AZ

Azərbaycanın urban inkişaf modeli: Tarix, modernləşmə və dayanıqlı gələcək

Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına (WUF13) dünyanın böyük diqqəti, rekord sayda iştirakçıların qatılması təkcə hər birimiz üçün qürurverici mənzərə deyil. Eyni zamanda bu, məkan olaraq Azərbaycanın seçilməsinin bir daha təsadüfi olmadığını bütün dünyaya nümayiş etdirir. Bu seçim təkcə təşkilati və texniki imkanların qiymətləndirilməsi ilə məhdudlaşmır, habelə Azərbaycanın qlobal şəhərsalma və dayanıqlı inkişaf diskursunda artan iştirakçılığının göstəricisi kimi çıxış edir.  

Azərbaycanın qlobal urban platformaya ev sahibliyi etməsi təsadüfi deyil, dedik. Burada diqqət çəkən mühüm məqamlardan birincisi xalqımızın tarixən şəhəryaradan sivilizasiya ənənəsinə malik olmasıdır. Bu aspekt urbanizasiya məsələsinin yalnız müasir inkişaf strategiyası deyil, həm də tarixi-mədəni kontinuallıq çərçivəsində qiymətləndirilməsinə imkan verir.

kCVRVI0CaaZbUkVNHTnr1cNuqPqibXJVoomqT8yN_1200.jpg

Bu nə deməkdir? O deməkdir ki, Azərbaycan ərazisi qədim dövrlərdən etibarən Şərq urbanizasiyasının mühüm mərkəzlərindən biri kimi formalaşıb. Tarixi mənbələr və arxeoloji tədqiqatlar sübut edir ki, bu coğrafiyada şəhər mədəniyyətinin təşəkkülü erkən dövlətçilik ənənələri, ticarət yolları və sənətkarlıq mərkəzlərinin inkişafı ilə paralel şəkildə baş verib. Xüsusilə Böyük İpək Yolunun üzərində yerləşən Azərbaycan şəhərləri yalnız iqtisadi mübadilə məkanı deyil, eyni zamanda siyasi idarəetmə, elmi fikir və mədəni inteqrasiyanın daşıyıcıları olub. Konkretləşdirsək, bu sırada Qəbələ, Gəncə, Naxçıvan, Şamaxı və digər şəhərlərin adını çəkə bilərik. Məsələn, Qafqaz Albaniyasının paytaxtı olmuş Qəbələ regionun erkən urban mərkəzlərindən biri hesab edilir. Arxeoloji qazıntılar burada inkişaf etmiş şəhər planlaşdırılması, müdafiə infrastrukturu və sənətkarlıq ənənələrinin mövcudluğunu təsdiqləyir. Qəbələ nümunəsi Azərbaycan ərazisində şəhər həyatının təsadüfi deyil, sistemli sivilizasiya prosesinin nəticəsi olduğunu göstərir. Gəncə isə orta əsr Şərqinin ən böyük şəhərlərindən biri kimi urban inkişafın mühüm nümunəsidir. Bura yalnız iqtisadi və sənətkarlıq mərkəzi deyil, həm də intellektual və ədəbi mühitin formalaşdığı şəhər olub. Şəhərin memarlıq ənənələri, bazar sistemi, məhəllə strukturu və ictimai institutları klassik Şərq şəhər modelinin inkişaf etmiş formasını əks etdirir. Bu mənada Gəncə urban mədəniyyətin sosial təşkilatlanma ilə qarşılıqlı əlaqəsinin tarixi nümunəsi kimi çıxış edir. Naxçıvan Azərbaycanın qədim şəhərsalma ənənələrinin davamlılığını göstərən digər mühüm mərkəzdir. Naxçıvan müxtəlif dövrlərdə regional siyasi və iqtisadi mərkəz funksiyasını yerinə yetirib, burada formalaşan memarlıq məktəbi isə İslam Şərqinin urban-estetik düşüncəsinə mühüm təsir göstərib. Xüsusilə Əcəmi memarlıq ənənəsi şəhər məkanının funksional və estetik təşkilinin sintezini nümayiş etdirir. Azərbaycanın şəhəryaradan xalq kimi formalaşmasının tarixi sübutlarından biri də Şamaxıdır. Orta əsrlərdə Şirvanşahlar dövlətinin əsas mərkəzlərindən biri olan Şamaxı siyasi idarəetmə, ticarət və mədəniyyət baxımından regionun aparıcı şəhərlərindən hesab olunurdu. Şəhərin dəfələrlə dağıdıcı zəlzələlərə məruz qalmasına baxmayaraq, yenidən qurulması burada urban həyatın yüksək davamlılıq və adaptasiya qabiliyyətinə malik olduğunu göstərir.

