Cebheinfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Ali məktəblərə qəbul prosesi hər il olduğu kimi bu il də abituriyentlərin və valideynlərin diqqət mərkəzindədir.
Buraxılış imtahanlarının nəticələri artıq ilkin mənzərəni ortaya qoysa da, həlledici mərhələ kimi qiymətləndirilən blok imtahanları hələ qarşıdadır. Məhz bu mərhələ keçid ballarının formalaşmasında əsas rol oynayacaq.
Həmçinin, buraxılış mərhələsində bəzi fənlər üzrə göstəricilərin ötən illərlə müqayisədə fərqli dinamika nümayiş etdirməsi qəbul prosesinə dair müxtəlif proqnozları da gündəmə gətirib.
Bu dəyişikliklər təkcə ümumi nəticələrə deyil, həm də ixtisaslar üzrə rəqabət səviyyəsinə və keçid ballarının formalaşmasına birbaşa təsir göstərə bilər.
Bu il keçid ballarında hansı dəyişikliklər gözlənilir və bu dəyişikliklər hansı ixtisaslara təsir göstərə bilər?
Mövzu ilə bağlı "Cebheinfo.az"-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi bildirib ki, bu il abituriyent sayı artdığı üçün ixtisaslar üzrə rəqabətin daha güclü olacağı gözlənilir:

"Artıq Dövlət İmtahan Mərkəzi tərəfindən ali təhsil müəssisələrinə, o cümlədən orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanları keçirilib. Belə ki, orta ixtisas təhsili müəssisələrinə birbaşa qəbul imtahanı, ali təhsil müəssisələrinə isə qəbul imtahanının birinci mərhələsi hesab edilən buraxılış imtahanları baş tutub.
Hazırda ümumi nəticələri təhlil edərkən görürük ki, ötən illərlə müqayisədə bu il nəticələr, demək olar ki, daha yaxşıdır. Ümumi orta göstəricilər, o cümlədən yüksək bal toplayan abituriyentlərin sayı onu deməyə əsas verir ki, ixtisaslar üzrə ciddi rəqabət mühiti formalaşacaq.
Xüsusilə bu il ali təhsil müəssisələrinə müraciət edən abituriyentlərin sayı ixtisas qrupları üzrə artıb. Elə ixtisas qrupları var ki, həmin istiqamətlərdə abituriyent sayı 2000-3000 nəfər daha çoxdur. Bu artım isə gərgin müsabiqə və seçim prosesinin olacağını vəd edir".
Ekspert qeyd edib ki, ixtisaslar üzrə dəyişikliklərə gəldikdə, əmək bazarında daha çox tələb olunan sahələrdə rəqabətlilik müşahidə olunacaq:
"Bu da həmin ixtisasların keçid ballarında müəyyən qədər dəyişikliklərə səbəb ola bilər. Bu il düşünürük ki, gənclərin daha çox maraq göstərdiyi və əmək bazarında tələb olunan istiqamətlər üzrə keçid ballarında artım qeydə alına bilər.
O cümlədən pedaqoji ixtisaslar, hüquq sahəsi, tibb və səhiyyə istiqamətləri, iqtisadiyyat ixtisasları, xüsusilə informasiya texnologiyaları (IT) yönümlü sahələrdə bal artımı müşahidə oluna bilər. Bu baxımdan abituriyentləri seçim zamanı diqqətli olmağa çağırırıq.
Qarşıdan blok imtahanları gəlir və həmin imtahanların nəticələri də mühüm əhəmiyyət kəsb edir. Blok imtahanlarının nəticələrindən sonra ümumi vəziyyətin necə olacağını daha dəqiq qiymətləndirmək mümkün olacaq".
Gülər Həsənli
"Cebheinfo.az"
Açar sözlər:
imtahan Elçin Əfəndi
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.