AZ

​Havadakı rütubəti içməli suya çevirib kəndlilərə verirlər

Dünyada su qıtlığı getdikcə daha ciddi problemə çevrilərkən, Mərakeşdə tətbiq edilən innovativ bir layihə diqqət çəkir. Ölkənin quraq bölgələrində qurulan xüsusi “duman toplama” sistemləri havadakı rütubəti içməli suya çevirərək kəndlərə çatdırır. Metbuat.az xəbər verir ki, Mərakeşin cənub-qərbində, Anti-Atlas dağları ilə Atlantik okeanı arasında yerləşdirilən böyük ölçülü xüsusi torlar Atlantik okeanından gələn nəmli havanı “tutur”. Bu torlarda toplanan su damcıları daha sonra anbarlara yığılır və borular vasitəsilə kəndlərə paylanır. Əvvəllər suya çıxışda ciddi çətinlik yaşayan bölgə sakinləri, xüsusilə qadınlar və uşaqlar kilometrlərlə yol gedərək su daşımaq məcburiyyətində qalırdı. Yeni sistemin istifadəyə verilməsi isə gündəlik həyatı xeyli asanlaşdırıb. Layihə çərçivəsində fəaliyyət göstərən təşkilatlar bildirir ki, müasir texnologiya sayəsində su toplama effektivliyi əvvəlki sistemlərlə müqayisədə xeyli artıb. Cüzi enerji sərfiyyatı ilə işləyən bu metod həm də ekoloji cəhətdən dayanıqlı həll kimi qiymətləndirilir. Bölgə əhalisi ilkin mərhələdə sistemə şübhə ilə yanaşsa da, sonradan suyun keyfiyyətinə və təhlükəsizliyinə əmin olduqdan sonra layihə geniş şəkildə qəbul edilib.

Birləşmiş Millətlər Təşkilatı bu təşəbbüsü iqlim dəyişikliyi ilə mübarizədə nümunəvi layihələrdən biri kimi dəyərləndirir və digər su qıtlığı yaşayan regionlar üçün də tətbiq oluna biləcəyini bildirir.

Seçilən
17
metbuat.az

1Mənbələr