Bu və digər tarixi şəhərlərimiz Azərbaycanın urban identikliyinin tarixi əsaslarını formalaşdırır. Bu identiklik yalnız fiziki şəhər məkanlarının mövcudluğu ilə deyil, şəhər idarəetməsi, sənətkarlıq iqtisadiyyatı, ictimai institutlar və memarlıq düşüncəsinin çoxəsrlik inkişafı ilə xarakterizə olunur.

İkinci məqam Azərbaycanın son illərdə həyata keçirdiyi şəhərsalma siyasətində urban inkişafın institusional modernizasiya ilə paralel şəkildə aparılmasıdır. Bu proses tarixi-mədəni irsin qorunması ilə bərabər həyata keçirilir. Müasir şəhərsalma nəzəriyyələrində “tarixi kontinuitet” və “urban identiklik” anlayışları xüsusi əhəmiyyət daşıyır. Azərbaycan təcrübəsində də şəhərlərin modernləşdirilməsi yalnız yeni infrastrukturun qurulması ilə məhdudlaşmır, habelə tarixi memarlıq irsinin, ənənəvi şəhər məkanlarının və mədəni yaddaşın qorunmasını ehtiva edir.

Qeyd etməliyik ki, Azərbaycanda şəhərsalma siyasəti “mühafizəkar modernləşmə” modeli çərçivəsində inkişaf edir; burada tarixi irs urban transformasiyanın alternativi deyil, onun tərkib hissəsi kimi çıxış edir və bu siyasət daha sistemli, institusional və strateji xarakter alıb. Azərbaycanın urban inkişaf modeli artıq lokal infrastruktur layihələri səviyyəsindən çıxaraq dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Son illərdə həyata keçirilən layihələr göstərir ki, şəhərsalma Azərbaycanda yalnız tikinti və infrastruktur fəaliyyəti deyil, həm də sosial rifahın yüksəldilməsi, ekoloji tarazlığın qorunması, mədəni irsin yaşadılması və regional inkişafın təmin olunmasına xidmət edən kompleks dövlət siyasəti kimi qəbul edilir.

Ən vacib məqama gəlincə, bu, post-münaqişə məkanlarının yenidən qurulması prosesidir. Azad edilmiş ərazilərdə tətbiq olunan “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları klassik rekonstruksiya modelindən fərqli olaraq rəqəmsal texnologiyalar, yaşıl enerji, dayanıqlı resurs idarəçiliyi və innovativ urban planlaşdırma prinsiplərinə əsaslanır. Bu yanaşma post-konflikt regionlarında urban inkişafın yeni modelinin formalaşdırılması baxımından beynəlxalq səviyyədə maraq doğuran nümunə kimi qiymətləndirilə bilər. Xüsusilə BMT-nin dayanıqlı inkişaf məqsədləri çərçivəsində təhlükəsiz, inklüziv və davamlı yaşayış məkanlarının yaradılması prioriteti ilə Azərbaycanın həyata keçirdiyi yenidənqurma siyasəti arasında konseptual uyğunluq müşahidə olunur.

