İran daxilində ali rəhbərliklə hərbi elit qüvvələr arasında yaranan fikir ayrılıqları və kəskin qarşıdurma artıq açıq müstəviyə keçib.
Musavat.com xəbər verir ki, İran Prezidenti Məsud Pezeşkian dövlət xidmətlərinin ictimaiyyətlə əlaqələr əməkdaşları ilə keçirdiyi kritik toplantıda İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) və ABŞ-la danışıqlara qarşı çıxan radikal qüvvələrin siyasətini alt-üst edəcək sensasion bəyanatlar səsləndirib.
Pezeşkian Tehranın Qərblə danışıqları "ləyaqətlə" aparmasının vacibliyini qeyd edərək, sülhə mane olan qrupların şüarlarını qətiyyətlə rədd edib. "Əgər siz danışıqlar aparmaq istəmirsinizsə, onda məqsədiniz əbədi olaraq müharibə etməkdir?" — deyə İran lideri daxili müxalifətə sərt sual ünvanlayıb. Ölkədəki dərin iqtisadi və enerji böhranına da toxunan prezident, İranda həddindən artıq yüksək enerji istehlakının həm yayda, həm də qışda faciəvi problemlər yaradacağı barədə xəbərdarlıq edib.
O, ölkənin gündəlik benzin istehsalının 100 milyon litr olduğunu, real tələbatın isə 150 milyon litrə çatdığını etiraf edib: "Bəzi insanlar ayağa qalxıb inflyasiyanın haradan qaynaqlandığını soruşurlar. Lakin hər şey məhz danışıqlara qarşı çıxan bu səslərdən başlayır. Biz mübarizə aparırıq və bu çətinlikləri qəbul etməliyik", — deyə Pezeşkian vurğulayıb. Çıxışının ən sarsıdıcı və dramatik məqamı isə prezidentin öz vəzifəsi ilə bağlı verdiyi etiraf olub. Pezeşkian hakimiyyətə gələrkən onu nələrin gözlədiyindən tamamilə xəbərsiz olduğunu gizlətməyib: "Mən heç nə bilmirdim, məni sadəcə qəfil bura gətirdilər", — deyə o bildirib.
Musavat.com