Şəhərlərin demək olar ki, sıfırdan yenidən qurulması prosesi şəhərsalma prinsiplərinin tətbiqi əsasında həyata keçirilir. Bu prinsiplər insan mərkəzli yanaşmaya əsaslanır və yalnız infrastrukturun inkişafı ilə məhdudlaşmır.
Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin aparat rəhbərinin müavini Gülşən Rzayeva WUF13 çərçivəsində sülhyönümlü iqlim fəaliyyəti mövzusunda keçirilən tədbirdə deyib.
G.Rzayeva bildirib ki, əlçatanlıq və məkan planlaşdırılması bu regionda kompleks yanaşmanın əsas hissəsidir:
"Dövlət Şəhərsalma və Arxitektura Komitəsi olaraq biz bütün təşəbbüsləri ilk növbədə şəhərlərin inkişafına, eyni zamanda yerləşdikləri regionlarda sülhün və sabitliyin möhkəmlənməsinə xidmət edən vacib addımlar kimi qiymətləndiririk".
Bu baxımdan bu gün təqdim olunan təşəbbüs xüsusi əhəmiyyət daşıyır. Səhv etmirəmsə, bu təşəbbüsün əsası COP29 çərçivəsində qoyulub və həmin platformada təqdim edilib".
Aparat rəhbərinin müavini vurğulayıb ki, təşəbbüsün əsas məqsədi münaqişədən zərər görmüş və ya bərpa prosesindən keçən ölkələrə dəstək göstərməkdir:
"Bu ölkələr yalnız yenidənqurma və tikinti mərhələsindən keçmir, eyni zamanda şəhər maliyyəsinin inkişaf etdirilməsinə, investisiyaların cəlb olunmasına və şəhər mühitində icma inkişafının təmin edilməsinə ehtiyac duyurlar.
Təşəbbüsün inklüziv yanaşması bir tərəfdən Azərbaycanın modelini təqdim etməyə, digər tərəfdən isə bu kimi problemlərin həlli istiqamətində layihələrə maliyyə resurslarının cəlb olunmasına və səfərbər edilməsinə xidmət edir.
Eyni zamanda, layihələrin beynəlxalq maliyyə institutlarının tələblərinə uyğun olması üçün standartların və keyfiyyət təminatı mexanizmlərinin tətbiqi nəzərdə tutulur".
O əlavə edib ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi digər dövlət qurumları, xüsusilə Xarici İşlər Nazirliyi ilə sıx əməkdaşlıq çərçivəsində həm Azərbaycan xalqının, həm də qlobal ictimaiyyətin maraqlarına xidmət edən unikal təşəbbüslərin hazırlanmasında iştirak etdiyi üçün qürurludur.
"İnanıram ki, təşəbbüsün özü ilə yanaşı, onun çərçivəsində hazırlanacaq tələblər və standartlar da tərəfdaşlarla birlikdə formalaşdırılaraq qlobal ictimaiyyətin inkişaf problemlərinin həllinə töhfə verəcək.
Ən vacibi isə şəhərlərin gələcəkdə müraciət edə biləcəyi, problemlərinin həlli üçün istifadə olunacaq beynəlxalq platformaların yaradılmasıdır.
COP29-da irəli sürülən və WUF13-də təqdim olunan bu təşəbbüsün gələcəkdə digər beynəlxalq platformalarda da inkişaf etdirilərək təşviq olunacağına inanıram".
Qeyd edək ki, WUF13 mayın 17-dən 22-dək BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin əməkdaşlığı çərçivəsində Bakıda keçirilir.
Tədbirin proqramı mənzil təminatı məsələsi kimi dünyanın ən aktual problemlərindən birinin müzakirəsi üçün müxtəlif maraqlı tərəfləri və həmfikir qrupların nümayəndələrini bir araya gətirir.
"Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri" mövzusuna həsr olunmuş WUF13 tədbiri dünyanın müxtəlif ölkələrinin milli hökumətlərini, eləcə də icmaları, mütəxəssisləri və tərəfdaşları fikir mübadiləsi aparmaq, siyasi yanaşmalar formalaşdırmaq və dayanıqlı şəhər inkişafı sahəsində həll yollarının tapılması istiqamətində fəaliyyəti sürətləndirmək üçün bir araya gətirir.
Proqram praktiki və həll yönümlü platformalar, həmçinin interaktiv görüş formatları vasitəsilə yüksək səviyyəli müzakirələrin aparılması üçün imkan yaradır və qlobal siyasətin yerli təcrübəyə əsaslanmasını təmin edir.