AZ

ABŞ İranın neft sanksiyalarını müvəqqəti yumşalda bilər

Vaşinqtonun Tehranla danışıqlar prosesini dəstəkləmək üçün məhdud güzəştləri nəzərdən keçirdiyi bildirilib...

Poliqon xəbər verir ki, ABŞ ilə İran arasında aparılan danışıqlarla bağlı yeni məlumat yayılıb. Tasnim News Agencynin iddiasına görə, Vaşinqton yeni danışıqlar təklifində İrana qarşı tətbiq edilən neft sanksiyalarının müvəqqəti şəkildə yumşaldılmasına razılıq verə bilər.

Məlumata əsasən, ABŞ tərəfi yekun razılaşma əldə olunana qədər müəyyən müddət ərzində neft ixracı ilə bağlı məhdudiyyətlərin qismən dayandırılmasını nəzərdən keçirir. Söhbət sanksiyaların tam ləğvindən deyil, danışıqlar prosesinin davam etdirilməsi üçün nəzərdə tutulan müvəqqəti mexanizmdən gedir.

Bildirilir ki, Tehran bütün iqtisadi və maliyyə sanksiyalarının tam şəkildə aradan qaldırılmasını tələb edir. Vaşinqton isə yalnız yekun saziş imzalanana qədər ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət Ofisi — OFAC vasitəsilə müvəqqəti icazələrin verilməsini təklif edir.

Müşahidəçilərin fikrincə, belə bir addım tərəflər arasında diplomatik təmasların qorunmasına və nüvə proqramı ətrafında aparılan müzakirələrin davam etməsinə xidmət edə bilər. Eyni zamanda, ABŞ administrasiyasının İran neftinin qlobal bazara qayıdışını tam şəkildə sərbəst buraxmağa hələlik hazır olmadığı vurğulanır.

Ekspertlər hesab edir ki, mümkün güzəştlər beynəlxalq enerji bazarlarında da müəyyən təsirlər yarada bilər. Xüsusilə İran neft ixracının qismən bərpası dünya bazarında təklifin artmasına səbəb ola və enerji qiymətlərinə təsir göstərə bilər.

Poliqon.info

Seçilən
50
5
poliqon.info

6Mənbələr