AZ

“Yüzlərlə şəxs imtahandan kənarda qalıb” - Məzahir Məmmədli

"Dövlət İmtahan Mərkəzinin magistraturanın ikinci cəhdi ilə bağlı keçirdiyi imtahan kifayət qədər gərgin şəraitdə baş tutub. Bu vəziyyətə təsir edən əsas amillərdən biri Bakı şəhərində ən azı bir ildən artıq əvvəl planlaşdırılmış beynəlxalq səviyyəli tədbirin keçirilməsi olub. Digər tərəfdən isə iki gün davam edən leysan yağışlar şəhərdə ciddi nəqliyyat problemləri yaradıb. Yollarda böyük tıxaclar yaranıb, bəzi məktəblərə gedən yollar, keçidlər və körpülərdə su yığılıb qalıb. Nəticədə imtahan iştirakçılarının imtahan zalına vaxtında çatması üçün ciddi əngəllər meydana çıxıb".

Bu fikirləri təhsil eksperti Məzahir Məmmədli QHT.az-a açıqlamasında bildirib.

M.Məmmədlinin sözlərinə görə, Dövlət İmtahan Mərkəzi müəyyən qədər güzəşt tətbiq etsə də, çox sayda şəxs imtahandan kənarda qalıb: "Dövlət İmtahan Mərkəzi müəyyən qədər güzəşt edərək 10–15 dəqiqə gecikən şəxslərin imtahana buraxılmasını nəzərə alıb. Lakin buna baxmayaraq, yüzlərlə iddia var ki, magistratura imtahanı verən şəxslər müxtəlif səbəblərdən imtahandan kənarda qalıblar. Həmin şəxslər həm ödədikləri təxminən 50 manat məbləğində imtahan haqqının, həm də hüquqlarının nəzərə alınmasını tələb edirlər. Onların əsas tələbi ən azından magistratura imtahanında iştirak etmək üçün yenidən şərait yaradılmasıdır".

O vurğulayıb ki, beynəlxalq tədbirlə bağlı əvvəlcədən koordinasiya aparılmalı idi: "Məsələnin diqqət çəkən tərəflərindən biri də budur ki, Dövlət İmtahan Mərkəzi beynəlxalq tədbirlə bağlı təşkilat komitəsi və aidiyyəti qurumlarla əvvəlcədən koordinasiya aparmalı idi. Çünki beynəlxalq səviyyəli tədbirlərlə bağlı məlumatlar öncədən elan olunur və bir çox idarə, müəssisə və təşkilatlar öz iş rejimlərini buna uyğun tənzimləyirlər. Hazırda ümumtəhsil məktəbləri, ali təhsil müəssisələri, məktəbəqədər təhsil müəssisələri və kolleclərin əksəriyyəti həmin tədbirlə əlaqədar bu həftə ərzində fəaliyyətlərini onlayn formata keçiriblər".

Məzahir Məmmədli qeyd edib ki, bütün risk faktorlarına baxmayaraq imtahanın keçirilməsi narazılıqlara səbəb olub: "Buna baxmayaraq, Dövlət İmtahan Mərkəzi bütün bu amilləri nəzərə almadan magistraturanın ikinci cəhd imtahanını keçirdi və nəticədə sosial şəbəkələrdə, həmçinin mediada ciddi narazılıqlar müşahidə olunur".

Ekspert hesab edir ki, yaranmış vəziyyət fövqəladə xarakter daşıdığı üçün xüsusi yanaşma tətbiq edilməlidir: Mən düşünürəm ki, Dövlət İmtahan Mərkəzi tarixində indiyədək belə bir addım atmasa da, bu hadisə fərqli və fövqəladə xarakter daşıyır. Bu səbəbdən ikinci cəhd imtahanına gecikən və ya ümumiyyətlə çata bilməyən şəxslər üçün xüsusi bir variant nəzərdən keçirilməlidir.

M.Məmmədlinin fikrincə, imtahana çata bilməyən şəxslərin yenidən imtahan verməsi üçün şərait yaradılması məsələsi nəzərdən keçirilməlidir: "Burada həm nəqliyyat vasitələrinin gecikməsi, həm leysan yağışların yaratdığı problemlər, həm də beynəlxalq tədbirlə bağlı şəhərdə yaranan sıxlıq kimi obyektiv səbəblər mövcuddur. Üstəlik, imtahana çata bilməyən şəxslər sosial şəbəkələrdə videogörüntülər və digər faktlarla bu vəziyyəti ictimailəşdirərək sübut etməyə çalışırlar ki, məhz bu səbəblərdən imtahanda iştirak edə bilməyiblər. Buna görə də onlar üçün yenidən imtahan şəraitinin yaradılması məsələsi ciddi şəkildə nəzərdən keçirilməlidir".

Fatimə Nəbiyeva

Seçilən
19
qht.az

1Mənbələr