub. Onlardan biri Salman Həllacdır. Nəvəsi Nəsimi Məmmədli babası ilə bağlı xatirələri bölüşür:

“1918-ci ildə Bakının erməni-rus qəsbkarlarından azad edilməsində mərhum babam Salman Həllac da iştirak edib. Bu tarixlə bağlı uşaqlıq illərimdə tez-tez babamı danışdırar, onun canlı xatirələrini yaddaşıma yazardım. Babam Salman Həllac 1897-ci ildə Ağdamın Quzanlı kəndində doğulub. Sovet hakimiyyəti 1930-cu illərdən sonra onun soyadına “ov” sonluğu əlavə etmişdi. Babası Allahverdi Həllac Qarabağ xanı ilə yaxın qohum olub. Allahverdi Həllacın xanımı xanın nəslindəndir. 7 oğlu və 2 qızı olan Allahverdi “Qazı” olduğu üçün onu əyalətdə Sud-Həllac (rus sözü olan sud-məhkəmə-red) adlandırıblar. Babamın atası Məmmədalı Həllacın atası “Qazı” olsa da özü şəxsi mülklərində əkinçilik, heyvandarlıq və digər kənd təsərrüfatı sahələri ilə məşğul olub. 1918-ci ildə Qafqaz İslam Ordusunun komandanı Nuru Paşa öz ordusu ilə Azərbaycana gələn zaman babam Salman böyük qardaşı Süleymanla birgə könüllü olaraq Qafqaz İslam Ordusuna qoşulublar”. 

Nəsimi Məmmədli nəql edir ki, türk zabitlər könüllü əsgər yığmaq üçün Quzanlıya gəlibmiş. Onlarla gəncin arasından 3 nəfər seçilir: Salman, qardaşı Süleyman və Hacı kişi. “Hər üçü silahla yaxşı davranırmış. Müasirləri deyirdi ki, babam sərrast atıcı olub. Belə bu 3 gənc Quzanlıdan Qafqaz İslam Ordusunun sıralarına qatılıb. Yevlaxda qısa müddətli hərbi təlimlərdən sonra Bakının azad olunması məqsədilə Bakıya doğru çox ağır hərbi yürüşə başlayıblar. Babam Qaraməryəm yaxınlığında olan döyüşlərlə bağlı xatirələrini danışanda göz yaşlarını saxlaya bilmirdi. Deyirdi ki, çox isti günlər idi. İstidən, yorğunluqdan və susuzluqdan dodaqlarımız çat-çat olmuşdu. Komandirimiz olan türk zabitinin quruyub çatlamış dodaqlarından qan axsa da o, öz su qabındakı suyunu içməyib saxlayırdı. Öz sularını içib qurtaran əsgərlərin bir-bir dodaqlarına su sürtürdü, ürək-dirək verirdi, sanki öz övladları imiş kimi hər kəsə can yandırırdı”. 

Haşiyə: 1918-ci ildə Azərbaycan Milli hökumətinin xahişi ilə Azərbaycana gəlmiş Nuru Paşanın və Qafqaz İslam Ordusunun əsas məqsədi Bakını bolşevik-daşnak qüvvələrindən azad etmək və yeni yaranmış cümhuriyyət hökumətinə dəstək vermək idi. 1918-ci ilin iyun–iyul aylarında Bakıya doğru zəfər yürüşünə çıxan Qafqaz İslam Ordusu ilə Bakı Soveti və erməni-daşnak silahlı dəstələri arasında mühüm döyüşlərdən biri Qaraməryəmdə baş vermişdi. Göyçay rayonunun Qaraməryəm kəndi istiqamətində baş verən qanlı döyüş Azərbaycanın taleyində həlledici rol oynayıb. Qaraməryəm döyüşü cümhuriyyət tarixinin ən ağır döyüşlərindən biri olmuşdu. Daşnak-bolşevik ünsürləri say, silah-sursat baxımından üstün olsa da, türk və azərbaycanlı əsgərlərin döyüş ruhu, əzmkarlığlı, vətən sevgisi üstün gəldi. Düşmənin müqaviməti qırıldı. Cümhuriyət tarixi əslində bu döyüşdə verilən şəhidlərin qanı ilə yazıldı. Qaraməryəm döyüşü sonrakı zəfərlərin təməlini atdı. Qaraməryəmdə əldə olunan zəfərin ardınca Göyçay döyüşlərində düşmənin başı əzildi. Bakının yolu açıldı. Sentyabrın 15-də isə Bakı işğalçılardan azad olunaraq Azərbaycana qovuşdu. Bəziləri Bakının azad olunmasına sıradan bir hadisə kimi baxır, amma bu hadisənin Azərbaycan istiqlal tarixində böyük rolu var. Qafqaz İslam Ordusunun və Azərbaycan milli hissələrinin zəfər yürüşü qələbə ilə bitməsəydi, Bakı bəlkə də indi tarixin müxtəlif dövrlərində işğal edilmiş Kazan, Həştərxan və Dərbənd kimi Rusiya şəhəri idi. Tarixdən məlumdur ki, istər çar dövründə, istərsə də Sovet zamanında imperiya rəhbərliyinin “sənaye Bakısını aqrar Azərbaycandan ayırmaq” planı var idi.

