AZ

Ən faydalı qida hesab olunan yumurta az yeyilir Bahadır, yoxsa, tapılmır?

ain.az, Cebheinfo saytına istinadən bildirir.

"Azərbaycanda adambaşına yumurta istehlakı ən aşağı səviyyədə olduğu halda, 2025-ci ildə ölkədən 103,1 milyon ədəd yumurta çıxarılıb ki, bunun da 90,4 milyon ədədi ərzaqlıq yumurtadır. 

Apardığımız hesablamalar göstərdi ki, 2025-ci ildə istehsal olunan yumurtanın 4,4 faizi ixrac edilib. Ölkədən bu qədər yumurtanın çıxarılması daxili bazarda təklifin azalmasına səbəb olub. Elə buna görə də 2025-ci ilin avqust ayından başlayaraq davamlı olaraq 6 ay ərzində yumurtanın qiymətləri kəskin şəkildə artıb. 

Belə ki, yumurta avqust ayında əvvəlki aya nisbətən 7,1%, sentyabrda 11,1%, oktyabrda 4,7%, noyabrda 4,6%, dekabrda 8,1%, 2026-cı ilin yanvar ayında isə 0,6% bahalaşıb".

"Cebheinfo.az" xəbər verir ki, bu fikirləri kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli bildirib. 

O qeyd edib ki, MDB ölkələri üzrə təqdim edilmiş statistikaya (2023-cü il) görə, Azərbaycanda adambaşına yumurta istehlakı 189 ədəd, Ermənistanda 248 ədəd, Belarusda 272, Qazaxıstanda 267, Moldovada 239, Rusiyada 290, Özbəkistanda isə 238 ədəd təşkil edib: 

"Hesab edirəm ki, hökumət ilk növbədə daxili bazarı qorumalıdır. Bu məqsədlə yumurta bazarında azad rəqabət mühiti yaradılmalı və kartel razılaşmasının qarşısını almaq üçün lazımi tədbirlər görməlidir". Ekspertin sözlərinə görə, yumurta ən faydalı qida hesab olunur: 

"Avstraliya Deakin Universitetinin Fiziki Fəaliyyət və Qidalanma İnstitutu (IPAN) müntəzəm olaraq toyuq yumurtası istehlakının sağlamlıq üçün faydalı olduğunu göstərən çoxsaylı tədqiqatlar aparır. İnstitut qeyd edir ki, yumurta D vitamininin təbii mənbəyi olan azsaylı qidalardan biridir. 

Universitet tədqiqatçılarının gəldikləri qənaətə görə, yumurta təsirli pəhriz qidası olduğu üçün həftədə yeddi yumurta yemək, günəş işığı saatlarının azaldığı qış aylarında D vitamini səviyyəsini optimallaşdırmaq üçün yetərlidir. İstitutun tədqiqatları göstərib ki, müntəzəm yumurta istehlakı qadınların menopoz dövründə yuxu və metabolik sağlamlığını artırır. 

Yumurtalarda triptofan, melatonin, xolin və yüksək keyfiyyətli protein kimi qida maddələri var ki, bu da yuxu pozğunluqlarının idarə olunmasına və bu keçid dövründə bədən tərkibinin qorunmasına kömək edər. Yumurta zülal və vacib vitaminlərlə, minerallarla zəngin olduğu üçün yaşlı insanlarda ümumi qidalanmanın daha yaxşı olmasına kömək edir". 

Nigar 

"Cebheinfo.az"

Açar sözlər:

yumurta Vahid Məhərrəmli

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
2
1
cebheinfo.az

2Mənbələr