AZ

Azər Badamov: “Azərbaycanı artıq sadəcə tranzit ölkə kimi görmək düzgün deyil”

Türk Dövlətləri Təşkilatının Qazaxıstanda keçirilən qeyri-rəsmi Zirvə görüşündə Prezident İlham Əliyevin səsləndirdiyi mesajlar Türk dünyasında yeni strateji mərhələnin formalaşdığını bir daha nümayiş etdirdi. Xüsusilə rəqəmsal inteqrasiya, Orta Dəhlizin genişləndirilməsi və süni intellekt sahəsində əməkdaşlığın gücləndirilməsi ilə bağlı verilən açıqlamalar Azərbaycanın regionun əsas geoiqtisadi və texnoloji mərkəzlərindən birinə çevrildiyini göstərir. Dövlət başçısının Trans-Xəzər Fiber-Optik Kabel layihəsi və Zəngəzur dəhlizi ilə bağlı vurğuladığı məqamlar ölkəmizin həm nəqliyyat-logistika, həm də rəqəmsal təhlükəsizlik baxımından strateji rolunun daha da artdığını təsdiqləyir.

Milli Məclisin deputatı Azər Badamov Editor.az-a açıqlamasında bildirib ki, Türk Dövlətləri Təşkilatı çərçivəsində rəqəmsal inteqrasiya və Orta Dəhliz layihələrinin sürətlənməsi Azərbaycanın regionda güc mərkəzi kimi mövqeyini daha da möhkəmləndirəcək:

“Son illər TDT çərçivəsində süni intellekt, rəqəmsallaşma, rəqəmsal sənədlərin qarşılıqlı tanınması və nəqliyyat-kommunikasiya şəbəkələrinin vahid platformada birləşdirilməsi istiqamətində mühüm addımlar atılır. Bu proses Azərbaycanın geosiyasi və geoiqtisadi əhəmiyyətini daha da artırır.

Azərbaycanın əsas üstünlüyü onun Şərq-Qərb marşrutu üzərində strateji coğrafi mövqeyə malik olmasıdır. Bu gün Orta Dəhlizə yalnız nəqliyyat layihəsi kimi yanaşmaq düzgün deyil. Layihə artıq Avrasiyada alternativ iqtisadi və rəqəmsal təhlükəsizlik platformasına çevrilməkdədir. Çin-Mərkəzi Asiya-Xəzər-Azərbaycan-Türkiyə-Avropa xətti üzrə yükdaşımaların artması ölkəmizi mühüm logistika mərkəzinə çevirir. Bu isə Azərbaycanın tranzit gəlirlərini artırmaqla yanaşı, iqtisadi inkişafına ciddi töhfə verir və siyasi manevr imkanlarını genişləndirir.

Azərbaycan çoxvektorlu xarici siyasət həyata keçirir və bu siyasət ölkəmizin beynəlxalq nəqliyyat layihələrində mövqelərinin güclənməsində mühüm rol oynayır.

Eyni zamanda, TDT daxilində rəqəmsal inteqrasiyanın sürətlənməsi region üzrə yeni iqtisadi arxitekturanın formalaşmasına səbəb olacaq”.

Deputatın sözlərinə görə, rəqəmsal şəxsiyyət vəsiqələrinin və elektron sənədlərin qarşılıqlı tanınması gömrük, logistika, ticarət və sərhəd keçidlərini daha çevik və operativ edəcək:

“Orta Dəhlizin rəqabət qabiliyyətinin artması Rusiyadan keçən ənənəvi marşrutlara alternativlərin inkişafını sürətləndirəcək. Hazırda enerji və qeyri-neft sektorunda yeni transformasiya mərhələsi yaşanır. Bu mərhələdə süni intellekt, kibertəhlükəsizlik və rəqəmsal idarəetmə sahələrində dövlətlərarası əməkdaşlığın genişlənməsi Bakının regional texnoloji mərkəz kimi mövqeyini daha da gücləndirir.

Texnoloji inkişaf və rəqəmsallaşma artıq dövlətlərin strateji güc göstəricilərindən birinə çevrilib. Buna görə də Azərbaycanı yalnız tranzit ölkə kimi qiymətləndirmək doğru olmaz. Ölkəmiz eyni zamanda regional koordinasiya platforması funksiyasını yerinə yetirir. Geosiyasi baxımdan da bu proses xüsusi əhəmiyyət daşıyır. Çünki TDT daxilində inteqrasiyanın dərinləşməsi Azərbaycanın Türk dünyasının əsas siyasi mərkəzlərindən birinə çevrilməsini sürətləndirir.

Şübhəsiz ki, Qarabağda qazanılan tarixi Zəfərin bu prosesdə mühüm rolu var. Məhz həmin Zəfər Azərbaycanın regional təşəbbüslərlə çıxış edən dövlət kimi mövqeyini daha da gücləndirdi. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, bu gün TDT qlobal proseslərdə mühüm aktora çevrilir. Təşkilata yalnız mədəni platforma kimi deyil, siyasi-iqtisadi güc mərkəzi kimi yanaşmaq lazımdır.

Qlobal tədarük zəncirlərində alternativ marşrutlara ehtiyacın artdığı bir dövrdə Azərbaycan həm enerji, həm də logistika təhlükəsizliyi baxımından etibarlı tərəfdaş kimi çıxış edir. Bu amil ölkəmizin həm beynəlxalq təşkilatlarla, həm də böyük güclərlə münasibətlərinə müsbət təsir göstərir. TDT çərçivəsində rəqəmsal inteqrasiya və Orta Dəhliz layihələrinin sürətlənməsi Azərbaycanın regional tranzit və logistika mərkəzi kimi rolunu daha da gücləndirəcək, Türk dünyasında siyasi liderlik mövqeyini möhkəmləndirəcək, qeyri-neft iqtisadiyyatının inkişafına əlavə təkan verəcək və Azərbaycanın Avrasiya geosiyasətində strateji əhəmiyyətini daha da artıracaq”.

//Gülnarə Abasova, Editor.az

Seçilən
17
editor.az

1Mənbələr