AZ

WUF13 Azərbaycanın iqtisadi potensialını dünyaya təqdim edəcək

Bakı, 18 may, AZƏRTAC

BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) Azərbaycanda keçirilməsi ölkəmiz üçün yalnız beynəlxalq tədbir statusu daşımır, eyni zamanda, siyasi, iqtisadi, diplomatik və strateji baxımdan əhəmiyyət kəsb edən qlobal platformadır. Dünyanın müxtəlif ölkələrindən dövlət nümayəndələrinin, beynəlxalq təşkilatların, şəhərsalma üzrə ekspertlərin, investorların və akademik dairələrin iştirakı ilə keçiriləcək bu forum Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolunun və etibarlı tərəfdaş imicinin növbəti dəfə təsdiqi kimi qiymətləndirilməlidir. WUF13-ün Azərbaycanda təşkili ilk növbədə ölkəmizin beynəlxalq nüfuzunun göstəricisidir. Belə mötəbər tədbirlərə ev sahibliyi etmək üçün yalnız infrastruktur imkanları kifayət etmir. Bunun üçün siyasi sabitlik, təhlükəsizlik, beynəlxalq etimad və dövlət idarəçiliyində yüksək təşkilati potensial tələb olunur.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Milli Məclisin deputatı Tahir Mirkişili deyib. O bildirib ki, Azərbaycanın son illərdə COP29, Türk Dövlətləri Təşkilatının Zirvə görüşləri, Qoşulmama Hərəkatı çərçivəsində təşəbbüsləri və digər qlobal tədbirlərə uğurla ev sahibliyi etməsi ölkəmizin beynəlxalq diplomatiyada artan çəkisini açıq şəkildə nümayiş etdirir: “Bu baxımdan WUF13-ün Azərbaycanda keçirilməsi Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasətin və ölkənin qlobal proseslərdə fəal iştirakının məntiqi nəticəsidir. Eyni zamanda, Azərbaycanın beynəlxalq humanitar və mədəni diplomatiya sahəsində qazandığı uğurlar ölkəmizə olan etimadın möhkəmlənməsində mühüm rol oynayır. Bu istiqamətdə Birinci vitse-prezident Mehriban Əliyevanın fəaliyyəti xüsusi əhəmiyyət daşıyır. Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən dünyanın müxtəlif ölkələrində həyata keçirilən humanitar layihələr, təhsil, səhiyyə, mədəni irsin qorunması və sosial dəstək proqramları Azərbaycanın humanist dövlət imicini gücləndirib. Pakistan, Türkiyə, İtaliya, Fransa, Vatikan və digər ölkələrdə məktəblərin, xəstəxanaların, tarixi-mədəni abidələrin bərpasına göstərilən dəstək Azərbaycanın beynəlxalq humanitar həmrəyliyə verdiyi töhfənin bariz nümunəsidir. Həyata keçirilən bu layihələr yalnız humanitar xarakter daşımır, eyni zamanda, xalqlar arasında dostluq və qarşılıqlı etimad mühitinin möhkəmlənməsinə xidmət edir. UNESCO və ISESCO-nun xoşməramlı səfiri kimi fəaliyyəti dövründə onun mədəniyyətlərarası dialoq, tolerantlıq və multikultural dəyərlərin təşviqi istiqamətində gördüyü işlər beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilib. Bu fəaliyyət nəticəsində Azərbaycan dünyada həm də humanitar təşəbbüslər ölkəsi kimi tanınır. Azərbaycanın qlobal humanitar layihələrdə fəal iştirakı, müxtəlif beynəlxalq platformalarda konstruktiv mövqeyi və sülh, əməkdaşlıq çağırışları dövlətimizin nüfuzunu yüksəldir. Forumun əsas müzakirə mövzularından biri olan dayanıqlı şəhər inkişafı, “ağıllı şəhər” konsepsiyası və yaşıl enerji yanaşmaları Azərbaycan üçün xüsusi aktuallıq daşıyır. Çünki işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma prosesi artıq ənənəvi tikinti modeli deyil, müasir şəhərsalma fəlsəfəsinə əsaslanan yeni inkişaf konsepsiyası kimi formalaşır. Qarabağ və Şərqi Zəngəzurda “ağıllı şəhər” və “ağıllı kənd” layihələrinin tətbiqi, bərpaolunan enerji mənbələrinin istifadəsi, rəqəmsal idarəetmə sistemlərinin qurulması, ekoloji tarazlığın qorunması və yaşıl enerji zonalarının yaradılması beynəlxalq şəhərsalma təcrübəsinə yeni nümunə təqdim edir. Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi quruculuq modeli postmünaqişə dövrü üçün innovativ inkişaf nümunəsi hesab oluna bilər. Dünyada müharibədən zərər görmüş ərazilərin bərpası ilə bağlı müxtəlif təcrübələr mövcuddur. Lakin Azərbaycanın fərqi ondan ibarətdir ki, burada yalnız infrastrukturun bərpası deyil, paralel şəkildə müasir texnologiyalar, ekoloji yanaşmalar və dayanıqlı inkişaf prinsipləri tətbiq olunur. Zəngilan, Ağalı, Füzuli, Şuşa və digər bölgələrdə həyata keçirilən layihələr artıq beynəlxalq təşkilatlar tərəfindən maraqla izlənilir. Xüsusilə “yaşıl enerji zonası” konsepsiyası gələcəyin şəhərsalma modelinə uyğun yanaşma kimi diqqət çəkir”.

