AZ

Sağlam və uzunömürlü həyatın AMİLLƏRİ

Ümumi praktika həkimləri Lucy Hooper və Mohammed Enayat bildiriblər ki, sağlam qidalanma və müntəzəm fiziki aktivlik ömrün uzanmasına kömək etsə də, uzunömürlülük üçün ən vacib amillər yuxu keyfiyyəti və stressin düzgün idarə olunmasıdır.

Redaktor.az bu barədə xarici mediaya istinadla xəbər verir.

Mütəxəssislərin sözlərinə görə, insanların ümumi ömür uzunluğu ilə sağlam yaşadıqları illər arasında orta hesabla 10–20 il fərq olur. Bu isə qocalma prosesində həyat tərzinin həlledici rol oynadığını göstərir.

Həkimlər qeyd edirlər ki, siqaretdən imtina, balanslı qidalanma, kifayət qədər zülal və lif qəbulu, həmçinin müntəzəm idman xroniki xəstəliklərin riskini azaldır və ümumi ölüm göstəricilərini aşağı salır.

Bununla yanaşı, keyfiyyətli yuxu orqanizmin bərpası, hormonal balansın qorunması, beyin fəaliyyəti və iltihabın azalması baxımından mühüm əhəmiyyət daşıyır. Yuxu rejiminin pozulması isə həm daxili orqanların, həm də xarici görünüşün daha sürətli qocalmasına səbəb ola bilər.

Ekspertlər stressin tam aradan qaldırılmasının mümkün olmadığını, lakin onun təsirini azaltmaq üçün idman, təbiətdə gəzinti, meditasiya və sosial ünsiyyət kimi üsullardan istifadə etməyin vacib olduğunu vurğulayırlar.

NURİYYƏ

Seçilən
25
1
redaktor.az

2Mənbələr