f8bf6fd8-3a66-392c-a358-19727c1b9dc3_1200.jpg

Şuşa, Ağdam, Füzuli, Zəngilan və digər yaşayış məntəqələrində aparılan yenidənqurma işləri yalnız dağıdılmış urban məkanın fiziki bərpası deyil, o cümlədən yeni şəhərsalma fəlsəfəsinin tətbiqi kimi qiymətləndirilə bilər. Burada həyata keçirilən layihələr “ağıllı şəhər” və “ağıllı kənd” modelləri, rəqəmsal idarəetmə infrastrukturu, yaşıl enerji texnologiyaları, ekoloji davamlılıq və funksional məkan planlaşdırılması prinsiplərinə əsaslanır. Beləliklə, Azərbaycan post-konflikt məkanlarının urban transformasiyası sahəsində yeni normativ model formalaşdırmağa çalışan dövlətlərdən biridir.

Müasir beynəlxalq münasibətlər sistemində münaqişələrin, regional qarşıdurmaların və humanitar böhranların artdığı bir dövrdə Azərbaycan həm post-münaqişə rekonstruksiyası həyata keçirən, həm də beynəlxalq əməkdaşlıq platforması yaradan dövlət kimi nadir rast gəlinən nümunə sərgiləyir.  Xüsusilə qlobal tədbirlərin Azərbaycanda keçirilməsi ölkənin beynəlxalq sistemdə təhlükəsiz, sabit və etibarlı dialoq məkanı kimi qəbul olunduğunu göstərir. İqlim dəyişikliyi, dayanıqlı urbanizasiya, enerji təhlükəsizliyi və post-münaqişə inkişafı kimi məsələlərin Bakıda müzakirəyə çıxarılması Azərbaycanın beynəlxalq siyasi sistemdə artan funksional rolunu isbat edir.

Ölkəmizdə keçirilən şəhərsalma forumuna böyük diqqətin səbəblərindən daha birisi Azərbaycanın geostrateji mövqeyidir. Cənubi Qafqaz regionunda yerləşən Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişmə nöqtəsində olduğu üçün transmilli kommunikasiya və logistika sistemində mühüm funksional rol oynayır. Müasir beynəlxalq münasibətlər nəzəriyyəsində “bağlayıcı dövlət” konsepsiyası ilə izah edilən bu status Azərbaycanın müxtəlif regionlar arasında siyasi və iqtisadi dialoq platformasına çevrilməsinə şərait yaradır.

nK5KPvqZPyfy3hO9PV1OzdKa65yT5UYhs1RiWhPL_1200.jpg

Başqa sözlə, Bakının WUF13 kimi qlobal urban platformaya ev sahibliyi etməsi şəhərsalma məsələlərinin yalnız lokal deyil, həm də geosiyasi və geoiqtisadi aspektlərdə müzakirəsinə imkan verir. Bununla yanaşı, Azərbaycanın beynəlxalq tədbirlərin təşkili sahəsində formalaşdırdığı institusional təcrübə də nəzərə alınmalıdır. Son illərdə ölkənin ev sahibliyi etdiyi çoxtərəfli beynəlxalq forumlar və sammitlər dövlətin yüksək səviyyəli koordinasiya, təhlükəsizlik və logistika imkanlarını ortaya qoyub. Bu amil beynəlxalq təşkilatlar üçün etibarlı tərəfdaşlıq mühiti formalaşdırmaqla yanaşı, Azərbaycanın qlobal idarəetmə platformalarında iştirak imkanlarını da genişləndirir.

Beləliklə, Azərbaycanın müasir şəhərsalma modeli tarixi urbanizasiya ənənələrinin, milli-mədəni irsin qorunmasının, strateji dövlət idarəçiliyinin və post-münaqişə rekonstruksiyası təcrübəsinin sintezindən formalaşan kompleks inkişaf modeli kimi qiymətləndirilə bilər. Bu model həm regional urban inkişaf baxımından, həm də beynəlxalq şəhərsalma diskursu kontekstində xüsusi analitik əhəmiyyət daşıyır.

335243.jpg

Elman BABAYEV, Əməkdar jurnalist

Seçilən
25
musavat.com

1Mənbələr