Olaylar xəbər verir ki, bunu UN-Habitatın icraçı direktoru Anaklaudia Rossbax Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində təşkil olunan "Qlobal tərəfdaşlıq və qərar qəbulu " mövzusunda QHT Forumunda deyib.
Onun sözlərinə görə, hazırkı dövr UN-Habitat üçün strateji baxımdan xüsusi əhəmiyyət daşıyır. Belə ki, təşkilat 2026-2029-cu illəri əhatə edən yeni strateji planının icrasına başlayıb.
"Bu, hamı üçün mənzil təminatı, torpağa və əsas xidmətlərə çıxışın genişləndirilməsi, qeyri-rəsmi yaşayış məntəqələrinin transformasiyası və həssas ərazilərin dəstəklənməsinə xüsusi olaraq fokuslanmış yeni strateji planımızın icrasının ilk ilidir", - deyə Rossbax bildirib.
O qeyd edib ki, UN-Habitatın yaradılmasından 50 il və Yeni Şəhər Gündəliyinin qəbulundan 10 il sonra beynəlxalq ictimaiyyət təkcə mənzil tikməyin kifayət etmədiyinin fərqinə varıb.
"Bu gün anlayırıq ki, sadəcə ev tikmək kifayət deyil. Həqiqətən işləyən sistemlər qurmalıyıq. İcmalar, şəhərlər, sosial həmrəylik və ictimai müqavilə formalaşdırmalıyıq", - deyə Rossbax vurğulayıb.
Qeyd edək ki, bu gün Bakıda WUF13-ün üçüncü günü keçirilir.
Forumun ilk günündə Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər görüşü, nazirlərin dəyirmi masası, qadın və vətəndaş cəmiyyəti assambleyaları, biznes sessiyaları və şəhərlərin rifahı ilə bağlı müzakirələr baş tutub. Forum çərçivəsində həmçinin BMT və Azərbaycan bayraqlarının qaldırılması mərasimi keçirilib.
Forumun ikinci günü ilk dəfə təşkil olunan Liderlər Sammiti ilə diqqət çəkib. Həmin gün qlobal mənzil böhranı, urbanizasiya siyasəti və şəhərlərin dayanıqlılığına həsr olunmuş yüksək səviyyəli müzakirələr keçirilib. Eyni zamanda, WUF13 çərçivəsində Mexiko şəhərinin pavilyonunun açılışı olub. Pavilyon Latın Amerikası regionu ilə əməkdaşlığın genişləndirilməsi və WUF14-ə hazırlıq üçün mühüm platforma kimi təqdim edilib.
182 ölkədən 40 mindən çox iştirakçının qeydiyyatdan keçdiyi WUF13 mayın 22-dək davam edəcək. "Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri" şüarı ilə keçirilən forum şəhərlərin dayanıqlı inkişafı sahəsində qlobal əməkdaşlığın gücləndirilməsi məqsədilə hökumətləri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirir.