AZ

İranda Hörmüz boğazından keçən internet kabellərinə görə ödəniş almaq müzakirə edilir

Tehran texnologiya şirkətlərindən sualtı rabitə xətlərinin təhlükəsizliyi üçün rüsum almağı nəzərdən keçirir, ekspertlər qlobal “rəqəmsal fəlakət” riskindən xəbərdarlıq edirlər...

İran hakimiyyəti Hörmüz boğazından keçən beynəlxalq sualtı internet kabellərinə görə iri texnologiya şirkətlərindən ödəniş alınması imkanını müzakirə edir.

Poliqon xəbər verir ki, bu barədə CNN telekanı məlumat yayıb.

Məlumata görə, Tehranda hazırda Avropa, Asiya və Fars körfəzi ölkələri arasında internet və maliyyə trafikinin böyük hissəsini daşıyan sualtı rabitə xətlərinin təhlükəsizliyi üçün tətbiq oluna biləcək rüsumların məbləği müzakirə edilir.

Bundan əvvəl İran İslam İnqilabı Keşikçiləri Korpusu – Islamic Revolutionary Guard Corpsa bağlı media resursları “internet trafikinə vergi tətbiqi” ideyasını gündəmə gətirmişdi. İran ordusunun nümayəndəsi Ebrahim Zolfaqari isə ölkənin internet kabellərinə görə ödənişlər tətbiq edəcəyini açıqlamışdı.

CNN qeyd edir ki, ABŞ sanksiyaları fonunda İranın beynəlxalq texnologiya şirkətlərini bu ödənişləri etməyə necə məcbur edə biləcəyi hələlik aydın deyil. Bununla belə, İran dövlət mediasında kabellərin zədələnməsi ehtimalına dair eyhamların artdığı bildirilir.

Ekspertlərin fikrincə, belə bir ssenari yalnız internet sürətinə deyil, qlobal rəqəmsal infrastruktura da ciddi təsir göstərə bilər. Risk altında bank sistemləri, hərbi rabitə kanalları, bulud xidmətləri, süni intellekt platformaları, distant iş sistemləri, striminq servisleri və onlayn oyun platformaları ola bilər.

Mütəxəssislər bir neçə qitədə eyni vaxtda internet və kritik infrastruktur sistemlərində genişmiqyaslı nasazlıqlar yarada biləcək “zəncirvari rəqəmsal fəlakət” ehtimalından xəbərdarlıq edirlər.

Hazırda beynəlxalq operatorlar kabelləri əsasən İran sularından yan keçərək Oman istiqaməti ilə çəkməyə çalışsalar da, ən azı iki mühüm xətt – Falcon və Gulf Bridge International – İranın ərazi sularından keçir.

Məlumatda həmçinin vurğulanır ki, Islamic Revolutionary Guard Corps sualtı diversiya əməliyyatları həyata keçirmək üçün texniki imkanlara malikdir. Bunlara döyüş üzgüçüləri, mini sualtı qayıqlar və sualtı dron sistemləri daxildir.

Analitiklər hesab edirlər ki, Hörmüz boğazında gərginliyin artması enerji təhlükəsizliyi ilə yanaşı, qlobal rəqəmsal kommunikasiya sistemləri üçün də yeni risklər yarada bilər.

Poliqon.info

Seçilən
84
poliqon.info

1Mənbələr