AZ

Azərbaycan postböhran və postmünaqişə ölkələri üçün bir model hazırlayır - Gülşən Rzayeva

Azərbaycan Qarabağ və Şərqi-Zəngəzur ərazilərinin bərpası və yenidən qurulması üzrə mühüm təcrübə ilə çıxış edir.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin aparat rəhbərinin müavini Gülşən Rzayeva WUF13 çərçivəsində sülhyönümlü iqlim fəaliyyəti mövzusunda keçirilən tədbirdə deyib.

O bildirib ki, yenidənqurma geniş və sistemli şəkildə aparılır:

"Azərbaycan postböhran və postmünaqişə ölkələri üçün bir model hazırlayır. Bu yenidənqurma prosesi yalnız binaların bərpasını deyil, eyni zamanda şəhərlərin, cəmiyyətlərin və insanların həyatının yenidən qurulmasını əhatə edir və nəticədə regionun ümumi gücünü artırır".

Qeyd edək ki, WUF13 mayın 17-dən 22-dək BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin əməkdaşlığı çərçivəsində Bakıda keçirilir.

Tədbirin proqramı mənzil təminatı məsələsi kimi dünyanın ən aktual problemlərindən birinin müzakirəsi üçün müxtəlif maraqlı tərəfləri və həmfikir qrupların nümayəndələrini bir araya gətirir.

"Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri" mövzusuna həsr olunmuş WUF13 tədbiri dünyanın müxtəlif ölkələrinin milli hökumətlərini, eləcə də icmaları, mütəxəssisləri və tərəfdaşları fikir mübadiləsi aparmaq, siyasi yanaşmalar formalaşdırmaq və dayanıqlı şəhər inkişafı sahəsində həll yollarının tapılması istiqamətində fəaliyyəti sürətləndirmək üçün bir araya gətirir.

Proqram praktiki və həll yönümlü platformalar, həmçinin interaktiv görüş formatları vasitəsilə yüksək səviyyəli müzakirələrin aparılması üçün imkan yaradır və qlobal siyasətin yerli təcrübəyə əsaslanmasını təmin edir.

Seçilən
21
day.az

1Mənbələr