AZ

İqlim dayanıqlığı və inklüziv urbanizasiya Azərbaycan üçün milli prioritetlərdir - Gülşən Rzayeva

Azərbaycan üçün iqlim dayanıqlığı və inklüziv urbanizasiya əsas milli prioritetlərdir.

Bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Aparatı rəhbərinin müavini Gülşən Rzayeva Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Qlobal mənzil böhranı: fəaliyyət planı necə olmalıdır?" mövzusunda dialoqun gedişində bildirib.

"Azərbaycan üçün iqlim dayanıqlılığı və inklüziv urbanizasiya əsas milli prioritetlərdir və bizim "Azərbaycan 2030" milli prioritetlərinə tam inteqrasiya olunub. Biz şəhər planlaşdırılmasını sosial fərqlərin aradan qaldırılması və sürətli artımın idarə olunması üçün strateji alət kimi qiymətləndiririk", - deyə o bildirib.

Onun sözlərinə görə, Yeni Şəhər Gündəliyi prinsiplərinin tətbiqinin ən parlaq nümunələrindən biri Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən "Böyük Qayıdış" proqramıdır.

"İşğal dövründə təxminən 30 il ərzində dağıntıya məruz qalmış, zərər vurulmuş bu ərazilərdə genişmiqyaslı bərpa və inkişaf işləri aparılır. Yeni Şəhər Gündəliyinin prinsipləri və şəhər planlaşdırılmasına yeni yanaşma həqiqətən də həmin ərazilərdə layihələrimizin və planlaşdırma fəaliyyətimizin əsasını təşkil edib. Bu ərazilər dayanıqlılıq, inklüzivlik və davamlılıq prinsipləri əsasında qurulur: ağıllı şəhərlər və ağıllı kəndlər, yaşıl enerji zonaları, iqlimə həssas planlaşdırma, əvvəldən bu prosesin əsas istiqamətlərdəndir", - deyə G.Rzayeva qeyd edib.

Qeyd edək ki, WUF13 mayın 17-dən 22-dək BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin əməkdaşlığı çərçivəsində Bakıda keçirilir.

Tədbirin proqramı mənzil təminatı məsələsi kimi dünyanın ən aktual problemlərindən birinin müzakirəsi üçün müxtəlif maraqlı tərəfləri və həmfikir qrupların nümayəndələrini bir araya gətirir.

"Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri" mövzusuna həsr olunmuş WUF13 tədbiri dünyanın müxtəlif ölkələrinin milli hökumətlərini, eləcə də icmaları, mütəxəssisləri və tərəfdaşları fikir mübadiləsi aparmaq, siyasi yanaşmalar formalaşdırmaq və dayanıqlı şəhər inkişafı sahəsində həll yollarının tapılması istiqamətində fəaliyyəti sürətləndirmək üçün bir araya gətirir.

Proqram praktiki və həll yönümlü platformalar, həmçinin interaktiv görüş formatları vasitəsilə yüksək səviyyəli müzakirələrin aparılması üçün imkan yaradır və qlobal siyasətin yerli təcrübəyə əsaslanmasını təmin edir. Trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
37
13
olaylar.az

10Mənbələr