ain.az, Azpolitika.az portalına istinadən məlumat yayır.
Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) “Alfa” xüsusi əməliyyatlar mərkəzinin döyüşçüləri Ukrayna Müdafiə Qüvvələri ilə birlikdə Rusiyanın Moskva vilayətində hərbi-sənaye kompleksinə, neft infrastrukturu obyektlərinə, həmçinin Krımdakı “Belbek” hərbi aerodromunun infrastrukturuna və hava hücumundan müdafiə sistemlərinə zərbələr endirib.
"AzPolitika" xəbər verir ki, bu barədə SBU rəhbəri Yevgeni Xmara məlumat verib.
Onun sözlərinə görə, Moskva vilayətində ABŞ sanksiyaları altında olan və Rusiyanın hərbi-sənaye kompleksi üçün yarımkeçiricilər istehsal edən “Angstrem” zavodu, Moskva Neft Emalı Zavodu, “Solneçnoqorskaya” və “Volodarskaya” neftötürmə stansiyaları vurulub.
Krımda isə “Belbek” hərbi aerodromunun infrastrukturu və HHM vasitələri hədəfə alınıb. Bildirilir ki, zərbələr nəticəsində “Pantsir-S2” zenit-raket kompleksi, S-400 sistemi üçün radar yerləşən anqar, “Orion” və “Forpost” pilotsuz uçuş aparatlarının idarəetmə sistemləri, “yer-hava” məlumat ötürmə məntəqəsi, həmçinin dispetçer qülləsi və aerodromdakı anqar sıradan çıxarılıb.
SBU rəhbəri qeyd edib ki, bu cür xüsusi əməliyyatlar Rusiyanın hərbi potensialının zəiflədilməsi baxımından kritik əhəmiyyət daşıyır: “Hərbi-sənaye müəssisələrinin, hərbi infrastrukturun və neft logistikası obyektlərinin vurulması düşmənin Ukraynaya qarşı müharibəni davam etdirmək imkanlarını azaldır. Bu zərbələr göstərir ki, hətta ən çox qorunan Moskva vilayəti belə təhlükəsiz deyil”.
Ukrayna Prezidenti Volodimir Zelenski də Moskva bölgəsinə endirilən zərbələrə görə Ukrayna Silahlı Qüvvələrinə və SBU-ya təşəkkür edib.
Zelenski bildirib ki, Rusiyanın müharibəni uzatmasına və Ukrayna şəhərlərinə endirdiyi zərbələrə cavab tam ədalətlidir: “Bu dəfə uzaqmənzilli Ukrayna sanksiyaları Moskva regionuna çatdı və biz ruslara açıq mesaj veririk ki, onların dövləti bu müharibəni dayandırmalıdır”.
Ukrayna lideri vurğulayıb ki, Moskva bölgəsində Rusiyanın hava hücumundan müdafiə sistemlərinin sıxlığı ölkə üzrə ən yüksək səviyyədədir. Buna baxmayaraq, Ukrayna ordusu həmin müdafiə xəttini yarmağa nail olub.
Zelenski əlavə edib ki, zərbələrin endirildiyi obyektlər Ukrayna dövlət sərhədindən 500 kilometrdən çox məsafədə yerləşir.
Rasim Əliyev
"AzPolitika.info"
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.