AZ

“Aprel şəhidlərinin ailə üzvləri ilə iş” layihəsi çərçivəsində ilk tədbir keçirilib

Mayın 15-də Şəhid Analarına Dəstək İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2026-cı il üzrə elan etdiyi qrant müsabiqəsində qalib olmuş “Aprel şəhidlərinin ailə üzvləri ilə iş” layihəsi çərçivəsində Azərbaycan Texniki Universitetində ilk tədbir keçirilib.

QHT.az bildirir ki, “Şəhid Analarına Dəstək” İB-nin təşkilatçılığı və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə keçirilən tədbirdə Aprel şəhidlərinin ailə üzvləri ilə yanaşı, Azərbaycanın ərazi bütövlüyü uğrunda müxtəlif dövrlərdə canlarından keçmiş bütün şəhidlərin ailə üzvləri də iştirak ediblər.

Tədbirdə Birliyin sədri, şəhid Əbdülməcid Axundovun anası Ceyran Həsənova çıxış edərək qonaqları salamlayıb və layihənin əsas məqsədinin Aprel şəhidlərinin ailə üzvləri ilə görüşlər təşkil etmək, aprel döyüşlərinin 10 illiyi münasibətilə həmin şəhidlərin tanıdılması və xatirələrinin yad olunması, eyni zamanda şəhid ailələrinin daim diqqətdə saxlanılması və onlara qayğı göstərilməsinə töhfə vermək olduğunu vurğulayıb.

Ceyran Həsənova qeyd edib ki, dövlət strategiyasına uyğun olaraq şəhidlərimizin xatirəsinin yaşadılması istiqamətində İctimai Birlik bundan sonra da fəaliyyət göstərəcək. O bildirib ki, Aprel şəhidlərinin qəhrəmanlıq yolu yeniyetmələr üçün örnək olmaqla yanaşı, onların ailələrinin və yaxınlarının cəmiyyətə inteqrasiyası baxımından da təsəlli və stimul rolunu oynayır.

Tədbirdə Azərbaycanın Milli Qəhrəmanı Samid İmanovun anası Xuraman İmanova, Elşad Əliyevin anası Flora Əliyeva, Sərxan Əliyevin anası Esmira Əliyeva, Elnur Hacıyevin həyat yoldaşı Elnarə Hacıyeva və Səbuhi Həsənquliyevin anası Maisə Həsənquliyeva çıxış edərək belə görüşlərin, xüsusilə şəhid ailələrinin bir araya gəlməsinin onlar üçün böyük əhəmiyyət daşıdığını bildiriblər. Onlar dövlət qayğısını hər zaman hiss etdiklərini vurğulayaraq, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə, “Şəhid Analarına Dəstək” İctimai Birliyinə və tədbirin keçirilməsi üçün şərait yaradan Azərbaycan Texniki Universitetinin rəhbərliyinə təşəkkürlərini ifadə ediblər.

Tədbir çay süfrəsi arxasında davam etdirilib, şəhid ailələrinə hədiyyələr təqdim olunub.

Sonda şəhid ailələri universitetdə məzun şəhidlərin xatirəsinə yaradılmış muzeyi ziyarət ediblər. Universitetin məzun şəhidlərinin xatirəsi dərin ehtiramla yad olunub, ruhlarına dualar oxunub.

Seçilən
4
6
qht.az

7Mənbələr