-Babam deyirdi ki, Qaraməryəm bizə “qaracəhənnəm” olmuşdu-deyə, davam edir Nəsimi:

-O döyüşlərdə qələbə xeyli itkilərlə əldə olunur. Böyük qardaşı Süleyman da o döyüşlərdə yaralanır və kəl arabası ilə Quzanlıya gətirilir. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmur. Qısa müddət sonra həmin döyüşdə aldığı yaradan dünyasını dəyişərək şəhidlik zirvəsinə yüksəlir. 

Deyir ki, Salman kişi Bakının azadlığı uğrunda döyüşlərdən, xüsusilə şəhərə girərkən gedən qanlı döyüşlərdən, şəhərin azad olunmasından qürurla və kədərlə danışardı.

Bakını azad etdikdən sonra onun da təmsil olunduğu bölük bir müddət Lənkəranda olmuş və oradan da bolşevik-daşnak silahlılarını tam təmizləmişlər. Qarabağ mahalında kəndləri yandırıb, əhalini işgəncə ilə öldürən azğınlaşmış daşnaqları Qarabağ bölgəsindən süpürüb atmaq üçün keçirdikləri hərbi əməliyyatlardan da həyacanla danışardı.

“Allah-Allah” sədaları yeri-göyü titrətməyə başladı”

Salman kişi Qarabağda erməni separatçılarına qarşı döyüşlərdə də iştirak edib.

-Əsgəran qalasının erməni daşnaklarından azad olunması uğrunda keçirilən qısa müddətli qanlı döyüşlər babamın hafizəsində çox dərin izlər buraxmışdı. Deyirdi ki, Əsgəran döyüşü gecə başladı. Biz səngərlərdə əmr gözləyirdik. Bir anda gecənin qaranlığında çoxsaylı davul səsləri və yüksək səslə “Allah-Allah, Allah-Allah” nidaları yeri-göyü titrətməyə başladı. Sanki torpaq da hərəkətə gəlmişdi. Düşmən təlaş içərisində hara gəldi atəş açırdı. Ön sırada bir qrup Osmanlı əsgərləri və xüsusi təlim görmüş hərbiçilər döyüşürdü. Bizi açıq döyüşə dərhal buraxmadılar. Öncü birliklər qalanın müqavimətini qırdıqdan sonra bizə hərəkət əmri verildi. Döyüş səhərə yaxın dayandı. 

Səhər açılanda dəhşətli mənzərə ilə qarşılaşdıq. Qala divarlarının üstündə və ətrafında yüzlərlə erməni döyüşçünün meyitləri qalmışdı. Vahid uniformada, idmançı bədən quruluşunda olan daşnak döyüşçüləri çox yaxşı silahlanmalarına baxmayaraq bu döyüşdə tamamilə məğlub olmuşdular. Erməni döyüşçülərinin xüsusi hazırlanmış geyimləri və ayaqqabıları heç bizim zabit heyətində də yox idi. Yüzlərlə əsgərin iştirakı ilə gün boyunca xəndəklər qazıb daşnak döyüşçülərinin meyitlərini çətinliklə basdırıb qurtara bildik.  

Salman kişi Türk-islam ordusu əsgərlərinin necə mətinliklə və ölümünə vuruşduqlarını xüsusilə qürurla danışarmış. 

Sovet işğalına kimi Cümhuriyyət Ordusunun sıralarında xidmət edib Salman Həllac. Sovet işğalından sonra isə ordu sıralarında xidmət etməyib. 

-Məhz o illərdə sol gözü hansısa xəsarət nəticəsində kor olub. Kor olmasının gerçək səbəbi barədə təəssüf ki heç nə bilmirik. Özü bu barədə danışmaq istəmirdi. 

Babam Salman Həllac 1982-cü ilin iyul ayının 15-də 85 yaşında dünyasını dəyişdi. Ömrünün son günlərinə qədər sevə-sevə oxuduğu və bəzə də öyrətdiyi bu əsgər marşı, babamın xidmət etdiyi Qafqaz İslam Ordusunun bir bölüyünün marşıdır.

Ay analar cəng havası çalıyor,

Biz gedirik vətən sizə qalıyor.

Getməliyik, getmək düşər ərlərə,

Düşmən ayaq basmasın bu yerlərə!-deyə, Nəsimi bəy bildirir.