Deputatın fikrincə, WUF13 forumu Azərbaycanın bu təcrübəsini beynəlxalq auditoriyaya təqdim etmək baxımından mühüm imkan yaradacaq: “Forum çərçivəsində iştirakçılar yalnız nəzəri müzakirələrlə kifayətlənməyəcək, eyni zamanda, Azərbaycanın həyata keçirdiyi real layihələrlə tanış olmaq imkanı əldə edəcəklər. Bu isə ölkəmizin yumşaq güc imkanlarını artırmaqla yanaşı, beynəlxalq imicinə müsbət təsir göstərəcək. Azərbaycan artıq təkcə enerji ixrac edən dövlət deyil, həm də innovativ idarəetmə, dayanıqlı inkişaf və müasir şəhərsalma modeli təqdim edən ölkə kimi qəbul olunmağa başlayır. Belə qlobal tədbirlər ölkəyə yalnız siyasi dividend qazandırmır, eyni zamanda, yeni iqtisadi imkanların açılmasına şərait yaradır. WUF13 çərçivəsində müxtəlif ölkələrin şirkətləri, investorları və maliyyə institutları Azərbaycanın şəhərsalma, infrastruktur, yaşıl enerji, rəqəmsal texnologiyalar və tikinti sektorundakı potensialı ilə yaxından tanış olacaqlar. Bu isə xüsusilə işğaldan azad edilmiş ərazilərə xarici investisiyaların cəlb olunmasına əlavə stimul verə bilər. Azərbaycan hazırda regionun ən iri yenidənqurma və infrastruktur layihələrindən birini həyata keçirir. Qarabağ və Şərqi Zəngəzurda yolların, hava limanlarının, enerji xətlərinin, yaşayış məntəqələrinin və sosial obyektlərin tikintisi böyük iqtisadi dövriyyə yaradır. WUF13 bu layihələrin beynəlxalq investorlar üçün təqdimat platformasına çevrilə bilər. Xüsusilə yaşıl enerji, ağıllı texnologiyalar, ekoloji tikinti materialları və rəqəmsal idarəetmə sahəsində fəaliyyət göstərən şirkətlər üçün Azərbaycan yeni əməkdaşlıq imkanları təqdim edir. Forumun turizm və xidmət sektoruna da müsbət təsiri gözlənilir. Minlərlə xarici qonağın ölkəyə səfəri hotellər, nəqliyyat, xidmət və digər sahələrdə iqtisadi aktivliyi artıracaq. Eyni zamanda, bu tədbir Azərbaycanın müasir infrastruktura malik, təhlükəsiz və beynəlxalq tədbirlərin keçirilməsi üçün əlverişli məkan olduğunu bir daha nümayiş etdirəcək. Bu isə gələcəkdə digər beynəlxalq tədbirlərin ölkəmizdə təşkili baxımından əlavə üstünlüklər yaradır. WUF13 həm də Azərbaycanın regional liderlik mövqeyini gücləndirən amillərdən biri kimi çıxış edir. Cənubi Qafqazda ən böyük iqtisadiyyata malik olan Azərbaycan artıq nəqliyyat, enerji və logistika layihələri ilə yanaşı, dayanıqlı şəhərsalma və yaşıl inkişaf gündəliyində təşəbbüskar ölkə kimi ön plana çıxır. Bu, ölkəmizin beynəlxalq münasibətlər sistemində mövqeyini daha da gücləndirir və yeni əməkdaşlıq platformalarının formalaşmasına töhfə verir. Hesab edirəm ki, BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının Azərbaycanda keçirilməsi ölkəmizin qlobal nüfuzunun artmasının, beynəlxalq etimadın möhkəmlənməsinin və həyata keçirilən strateji inkişaf siyasətinin mühüm göstəricisidir. Forum Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə tətbiq etdiyi müasir quruculuq modelini dünyaya təqdim etməklə yanaşı, yeni iqtisadi imkanların açılmasına, investisiya mühitinin genişlənməsinə və dövlətimizin beynəlxalq imicinin daha da güclənməsinə xidmət edəcək”.

Seçilən
36
1
azertag.az

2Mənbələr