AZ

Hicran Hüseynova: Uşaqlar üçün təhlükəsiz şəhər mühitinin yaradılması bizim gələcək qarşısında borcumuzdur

Bakı, 19 may, AZƏRTAC

Erkən xəbərdarlıq sistemlərinin genişləndirilməsi, həssas qrupların proseslərə cəlb olunması, qadınların fəallığının artırılması və uşaqların qorunması əsas prioritetlərdəndir.

AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən “Erkən xəbərdarlıq və iqlimədayanıqlı şəhərlər” mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.

Hicran Hüseynova deyib ki, təhlükəsiz gələcəyin elmi modeli risklərin qiymətləndirilməsini və dəqiq proqnozlaşdırmanı təmin edən çoxsaylı komponentlərə əsaslanır:”Burada çox təhlükəli erkən xəbərdarlıq sistemlərinin tətbiqi vacibdir. Çünki biz son zamanlar görürük ki, istilər, daşqınlar, quraqlıq və torpaq sürüşmələri kimi qarşılıqlı əlaqəli təhlükələr baş verir. Eyni vaxt çərçivəsində prosesi təhlil etmək və vaxtında xəbərdarlıq vermək lazım olur. Həmçinin Ağıllı Şəhər Texnologiyalarının tətbiqi vəziyyətin real vaxt rejimində izlənilməsinə və hadisə baş verməmişdən saatlar əvvəl tədbir görülməsinə imkan yaradır. Elmi məlumatlar icmalar tərəfindən başa düşülməsi və tətbiq edilməsi üçün sosial modellər mövcuddur. Bunlardan ən birincisi insan mərkəzli xəbərdarlıqların verilməsidir. Xəbərdarlıq mesajları sadə dildə, çoxkanallı və əhalinin həssas qruplarının xüsusiyyətləri nəzərə alınmaqla çatdırılır. İkincisi, icmaların fövqəladə hallara reaksiyasını artırmaq üçün təxliyə təlimləri keçirilir və ekoloji maarifləndirmə təşviq edilir. Üçüncüsü isə, İnklüziv Şəhərsalma layihələrinə üstünlüyün verilməsidir”.

Komitə sədrinin sözlərinə görə, aparılan monitorinqlər göstərir ki, fəlakət risklərinin idarəolunmasında ailədaxili məlumatlandırma və qadınların fəal iştirakı həlledici rol oynayır. Buna görə də erkən xəbərdarlıq komponenti yalnız texniki baxımdan deyil, eyni zamanda, sosial-maarifləndirici tədbirlər vasitəsilə də gücləndirilməlidir:”Uşaqlar üçün təhlükəsiz şəhər mühitinin yaradılması və onların iqlim risklərinə hazırlanması bizim gələcək qarşısında borcumuzdur. Şəhərləri elə planlaşdırmalıyıq ki, parklar, məktəblər və yaşayış zonaları, eyni zamanda, ekstremal hava hadisələri zamanı sığınacaq və dayanıqlı ekosistem funksiyasını yerinə yetirsin".

Müxbir - Göyçək Mahmudlu, Fidan Əlizadə
Fotoqraflar- Elşad Mirzə, Azər İbrahimov
Videooperator - İlham Nadirov
Seçilən
29
1
azertag.az

2Mənbələr