Nəsimi bəy, təqribən 20 il bundan öncə “Turkustan” qəzetinin ofisində Aqil Camalın təşkilatçılığı ilə Qafqaz İslam Ordusu əsgərlərinin övladları və nəvələri ilə bir görüşdə yaşayan maraqlı bir olayı da yada salır: “Görüşdə mən də iştirak edirdim. Öz xatirələrimi danışdıqdan sonra bu marşı orada səsləndirdim. Bu zaman Türkiyə Cümhuriyyətindən qonaq gələn yaşlı bir ağsaqqal kövrələrək bildirdi ki, bu mənim atamın komandiri olduğu bölüyün marşıdır. Təsadüf elə gətirmişdi ki 80 ildən çox zaman keçsə də babamın komandirinin oğlu ilə Bakıda qarşılaşmaq mənə nəsib olmuşdu”.

Bizim “Trotski”

Ötən əsrin 20-ci illərində Azərbaycanın istiqlal savaşına, ərazi bütövlüyü uğrunda mübarizəsinə könül vermis Salman Həllac sadə və sakit bir insan idi. Amma genlər öz sözünü deyir. Damarlarında axan o nəcib qan övladlarında, nəvə-nəticələrində yenidən üzə çıxdı. Salman kişinin iki oğlu Qarabağın adlı-sanlı ziyalıları oldular. Həyatdan erkən köçmüş Əhməd müəllim bacarqlı təhsil təşkilatçısı və savadlı pedaqoq idi. Onun qardaşı Əfqan müəllim də Qarabağ camaatının yaddaşında istedadı, yüksək dünyagörüşü, adil davranışı ilə seçilən ziyalı kimi qalıb. Babası ilə bağlı xatirələrini bölüşən Nəsimi Məmmədli də Əhməd müəllimin oğludur. Nəsimi 1988-ci ildə başlanmış çağdaş Milli Azadlıq Hərəkatının fəallarından biri idi. Ölkə üzrə tələbə hərəkatının öncüllərindən biri olan Nəsimi bəyə kənddə yaşıdlarımız arasında “Trotski” ləqəbini vermişdik. BDU-nun Fiziki fakültəsində təhsil alan Nəsimi bəy gənc yaşlarından Sovet imperiyasına qarşı milli mübarizəyə könül vermişdi. Bir dəfə hərəkat dostlarından birindən Nəsimini soruşdum. Dedi ki, Nəsimi çox fəal, vətənpərvər, ekstremal situasiyalarda belə təmkinini itirməyən, cəsarətli qərarlar verən bir gənc idi. “O qədər qarda, çovğunda, soyuqda mitinqlərdə olmuşduq, müxtəlif yerlərə yardım aparmışdıq ki, bir dəfə Nəsimini bərk soyuqladı, qulaqlarından qan gəlirdi”-deyir hərəkat yoldaşı. 

Nəsimi bəy birinci Qarabağ müharibəsində də iştirak edib. Rəhbərlik etdiyi tələbə tağımı ilə bir müddət Laçın və Qubadlı bölgələrinin müdafiəsinə qatılıb. 

Nəsimi milli təşkilatlarda yaxından iştirak edir, siyasi diskussiyalara qatılırdı. Siyasi, ideoloji və təşkilati işləri yaxşı öyrənmişdi. Onunla ilk görüşümüz 90-cı illərin əvvəllərinə təsadüf edir. Yaşıdlarımızdan təxminən 10 fəal şagirdi topladı, Quzanlıda ilk gənclər təşkilatını yaratdıq. Emin Həsənli təşkilatın sədri, mən isə məclis sədri seçilmişdik. Nəsimi bəlağətli nitqi ilə adamı tilsimə salırdı. 

Nəsiminin kişik qardaşı Səbuhi də babasının yolunu davam etdirib. 

Milli ordu sıralarına 30 oktyabr 1993-cü ildə çağırılıb. O zaman Çəmənli kəndində mövqelənən 708 saylı briqadanın 7-ci taborunda xidmət edib. Əfsanəvi komandir, milli qəhrəman Yelmar Edilovun taborunda erməni işğalçılarına qarşı döyüşlərdə iştirak edib. 

Çəlik postunu qoruyan Səbuhigilin bölük komandirim Cəfər Cəfərov olub. Onlar Qarağacı, Göytəpə və Çəlik kəndi uğrunda gedəndə döyüşlərdə iştirak ediblər. Bölmələrimiz Qarağacı kəndinə girəndə Səbuhi doyüşdə kontuziya alıb. 

Hazırda Qarabağ qazisi Səbuhi bəy Quzanlı qəsəbəsində yaşayır, Ağdam Dövlət Peşə Mərkəzinin müəllimidir.

Elman Cəfərli

Seçilən
17
herbiand.az

1Mənbələr