AZ

Daha bir ölkədə hantavirus TAPILDI

Cebheinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Üç nəfərin ölümünə səbəb olan hantavirus epidemiyasının mərkəzindəki "MV Hondius" adlı sərnişin gəmisindən Kanadaya qayıdan və karantində saxlanılan dörd nəfərdən birinin test nəticəsi pozitiv çıxıb.

"Cebheinfo.az" xəbər verir ki, Kanada Səhiyyə Nazirliyinin rəsmiləri hantavirus (siçan virusu) epidemiyasının yaşandığı Niderland bayraqlı sərnişin gəmisində olan və ölkələrinə qayıtdıqdan sonra Britaniya Kolumbiyası (British Columbia) bölgəsində karantinə alınan dörd Kanada vətəndaşından birində virus aşkar edildiyini açıqlayıblar.

Səhiyyə Nazirliyinin rəsmisi doktor Bonni Henri keçirdiyi mətbuat konfransında yüngül qızdırma və baş ağrısı şikayətləri başlayan xəstənin Viktoriyadakı bir xəstəxanaya yerləşdirilərək təcrid olunduğunu və ilkin testlərin pozitiv nəticə verdiyini bəyan edib. Rəsmi  xəstənin vəziyyətinin hazırda stabil olduğunu və prosesin lap əvvəldən planlaşdırıldığı kimi ciddi nəzarət altında irəlilədiyini bildirib.

Xəstəliyə yoluxan şəxsin eyni gəmidə səyahət etdiyi həyat yoldaşının test nəticələri neqativ çıxsa da, ehtiyat tədbiri olaraq xəstəxanada nəzarət altında saxlanılmasına qərar verilib. Eyni karantin mərkəzində qalan üçüncü bir şəxs də profilaktik məqsədlə xəstəxanaya köçürülüb, dördüncü şəxsin isə evindəki gündəlik təqib və təcrid prosesi davam edir.

10 mayda Kanadaya çatdıqda heç bir simptomu olmayan bu şəxslərin virusun inkubasiya dövrü səbəbindən ən azı 21 gün ərzində nəzarət altında saxlanılacağı bildirilib.

Digər tərəfdən, epidemiyanın mənbəyinə yönəlmiş araşdırmalarını davam etdirən Fransadakı Paster İnstitutu gəmidəki fransız sərnişindən götürülən virusun genetik xəritəsini çıxarıb. Aparılan analizlərdə gəmidə yayılan virusun Cənubi Amerikadakı gəmiricilərdə görünən "Andes virusu" ilə 97 faiz nisbətində üst-üstə düşdüyü müəyyən edilib.

Ekspertlər virusun strukturunda onu daha yoluxucu və ya daha təhlükəli edəcək yeni bir mutasiyaya rast gəlinmədiyini, mövcud dəyişikliyin tamamilə təbii variasiyalardan qaynaqlandığını açıqlayıblar. "MV Hondius" gəmisində 11 apreldən bəri hantavirus şübhəsi ilə almaniyalı bir qadın və niderlandlı bir cütlük həyatını itirib.

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
51
1
cebheinfo.az

2Mənbələr