AZ

Vardanyan namizədliyi: insan hüquqları mükafatı, yoxsa siyasi seçim?

ain.az, Bizimyol portalına istinadən məlumat verir.

Ruben Vardanyanın Vatslav Havel Human Rights Prize mükafatına namizəd göstərilməsi ciddi mübahisələr doğurur, çünki bu addım onun siyasi fəaliyyəti ilə bağlı Azərbaycanda və regionda formalaşmış narahatlıqları kölgədə qoya bilər. Bir çox baxışa görə, belə bir namizədlik insan hüquqları dəyərlərinin universallığına zidd şəkildə qiymətləndirilir və bu, mükafatın obyektivliyinə dair suallar yaradır.

Ekspertlər hesab edir ki, münaqişə sonrası həssas reallıqlar nəzərə alınmadan verilən bu cür qərarlar ədalət prinsipinə zərər vura bilər.

Politoloq Anar İsayev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, beynəlxalq insan hüquqları mükafatlarının legitimliyi və nüfuzu əsasən onların obyektivlik, şəffaflıq və universal hüquq prinsiplərinə nə dərəcədə sadiq qalmasından asılıdır. Siyasi baxımdan mübahisəli şəxslərlə bağlı qərarlarda neytrallığın qorunması xüsusilə çətin olur, çünki müxtəlif dövlətlər, cəmiyyətlər və beynəlxalq aktorlar həmin şəxsləri tam fərqli prizmalardan qiymətləndirirlər. Bu səbəbdən bir neçə prinsip həlledici əhəmiyyət daşıyır.

Əvvəla, namizədin hansı fəaliyyətinə görə irəli sürüldüyü açıq şəkildə göstərilməlidir. Əgər mükafat konkret insan hüquqları fəaliyyəti üçün verilirsə, həmin fəaliyyət siyasi və ya geosiyasi simpatiyalardan ayrılıqda izah edilməlidir. Şəffaflıq olmadıqda “siyasi seçim” görüntüsü yaranır.

İkincisi, münaqişə tərəflərinin həssaslıqlarının nəzərə alınması vacibdir. Münaqişə və ya postmünaqişə şəraitində bir tərəfdə hüquq müdafiəçisi kimi görünən şəxs, digər tərəfdə təhlükəsizlik və ədalət baxımından ciddi narahatlıq doğura bilər. Buna görə beynəlxalq qurumlar yalnız fərdi bioqrafiyaya deyil, regional təsirlərə və ictimai qavrayışa da diqqət etməlidir.

Üçüncüsü isə müstəqil və çoxtərəfli ekspertizadır. Qərarların müxtəlif regionlardan olan hüquqşünaslar, akademiklər və insan hüquqları ekspertləri tərəfindən qiymətləndirilməsi balansı gücləndirə bilər. Tək siyasi və ya ideoloji çevrələrin dominantlığı obyektivliklə bağlı şübhələri artırır.

Politoloqun fikrincə, xüsusilə həmin şəxslə bağlı müharibə, zorakılıq, separatizm və ya maliyyə fəaliyyəti ilə bağlı ciddi ittihamlar mövcuddursa, bunların da diqqətlə araşdırılması vacibdir. Beynəlxalq təşkilatlar “selektiv yanaşma” görüntüsündən qaçmalıdır.

Anar İsayev hesab edir ki, insan hüquqları prinsipləri yalnız müəyyən siyasi düşərgələrə münasibətdə tətbiq ediləndə etimad azalır. Eyni standartların bütün regionlara və tərəflərə tətbiqi mükafatların nüfuzunu qoruyan əsas amildir.

O qeyd edir ki, Vardanyan məsələsində mübahisənin əsas səbəbi də budur: bəzi beynəlxalq dairələr onu humanitar və siyasi hüquqlar kontekstində qiymətləndirsə də, Azərbaycanda onun Qarabağdakı fəaliyyəti təhlükəsizlik, separatizm və münaqişə kontekstində qəbul olunur. Buna görə belə namizədliklər həm hüquqi, həm də siyasi və etik müzakirələr doğurur.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
24
bizimyol.info

1Mənbələr