AZ

Alimlərdən maraqlı araşdırma: Bir həftə oruc tutmaq orqanizmdə hansı dəyişiklikləri yaradır?

Uzunmüddətli aclığın insan orqanizmində yalnız yağ yandırılması deyil, həm də beyin, maddələr mübadiləsi və immun sistemini əhatə edən geniş dəyişikliklər yaratdığı müəyyən olunub.

Editor.az xəbər verir ki, bu nəticəyə Queen Mary University of London və Norwegian School of Sport Sciences alimlərinin apardığı tədqiqat zamanı gəlinib. Araşdırmanın nəticələri Nature Metabolism jurnalında dərc olunub.

Tədqiqat çərçivəsində 12 sağlam könüllü yeddi gün ərzində yalnız su qəbul edərək aclıq rejimində müşahidə olunub. Alimlər hər gün iştirakçılardan qan nümunələri götürərək orqanizmdə dövr edən təxminən 3 min zülalın fəaliyyətini izləyiblər.

Araşdırma göstərib ki, 2–3 gündən sonra orqanizm qlükoza istifadəsindən yağ ehtiyatlarının yandırılmasına keçir. İştirakçılar orta hesabla 5,7 kiloqram çəki itiriblər. Çəki itkisi həm yağ, həm də əzələ toxuması hesabına baş verib. Qidalanma bərpa olunduqdan sonra əzələ kütləsinin böyük hissəsi geri qayıtsa da, yağ itkisi qismən qorunub saxlanılıb.

Alimlərin sözlərinə görə, ən diqqətçəkən nəticə molekulyar dəyişikliklərin aclığın ilk günlərində deyil, təxminən üçüncü gündən sonra başlaması olub. Tədqiq olunan zülalların üçdə birindən çoxunun fəaliyyəti ciddi şəkildə dəyişib. Xüsusilə toxuma və orqanların strukturunu dəstəkləyən hüceyrəxarici matrikslə əlaqəli zülallarda güclü dəyişikliklər qeydə alınıb.

Araşdırma zamanı iltihab, maddələr mübadiləsi və beyin fəaliyyəti ilə bağlı bioloji proseslərdə də dəyişiklik əlamətləri aşkarlanıb. Tədqiqat müəllifləri hesab edirlər ki, bu nəticələr aclığın niyə bəzən arıqlamadan əlavə təsirlərlə əlaqələndirildiyini izah edə bilər.

Bununla yanaşı, alimlər uzunmüddətli aclığın hər kəs üçün təhlükəsiz hesab edilməməsi barədə xəbərdarlıq ediblər. Bildirilib ki, belə qidalanma rejimi iltihabın artması, qanın laxtalanmasında dəyişiklik, susuzlaşma və elektrolit balansının pozulması kimi risklər yarada bilər.

//Gülnarə Abasova, Editor.az

Seçilən
25
editor.az

1Mənbələr